Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət Evində 18 sentyabr-Milli Musiqi günü ilə əlaqədar “Üzeyir-musiqi dünyası” adlı konsert keçirilib.
Konsert Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından musiqili parça ilə başlayıb. Aparıcı bu günün tarixi haqqında tamaşaçılara geniş məlumat verib.
Qızlardan ibarət “Məşəl” rəqs kollektivinə, şahmat və fortepiano kurslarının rəhbərləri Ülviyyə Namazova və Gülnarə Cavadovaya son bir ildə mədəni-kütləvi tədbirlərdə və dərs prosesində xüsusi göstəricilər əldə etdiklərinə görə Mədəni tədbirlərin təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin fəxri-fərmanları təqdim edilib.
Mədəniyyət evinin nəzdində fəaliyyət göstərən “Təbəssüm” kukla teatrının, “Məşəl” və “Xəzər” rəqs kollektivlərinin, fortepiano, sintezator, saz, gitara, nağara, rəsm, şahmat, toxuculuq, qadın bərbəri kursları üzvlərinin çıxışlarını qəsəbə sakinləri maraqla qarşılayıblar.
18 sentyabr- Milli Musiqi Gününə həsr olunmuş tədbir dahi sənətkar Müslüm Maqomayevin “Sənsiz” romansı ilə yekunlaşıb.