Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən mədəniyyət işçiləri ilə görüşlər keçirilib
Xaçmaz rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində, Quba, Şabran və Siyəzən rayon mədəniyyət mərkəzlərində Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə həsr olunmuş müşavirə ilə əlaqədar mədəniyyət işçiləri ilə görüşlər keçirildi.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev öz çıxışlarında “Ölkə başçısının 15 yanvar 2019-cu il tarixli fərmanı dövrün və zamanın tələblərinə cavab verən effektli mədəniyyət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərin, aparılan islahatların məntiqi davamıdır” deyə bildirmişdir. Həmçinin, “Fərmanda beynəlxalq təcrübə, informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması, dövlət mülkiyyətində olan muzeylərin fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili, nazirliyin tabeliyindəki musiqi məktəblərinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının fəaliyyətinin təkmilləşdirilməsi kimi mühüm məsələlər əksini tapıb” – deyə qeyd etmişdir.
N.Ağayev Mədəniyyət Nazirliyində həyata keçirilən müvafiq tədbirlər haqqında məlumat verib. Həmçinin qeyd olunub ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən idarə üzrə rayonlarda fəaliyyət göstərən klub və kitabxanalarda monitorinqlər aparılacaqdır.