Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
16.05.2024 18:01
Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunubXəbər verdiyimiz kimi, ölkəmizin bir sıra mədəniyyət və ədəbiyyat xadimləri də “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub. Təltif edilənlər arasında tanınmış şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu da var. Mayın 16-da Mədəniyyət Nazirliyində yubiley medalı şairə təqdim edilib. Qeyd olunub ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev respublikamıza rəhbərliyinin hər iki dövründə ədib və şairlərin yaradıcılığını yüksək qiymətləndirib, onlara diqqət və qayğı göstərib. Ulu öndərin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev tərəfindən bu gün Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimləri qayğı ilə əhatə olunublar. Baba Vəziroğlunun yaradıcılığı da dövlətimiz tərəfindən həmişə qiymətləndirilib, o, bir sıra yüksək dövlət təltiflərinə layiq görülüb. Baba Vəziroğlu yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Şair Ulu öndər Heydər Əliyev kimi bir dahi şəxsiyyətin adı ilə bağlı təltifə layiq görülməsindən böyük məmnunluq hissi keçirdiyini ifadə edib. Sonra yubiley medalının nişanı və vəsiqəsi şairə təqdim edilib, xatirə şəkli çəkdirilib. ..
16.05.2024 17:55
III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilibAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin Saatlı rayon Mədəniyyət Mərkəzində Qala konserti keçirilib. III Regional Xor Müsabiqəsində hər iki regional idarədən 16 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivi uğurla iştirak edib. Qeyd edək ki, müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanova, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti, əməkdar müəllim Aqil Qafulov təmsil olunub. Tədbirin konsert hissəsində qalib olan xor kollektivlərinin, uşaq musiqi, incəsənət məktəblərinin uşaqlardan ibarət xalq çalğı alətləri ansambllarının ifasında bir-birindən maraqlı musiqi nömrələri, eyni zamanda  Saatlı rayon “Adıgün” Türk Xalq Folklor kollektivinin ifasında rəqs nömrələri nümayiş olunub. Qala konsertinin mükafatlandırılma hissəsində Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbinin xor kollektivi Qran-pri mükafatı, Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbinin xor kollektivi I dərəcəli diplom, Ağdaş şəhər 1 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi II dərəcəli diplom, Göyçay şəhər A.Məmmədov adına Uşaq musiqi məktəbinin xor kollektivi III dərəcəli diplomla, eyni zamanda Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbinin və Mingəçevir şəhər Bülbül adına 2 nömrəli uşaq musiqi məktəbinin xor kollektivi Diplomla təltif ediliblər. ..
16.05.2024 16:36
Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə digər sahələr kimi, mədəniyyət sahəsi, xüsusilə, incəsənətin əsas qolu olan teatrın inkişafı da daim diqqətdə saxlanılır. Eyni zamanda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə mədəniyyət xadimlərinin sosial şəraitinin yaxşılaşdırılması, yaradıcılıq imkanlarının genişləndirilməsi ilə bağlı mühüm işlər həyata keçirilir. Bu siyasətin davamı kimi, ölkəmizdə teatrların inkişafına, sahənin nüfuzunun artırılmasına xidmət edən növbəti addım olaraq Nazirlər Kabineti tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına və Gəncə Dövlət Dram Teatrına “milli” statusu verilib. Yeni status uzun illərdir fəaliyyət göstərən, özünəməxsus sənət ənənələri olan hər iki teatrda çalışan insanların maddi rifahının yaxşılaşmasına, yaradıcılıq fəaliyyətinə böyük stimul olacaq. Hazırda dövlət teatrlarında maddi-texniki bazanın gücləndirilməsi, habelə bu sahədə institusional və məzmun dəyişikliyi istiqamətində işlər davam etdirilir. ..
16.05.2024 15:57
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olubGörkəmli aktyor və kinorejissor, Xalq artisti Əbdül Mahmudbəyovun 80 illik yubileyi münasibətilə mayın 16-da Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib. Yubileyi münasibətilə kino xadimi Mədəniyyət Nazirliyinin kollektivi və ölkəmizin mədəniyyət ictimaiyyəti adından təbrik edilib, xoş arzular çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digər sahələri kimi, kino sahəsinin də inkişafına davamlı diqqət göstərilir. Milli kinonun inkişafında xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir, onlar ali təltiflərə, mükafatlara layiq görülürlər. Əbdül Mahmudbəyov da bu sahədəki fəaliyyətinə görə “Xalq artisti” fəxri adı və Prezidentin fərdi təqaüdü ilə mükafatlandırılıb. Qeyd olunub ki, sənətkarın aktyor kimi filmlərdə böyük məharətlə canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanır. Onun quruluş verdiyi ekran əsərləri də Azərbaycan kinosunun diqqətəlayiq nümunələrindəndir. Görüşdə iştirak edən Əməkdar incəsənət xadimləri Cəmil Quliyev, Baba Vəziroğlu, Orxan Fikrətoğlu və başqaları sənətkarın yaradıcılıq yolundan danışıb, rol aldığı və quruluş verdiyi ekran əsərlərinin məziyyətlərindən söz açıblar. Sonra Azərbaycan mədəniyyətinin inkişafına töhfələrinə görə sənətkara nazirliyin Fəxri diplomu təqdim edilib. Xalq artisti Əbdül Mahmudbəyov yaradıcılığına verilən qiymətə və təbrikə görə təşəkkürünü bildirib. Söhbət zamanı kino sahəsinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Əbdül Mahmudbəyov 15 may 1944-cü ildə Hacıqabul rayonunda anadan olub. 1962–1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq ixtisası üzrə (Adil İsgəndərovun kursu) təhsil alıb. 1973-cü ildə Moskvada ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsini bitirib. Əbdül Mahmudbəyov “Yeddi oğul istərəm”, “Nəsimi”, “Sevinc buxtası”, “Ən vacib müsahibə”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Gecə qatarında qətl”, “Üzü küləyə” və s. ekran əsərlərinə quruluş verib. ..
13.05.2024 17:41
Mədəniyyət naziri maldivli həmkarı ilə görüşübMayın 13-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə “Şuşa –İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimi çərçivəsində ölkəmizdə səfərdə olan Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim arasında ikitərəfli görüş keçirilib. Qonağı salamlayan nazir “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılış mərasimində iştirakına görə təşəkkürünü bildirib. Azərbaycanın Şuşa şəhərinin tarixi-mədəni zənginliklərindən söz açan nazir bu qədim şəhərin xalqımıza bəxş etdiyi görkəmli mədəniyyət və ədəbiyyat xadimləri haqqında məlumat verib. Nazir bu il Azərbaycanın qlobal əhəmiyyətli bir tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi diqqətə çatdırılıb. Bildirilib ki, COP29-da iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı xüsusi müzakirələr aparılacaq Maldiv Respublikasının dhivehi dili, mədəniyyət və irs naziri Adam Nasir İbrahim ölkəmizə səfərindən məmnunluğunu bildirib, “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin rəsmi açılışının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. Qonaq nazir ölkəmizlə mədəni əməkdaşlıqda maraqlı olduqlarını deyib, mədəniyyət günlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. ..
13.05.2024 10:29
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblərMayın 11-də Şuşanın Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Dövlətimizin başçısı tədbirdə çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Hörmətli ICESCO-nun Baş direktoru cənab əl-Malik. Hörmətli qonaqlar, əziz dostlar. Bildiyiniz kimi, Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə - qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm. Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik. Birinci dəfə deyil ki, Azərbaycan şəhəri bu şərəfli ada layiq görülür. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhəri də İslam dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Bu dəfə isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa bu şərəfli adı daşıyacaq. Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir. Ölkəmizdə bir çox beynəlxalq tədbirlər, musiqi festivalları, mədəni tədbirlər keçirilir. Təbii ki, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq. Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi. Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir. Şuşanın bir çox tarixi və dini abidələri işğal dövründə işğalçılar tərəfindən tamamilə dağıdılmışdır. Hazırda dörd məscid yenidən qurulub, digər məscidlərdə təmir-bərpa işləri aparılır. Bu işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir. Qeyd etdiyim kimi, Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir. Çünki məhz Şuşanın azad olunmasından sonra işğalçılar tam anladılar ki, müqavimət göstərmək onlara heç nə verməyəcək və beləliklə, bu gün biz Şuşanı tam haqlı olaraq sülhün rəmzi kimi qiymətləndirə bilərik. Mən xarici qonaqları səmimiyyətlə salamlayıram. Builki “Xarıbülbül” festivalı bu hadisəyə - Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasına həsr edilib. Bu gün bir çox müsəlman ölkələrinin kollektivləri bizim üçün müqəddəs olan Cıdır düzündə öz məharətlərini ifadə edəcəklər. Bu, birlik bayramı olacaq, bu, həmrəylik bayramı olacaq. Eyni zamanda, Azərbaycan xalqının əyilməz ruhunu nümayiş etdirən bu məkan həm işğala qədər, həm işğal dövründə, həm də işğala son qoyulandan sonra hər birimiz üçün doğma və əzizdir. Bizim qəhrəman əsgər-zabitlərimiz, bax, bu sıldırım qayalara dırmaşaraq yüngül silahlarla şəhəri düşməndən azad etmişlər. Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin. Sağ olun. x x x Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış etdi. Salim bin Məhəmməd əl-Malikin çıxışı - Rəhimli və mərhəmətli Allahın adı ilə. Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Məhəmməd Peyğəmbərə salam və dua olsun! Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev. Birinci vitse-prezident Mehriban xanım Əliyeva. Hörmətli iştirakçılar, hörmətli nazirlər, səfirlər, hörmətli qonaqlar. Allahın salamı, rəhməti və bərəkəti sizə olsun. O, sanki əzəmətli dağlarının zirvələrinə yüksəlib ki, yeni nailiyyətini fəxrlə bildirsin. 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı oldu. 2023-cü ildə isə o, Türk dünyasının mədəniyyət paytaxtı seçildi. Amma 2024-cü ilin bu günündə o, İslam dünyasının mədəniyyət paytaxtı kimi özünəməxsusluq bayrağını və dühasını daşıyır. Hər dəfə əhatə genişlənir, coğrafiya böyüyür. Üç il mədəniyyət paytaxtı adına layiq olan az sayda belə şəhər var. Bu, dərin bir işarədir. Bu, nailiyyətə, imkanlara və ehtirama işarədir. Bu, Şuşa şəhəridir - paklıq, saflıq və xoş ab-hava şəhəri. Şəhərin adı da elə buradan gəlir. Bizlərdən kimsə dünyada adı saflığa və təmizliyə uyğun gələn başqa şəhər tanıyırmı? Buranın havası təmiz, insanların hissləri pakdır. Buna görə də təəccüblü deyil ki, Şuşa bütünlüklə Qafqazda musiqinin paytaxtıdır, təsviri sənətin məkanıdır, gözəl Azərbaycan xalçasının vətənidir, musiqi, fikir və şairlər yurdudur. Görəsən, bütün bunlar paklığın və saflığın hədiyyəsidirmi? Şuşa 1751-ci ildə banisi Pənahəli xan tərəfindən ümidlərlə salınıb. Dünya şəhərlərini qoynuna alaraq öz mədəniyyəti ilə onları tanış edib, öz ticarət əlaqələrini möhkəmləndirib. Onun tacirlərinin əks-sədası bütün dünyadan gəlib. Onlar oralara təkcə xalça, qumaş parçalar və mərmər deyil, həm də şeir, poeziya, fəlsəfə, gözəl tablolar göndəriblər. Göndərilənlər içərisində musiqi alətləri də var idi. Ustalar onları sevgi ilə hazırlayıb və nadir yaradıcılıq nümunələri kimi şəhərlərə paylayıblar. Şuşa daim yüksəklikdə, ucalıqdadır. Onun mütəfəkkirləri, yaradıcı insanları Şuşanın Qafqaz müsəlman kimliyini öz qələmlərində və mürəkkəb qablarında daşımışlar. Onunla Azərbaycan insanının şəxsiyyətini, mədəniyyət hüdudlarını qoruyub saxlamışlar. Buna görə də şəhərin bayrağı daim uca olmuşdur. Qəddar düşmənlər onun şirinliyini ələ keçirmək üçün hər zaman pusquda durmuşlar, lakin şəhər çox keçməmiş öz əziz vətəninin qoynuna qayıtmışdır, qəlblərdə əbədi qalmışdır. Onun zənginliyinə aşiq olmuş mütəfəkkirləri, şairləri, sənətkarları yaddaşlara əbədi həkk olmuşdur. Biz bunlara şairlər Xurşidbanu Natəvanı, Molla Pənah Vaqifi, Qasım bəy Zakiri, xanəndə Cabbar Qaryağdıoğlunu, ifaçı Mirzə Sadıqı, yazıçı Nəcəf bəy Vəzirovu, bəstəkar Üzeyir Hacıbəylini, dramaturq Əbdürrəhim bəy Haqverdiyevi, bəstəkar Fikrət Əmirovu, mütəfəkkir Əhməd Ağaoğlunu və başqalarını aid edə bilərik. Dünən böyük xanəndə Bülbülün evində olanda divarlar, mebellər, ağacların kölgələri dil açıb bizə deyirdi ki, bu ev Şuşada keçmişlə indinin əlaqəsini göstərir, övladların ata-babalarının irsi ilə əlaqəsini sübut edir, enməyən bir bayrağa işarə edir. Birinci vitse-prezident, birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu qarşısına nəcib hədəflər qoyub. Belə ki, bu Fond, Qarabağın başqa yerlərində olduğu kimi, Şuşa şəhərinin abadlaşdırılması, yenilənməsi yükünü də öz üzərinə götürüb. Biz bu işlərin hər yerdə vüsət aldığının şahidiyik. Bu nümunəvi Fond qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir. Biz burada yeni yolları, yaraşıqlı binaları, gözəl hotelləri, yenilənən muzeyləri, xalçaları və məscidləri görürük. Bütün bunlar məsuliyyətin dərk edilməsinə, çağırışa hazır olmağa dəlalət edir. Bu, hərtərəfli inkişaf çağırışıdır. Bunu Prezident İlham Əliyev zəkası ilə böyük həvəslə həyata keçirir və bu da təəccüblü deyil, çünki məhz O, torpaqların azadlığı bayrağını qaldırmışdır. Məhz O, əbədi qayıdış anını xalqına bildirmişdir. Məhz O, öz ayıq-sayıqlığı ilə şəhərin azadlığını planlaşdırmışdır. Bu isə başqa hekayədir. Şuşa 30 il ərzində Vətənin gözündən uzaq qalsa da, Azərbaycan xalqının övladlarının qəlblərində qorunub saxlanılırdı. Şuşa öz övladlarının sevgisinin və fədakarlığının miqyasını ölçürdü. Şuşa övladlarının ona qayıtmaq üçün çəkdikləri həsrətin səmimiliyinə əmin idi. Xalq dürüstlük, etibarlılıq sınağından uğurla keçərək Qafqaz şəhərlərinin incisini Azərbaycana qaytardı, özü də müzəffər şəkildə qaytardı. Şuşanın əzəmətini bilənlərdə iftixar hissləri coşdu. Həmin dövrdə ICESCO uzaqda deyildi, Azərbaycan xalqını sevindirən onu da sevindirdi, cəmiyyətin sevincinə qoşuldu. Buna görə də təşkilat vədlərinə sadiq qaldı. ICESCO fəxr edir ki, Prezident İlham Əliyev onun planlarını və Azərbaycanla bağlı proqramlarını dəstəkləyir və təşkilat da öz növbəsində ona öz vəfa borcunu yerinə yetirir. Azərbaycanın zəkalı oğulları ICESCO-da fəaliyyət göstərir, orada təcrübəli ekspertlər kimi çalışırlar. ICESCO, həmçinin buraya irs missiyası göndərib və bu, azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır. Bu, tarix kitablarında və vəfa dəftərində qalacaq həqiqətdir. ICESCO bu işə dünən başlamışdır. Amma təşkilat bu gün və sabah da Azərbaycanla olan özünəməxsus etibarlı əlaqələrinə sadiq qalacaq, onun yanında olacaq, onun sivilizasiyada tutduğu yolu müdafiə edəcək, sevinc və qürur anlarını onunla birlikdə qeyd edəcək. Onun oğullarının və qızlarının həyata keçirdiyi quruculuq işlərini dəstəkləyəcək. Paklıq ətrinin və saflıq müşkünün daşıyıcısı olan şuşalı İslam dünyası mübarək olsun. Onun sevgisini bölüşən, hər zaman onu görməyə can atan İslam dünyalı Şuşaya eşq olsun! Cənab Prezident, Sizə, Birinci vitse-prezidentə, hökumət və parlament üzvlərinə, bütün Azərbaycan xalqına mübarəkdir deyirəm. Allah Şuşanı hifz etsin. Allah Azərbaycanı qorusun. Qoy, həmişə qələbə və nailiyyətimizi bayram edək. Qarabağ Azərbaycandır! Sağ olun. x x x Çıxışlardan sonra açılış konserti keçirildi. Konsertdə “Xarıbülbül”ün bütün iştirakçılarının yer aldığı açılış kompozisiyasının müşayiəti ilə 27 Qarabağ atından ibarət süvari dəstə ICESCO-ya üzv ölkələrin bayraqları ilə Cıdır düzünə daxil oldu. Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın proqramı ifaçıların və repertuarın zənginliyi, fərqli təqdimatlar ilə seçilir. Builki festivalın iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər yer alıb. Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə də təmsil olunur. Açılış konsertində müxtəlif ölkələrdən məşhur ifaçılar - Azərbaycandan Xalq artistləri Arif Babayev, Gülyanaq Məmmədova, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Zülfiyyə Xanbabayeva, Sevda Ələkbərzadə, Əməkdar artist Rəşad İlyasov, Qazaxıstandan Əməkdar artist Əlişer Kərimov, Qvineyadan Aboubakar Silla, Özbəkistandan Xalq artisti Nəsibə Abdullayeva, Türkiyədən Hüsnü Şenlendirici, həmçinin “Aşıqlar qrupu”, Azərbaycan Dövlət Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Birləşmiş Ərəb Əmirliklərindən “Almazyood”, İndoneziyadan “Sendja Community”, Qətərdən “Qılınc rəqqasları”, Mərakeşdən “Tizwit” qrupları, Özbəkistandan “Navbahor” Mahnı və Rəqs Ansamblı, Türkiyədən “Anadolu atəşi” rəqs qrupu və digərləri çıxış etdilər. Konsert iştirakçıların ifasında festivalı rəmzi olaraq təcəssüm etdirən “Səsin gəlsin, Xarıbülbül” mahnısı ilə yekunlaşıb. Xatırladaq ki, festival mayın 12-də Şuşada, 13-də isə Laçında davam edəcək. x x x Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Festival həmin ilin may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa çatıb. “Xarıbülbül” festivalı 1990-cı ildə beynəlxalq status alıb. Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Ağcabədi və Bərdədə təşkil olunub. Vətən müharibəsindəki tarixi Zəfərimiz nəticəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşada keçirilir. Bu il isə festivalın məkanı genişlənərək Laçını da əhatə edir. Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçilərin iştirak etdikləri bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə töhfə verir. ..
10.05.2024 17:40
Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcəkCari ilin 13 və 17 may tarixlərində Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarələrinin tabeliyində olan musiqi, incəsənət məktəb və mərkəzlərinin direktor və direktor müavinləri üçün Mədəniyyət Nazirliyi tərəfindən təlim təşkil olunacaq. Təlimdə iştirakçılar 70 nəfər olmaqla 6 qrupa bölünəcəklər. Təlim 15 saatlıq olmaqla 5 istiqamət üzrə -“İdarəçinin düşüncə tərzi“, “Effektiv ünsiyyət“, “Emosional zəka“, “Liderin 4 xüsusiyyəti“, “SWOT analiz və planlaşdırma“ və “Vaxtın idarə edilməsi“ mövzularını əhatə edəcək. Təlimlər müasir dünya təcrübəsi əsasında, yeni dövrün tələblərinə uyğun rəhbər vəzifəli şəxslərdə peşəkar idarəetmə biliklərinin artırılması, onlara məsul olduğu proseslər və tabeliyində olan işçilərin daha effektli idarə edə bilmə səriştələrini, məktəb idarəetməsində müasir yanaşmalar, mədəniyyət və yaradıcılıq sahələrində idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, həmçinin güclü və  zəif tərəfləri, imkanları və təhdidləri müəyyən etmək, təhsildə keyfiyyətin və digər mövzular üzrə bilik və bacarıqlarını artırmasını özündə ehtiva edir. Təlimlər başa çatdıqdan sonra iştirakçılara sertifikat veriləcək.  Təlimlər Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq yarımbəndinə əsasən təşkil olunur. ..
10.05.2024 13:52
Mədəniyyət Nazirliyinin kollektivi Ulu öndərin məzarını ziyarət edibMayın 10-u dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. Mədəniyyət Nazirliyinin kollektivi də Heydər Əliyevin məzarını ziyarət edib. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində mədəniyyətimizin inkişafına böyük diqqət və qayğı göstərmiş Ümummilli liderin məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub. ..
10.05.2024 08:58
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıbÖlkəmizin mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə Fondun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik müraciəti ünvanlayıb.  Təbrikdə qeyd olunur ki, müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini əziz tutaraq, adının əbədiləşdirilməsi, onun dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi, zəngin irsinin təbliğ edilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu ölkəmizin milli-mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərir. Heydər Əliyev Fondu yarandığı gündən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətində yaxından iştirak edərək Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin qorunması və onların həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təşviqində mühüm rol oynayır. Bu siyasətin ən mühüm istiqamətlərindən olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasında, müasir sosial-mədəni infrastrukturun qurulmasında, Azərbaycan mədəni irsinin ümumbəşəri dəyərlər qismində tanınmasında Fondun verdiyi töhfələr əvəzsizdir.  “Reallaşdırdığınız və dəstək olduğunuz yerli və beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçiliyinin bünövrələrini, xalqımızın özünə və ali dəyərlərə inamını möhkəmləndirir, mədəniyyətimizi hamı üçün əlçatan və doğma edir. Heydər Əliyev Fondunun Azərbaycanda və onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində, eləcə də  beynəlxalq mədəniyyət mübadiləsindəki misilsiz xidmətləri mədəniyyət ictimaiyyəti və xalqımız tərəfindən yüksək dəyərləndirilir”,  – deyə təbrikdə vurğulanır.   ***   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya   Hörmətli Mehriban xanım! Sizi Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik. Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əziz tutaraq, adının əbədiləşdirilməsi, onun dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi, zəngin irsinin təbliğ edilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu ölkəmizin milli-mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərir. Heydər Əliyev Fondu yarandığı gündən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətində yaxından iştirak edərək Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin qorunması və onların həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təşviqində mühüm rol oynayır. Bu siyasətin ən mühüm istiqamətlərindən olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasında, müasir sosial-mədəni infrastrukturun qurulmasında, Azərbaycan mədəni irsinin ümumbəşəri dəyərlər qismində tanınmasında Fondun verdiyi töhfələr əvəzsizdir. Reallaşdırdığınız və dəstək olduğunuz yerli və beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçiliyinin bünövrələrini, xalqımızın özünə və ali dəyərlərə inamını möhkəmləndirir, mədəniyyətimizi hamı üçün əlçatan və doğma edir. Heydər Əliyev Fondunun Azərbaycanda və onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində, eləcə də  beynəlxalq mədəniyyət mübadiləsindəki misilsiz xidmətləri mədəniyyət ictimaiyyəti və xalqımız tərəfindən yüksək dəyərləndirilir. İnsanların ümid, pənah yerinə çevrilmiş Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, 44 günlük Vətən müharibəsində və daha sonra şəhid və qazilərlə, onların ailələri ilə bağlı həyata keçirdiyi layihələr onun humanitar missiyasının bariz nümunəsidir.   Hörmətli Mehriban xanım! Bir daha Sizi rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun yubileyi münasibətilə təbrik edir, ölkəmizin hərtərəfli inkişafı naminə göstərdiyiniz dəyərli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik.   Hörmətlə, Azərbaycan mədəniyyət ictimaiyyəti Bakı şəhəri, 10 may 2024-cü il ..