Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
573

XI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb

Ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bildi

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 5-də uğurla başa çatıb. Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 31-də başlanan və altı gün davam edən musiqi bayramında Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, orkestrlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

Festivalın davam etdiyi günlərdə musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik və Azərbaycan Dövlət Simfonik orkestrlərinin konsertlərini, “Cello Extravaganza” və dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və dostları” adlı konsert proqramlarını, “Kiyev virtuozları” simfonik və Qara Qarayev adına Azərbaycan dövlət kamera orkestrlərinin, “Naz-nazı” muğam qrupunun müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, “Clarte” klarnet kvartetinin, Türkiyədən gəlmiş “Trio Miraculum” qrupunun çıxışlarını izləmək imkanı qazanıblar.

Avqustun 5-də axşam Mədəniyyət Mərkəzində XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, rayon rəhbərliyi, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

Bağlanış mərasimində “Kiyev virtuozları” simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub.

İtaliyalı musiqiçi Alvize Kazellatinin dirijorluğu ilə keçən konsertdə C.Verdinin, C.Rossininin, P.Sorozabalın, Ş.Qunenin, E.Kornqoldun, C.Puççininin əsərləri ifa edilib.

Solistlər Mariya Buynosova (Rusiya), Modestas Sedleviçius (Litva) və Umid İsrailovun (Özbəkistan) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Travita” operasından “Brindisi” ifa ediblər.

Xatırladaq ki, XI Qəbələ Beynəlxalq Musiqi Festivalını altı gün ərzində həm ölkəmizin bölgələrindən, həm də xarici ölkələrdən çoxlu musiqi həvəskarı izləyib. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı qazanan tamaşaçılar bundan böyük zövq alıblar.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival bir daha təsdiqləyir ki, Azərbaycan Qərb ilə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır. Ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə - forum, konfrans və festivallara ev sahibliyi edir.

Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubunda deyildiyi kimi, “Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir”.

Beləliklə, XI Qəbələ Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb. Möhtəşəm musiqi bayramı olan Qəbələ festivalı şübhəsiz ki, əhali arasında musiqi zövqünün formalaşdırılmasına, dünyanın və Azərbaycanın musiqi ənənələrinin  tanınmasına böyük töhfə verəcək.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla