Zaqatala rayon Heydər Əliyev Mərkəzində Qanlı Yanvar faciəsinə həsr olunan tədbir keçirilib
20 Yanvar faciəsinin otuzuncu ildönümü Zaqatala rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsi günü kimi silsilə tədbirlərlə qeyd olunur.
Qanlı Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində anım tədbiri keçirilib.
Mərkəzin və Zaqatala Humanitar Fənlər Gimnaziyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər barədə danışıb, faciənin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar. Vurğulanıb ki, 20 Yanvar hadisəsi xalqımız üçün təkcə böyük faciə deyildir. Qanlı Yanvar, eyni zamanda, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixində qəhrəmanlıq salnaməsidir.
Tədbirdə şəhidlərin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim olunub, Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilib.