Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6067

Xalq rəssamı Tokay Məmmədovun 90 illiyinə həsr olunan gecə keçirildi

İyulun 17-də Nizami Kino Mərkəzində Xalq rəssamı, heykəltəraş, Dövlət mükafatı laureatı Tokay Məmmədovun anadan olmasının 90 illiyinə həsr edilmiş tədbir keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən gecədə dövlət və hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Mərkəzin foyesində yubilyarın həyat və yaradıcılığını, ömür salnaməsini əks edirən kitab-kataloq nümayiş olunurdu. Nəşrdə həmçinin sənətkarın ictimai fəaliyyəti, Azərbaycan rəssamlıq və heykəltəraşlıq məktəbinə verdiyi töhfələr geniş əksini tapıb.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən olan Tokay Məmmədovun rəssamlıq və heykəltəraşlıq sənətimizin inkişafında böyük xidmətlərini yüksək qiymətləndirdi: “Onun əsərlərini Bakı şəhərində, demək olar ki, hər gün görürük. Bəlkə də biz çox zaman bu heykəllərin qarşısından keçdikdə onun müəllifi haqqında düşünmürük, amma bu əsərlər bizi heyran edir. Hər birimiz Bakı Musiqi Akademiyasının qarşısından keçərkən Üzeyir bəyin heykəlini seyr edib düşüncələrə dalırıq, amma müəllifinin Tokay Məmmədov olduğu, bu böyük yaradıcı insan ağlımıza gəlmir. Onun heykəlləri Bakımızın simasıdır. Bir neçə il bundan əvvəl paytaxtımızda ucaldılan “Koroğlu” abidəsinin də müəllifi Tokay müəllimdir. Heykəltəraşın yaratdığı heykəllər müxtəlif peşə sahibləridir. Hər bir obrazın arxasında yaratdığı şəxsiyyəti görmək müəllifin xüsusi qabiliyyətinin nəticəsidir. “Koroğlu” heykəlinin layihəsini dövlət başçısına təqdim edən zaman Birinci vitse-prezident Mehriban xanım Əliyeva vurğuladı ki, bu emalatxanada Tokay müəllimin yaratdığı obrazların hər biri böyük düşüncə və fəlsəfə aşılayır. Həqiqətən də, şəhərimizi bəzəyən Füzulinin, Nəsiminin, Üzeyir Hacıbəylinin, Səməd Vurğun və digər görkəmli şəxsiyyətlərin heykəllərində bu fəlsəfənin bir daha şahidi oluruq”.

Görkəmli sənətkara yaradıcılıq uğurları arzulayan nazir onu 90 illik ubileyi münasibətilə təbrik etdi, xoş arzularını dilə gətirdi. Əbülfəs Qarayev Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyevanın təbriklərini yubilyara çatdıraraq ona Prezidentin xüsusi diplomunu təqdim etdi.

Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti  Fərhad Bədəlbəyli, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev sənətkar haqqında fikirlərini bölüşərək onun zəngin yaradıcılıq yolundan söz açdılar. Qeyd edildi ki, heykəltəraşın yaradıcılığı monumental əsərlərlə zəngindir. Onun monumantal janrda ərsəyə gətirdiyi sənət nümunələri sırasında Azərbaycanın şairləri, dövlət xadimləri, milli qəhrəmanların obrazları üstünlük təşkil edir. O, həm də gənc heykəltəraşlar nəslinin yetişməsində böyük xidmətlər göstərir. Bu gün də gənc nəslə həvəslə sənətin sirlərini öyrədir. Vurğulandı ki, o, heykəltəraşlığın qabartma sahəsində bir çox əsərlər surətlər yaradıb. Bunlardan ən tanınmışı isə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin obrazıdır. Bu əsər heykəltəraşın gənclik illərində yaratdığı və ona uğur qazandıran əsərlər sırasındadır. Əsər sənətkara beynəlxalq sərgilərdə böyük uğur qazandırıb. T.Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. O, 1956-cı ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini düzəldib. Heykəltəraş Azərbaycanın ilk professional vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsinin müəllifidir. Yaratdığı hər bir əsərlə heykəltəraş həm də sanki bir tarix yaradıb. İllər keçsə də, bu nümunələr gələcək nəslə Azərbaycan tarixinin bir parçasını diktə edəcək.

Tədbirdə yubilyara həmçinin Azərbaycan Rəssamlar İttifaqının diplomu təqdim edildi.

Daha sonra Tokay Məmmədova həsr edilən “Portret” filmi nümayiş olundu. 2007-ci ildə “Salnamə” studiyası tərəfindən lentə alınan filmin üzərində Yusif Şeyxov, Miri Rzayev, Köçəri Məmmədov, Fərid Axundov, Rəşad Mustafayev işləyib.

Qeyd edək ki, Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyul ayının 18-də Bakıda anadan olub. Atası Həbib Məmmədov texniki elmlər doktoru, anası Zivər xanım isə Azərbaycanın ilk qadın heykəltəraşı olub. T.Məmmədov ilk təhsilini anasından alıb. 1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra Bakı Rəssamlıq Məktəbinə qəbul olunur, burada görkəmli heykəltəraş Fuad Əbdürrəhmanovdan dərs alır. T.Məmmədov 1945-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirərək Leninqrad (Sankt-Peterburq) şəhərinə gedir və İ.E.Repin adına Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə daxil olur. Burada oxuduğu illər ərzində o, görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alır, heykəltəraşlıq sahəsində kamil ustalıq vərdişlərinə yiyələnir.

T.Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının obrazlarını ustalıqla yaradıb. O, 1953-cü ildə ilk dəfə ağacdan Azərbaycanın klassik şairi Nizami Gəncəvinin portretini yonub. Bu əsər 1955-ci ildə Varşavada Gənclərin Beynəlxaq Ümumdünya Sərgisində uğurla nümayiş etdirilib. Hazırda portret şairin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunub saxlanılır.

Azərbaycan heykəltəraşlığında ağacdan ilk dəfə olaraq T.Məmmədov istifadə edib. Ağacın növlərini və onların keyfiyyətlərini dəqiqliklə öyrənən sənətkar bu material əsasında bir çox insan simalarını canlandırıb. Onun yaratdığı ağac portretlərdə yüksək psixoloji keyfiyyətlər aşkar şəkildə diqqəti çəkir. "Səməd Vurğun", "Qəzənfər Xalıqov", "Nəriman Nərimanov", "Şirəli Müslümov" və s. portretləri yüksək sənətkarlığı ilə seçilən nümunələrdir.

Heykəltəraş yaradıcılığında həmçinin mərmər, tunc, gipsdən də ustalıqla istifadə edib. Bu qəbildən müəllifin "Üzeyir Hacıbəyov", "Rüstəm Mustafayev", "Vəcihə Səmədova", "Süleyman Rəhimov", "F.Şopen" və "V.A.Motsart" kimi büst portretlərini qeyd etmək olar.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi