Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda Xaçmaz mədəniyyət işçilərinin iştirakı ilə geniş müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev açaraq dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (creative.az) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda keçirilmiş forum haqqında məlumat verdi. Bildirdi ki, portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və s. haqqında məlumatlar əks olunub. Həmçinin yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək verəcək nüanslar nəzər alınıb. İdarə rəisi yaradıcı və istedadlı şəxslərin aşkar edilərək onlara lazımi dəstəyin göstərilməsinin və onların tanıdılmasının vacibliyini vurğuladı.
Daha sonra Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Aqil Əlisultanov və Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Azad Əlifxanovun mövzu ətrafında məruzələri dinlənildi.
Sonda idarə rəisi mədəniyyət müəssisələrində iş fəaliyyətinin daha da yaxşılışdırılması, işin günün tələbləri səviyyəsində qurulması və digər məsələlər üzrə müvafiq tövsiyyə və tapşırıqlarını verdi.