Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yeniyetmələr arasında bölgə turizminin inkişafının təbliği və onlarda turizm yönümlü peşələrə həvəsin stimallaşdırılması” layihəsinə iyunun 1-dən start verilib. Layihəyə ilkin mərhələdə Sumqayıt şəhəri İH və təhsil şöbəsinin dəstəyi ilə əlaçı və fərqlənən şagirdlərdən ibarət 30 nəfərlik heyət cəlb olunub.
Qeyd edək ki, layihənin əsas məqsədi qeyri-neft sektorunun ən prioritet sahəsi olan turizmin inkişafına, o cümlədən Azərbaycan üçün vacib sayılan alternativ turizm növlərinin (ekoturizm, kənd turizmi, sağlamlıq) inkişafına dəstək vermək, yeniyetmələrə turizm peşəsini sevdirmək, Azərbaycanın bölgələrini, tarixini, mədəniyyətini, qonaqpərvərliyini, milli mətbəxini, qan yaddaşını daha da dərindən öyrənməyi aşılamaq, xarici və yerli turistlərə bunların təqdimatı texnologiyalarını öyrətmək və seçilmiş bölgələr üzrə turizm marşrutlarının təbliği və öyrənilməsidir.
Layihənin sonrakı mərhələsinə Lerik rayonundakı orta məktəblərdən birində təhsil alan 9-11-ci sinif şagirdlərindən ibarət 50 nəfərlik qrup cəlb olunacaq. Bu məqsədlə iyulun 6-7-də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin nümayəndələri adıçəkilən bölgəyə səfər edəcək.