Ukraynalı dirijor “Traviata” operasını tamaşasında idarə etmək üçün dəvət olunmuşdur
İyunun 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcəkdir. Teatrın rəhbərliyi tamaşanı idarə etmək üçün Ukraynalı dirijor Viktoriya Ratsyuku dəvət etmişdir.
Viktoriya Ratsyuk yaradıcı karyerasına 1995-ci ildə başlamışdır. O musiqinin müxtəlif janrlarında: opera, simfonik və müasir bəstəkarların əsərlərini idarə etmək sahəsində çox uğurla fəaliyyət göstərir. Vətəni Ukrayna ilə yanaşı, Rusiya, Almaniya, Danimarka, Yunanıstan, Polşa, Macarıstan, Çexiya, Braziliya kimi ölkələrdə simfonik orkestrlərlə birlikdə çıxış etmişdir.
Tamaşada Alfred rolunu ifa etmək üçün Ukrayna Milli operasının solisti, Ukraynanın Əməkdar artisti Dmitri Kuzmin (Alfred) dəvət olunmuşdur.
Violetta partiyasını Azərbaycanın Əməkdar artisti İnarə Babayeva ifa edəcəkdir. Tamaşada həmçinin Xalq artisti Əli Əsgərov (Markiz), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Əkrəm Poladov (Doktor) və Səbinə Əsədova (Flora) çıxış edəcəklər.