Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC), Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaqlar üçün növbəti dəfə rəsm müsabiqəsi elan olunub.
“Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinə 17 yaşadək olan uşaqlar qatıla bilər. Müsabiqəyə təqdim olunan sənət əsərlərinin son qeydiyyat tarixi martın 4-də bitəcək. Müsabiqədə seçim iki yaş kateqoriyası üzrə (12 və 12-17) aparılacaq. Müsabiqəyə qatılacaq uşaqlar ad və soyadlarını, təvəllüd və əlaqə nömrələrini, habelə oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə ən çoxu üç işinin fotosunu Xətai Sənət Mərkəzinin 051 310 74 01 nömrəsinin “WhatsApp” ünvanına göndərməlidirlər.
Sonda Bakı Xətai Sənət Mərkəzində seçilmiş əsərlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur.