Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Üçrəngli bayrağın simvolları
İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, mavi rəng türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng, həm də simvolik məna daşıyır. Göy rəng XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirirdi.
Qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir. XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrildi.
Yaşıl rəng - İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Azərbaycan bayrağının üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur. Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var.

Səkkizguşəli ulduzun və ayparanın açıqlaması
Tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib. Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır.
Tarixdə səkkizguşəli ulduzun mənası belə açıqlanır: türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz guşə-səkkiz türk xalqının simvoludur.

Müasir Dövlət gerbinin yaranması

          Müasir Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklərlə təkrarıdır. Azərbaycanın yeni Dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə bir də təqribən 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxıldı. Üçrəngli milli bayrağın bərpası və qəbulu ilə yanaşı, Dövlət gerbi və Dövlət himninin də qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələləri kompleks halda həll etmək üçün Azərbaycan Respublikasının keçmiş Ali Sovetinə müraciət olundu. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli Dövlət bayrağını bərpa və qəbul etməklə yanaşı, "Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan olunması haqqında" (05.02.1991, № 20-XII) xüsusi qərar da qəbul etdi. Qərara görə, Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat mükafat təsis edilmiş, müsabiqəyə yekun vurulması isə respublika Ali Soveti Rəyasət heyətinə həvalə edilmişdi. 1991-1992-ci illərdə müxtəlif mətbuat orqanlarında çoxlu yeni gerb layihələri çap olundu və 1993-cü ilin əvvəllərində Azərbaycan Respublikasının Milli Məclisində həmin layihələr, eləcə də 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. Müzakirələrdən sonra Azərbaycan Respublikasının Milli Məclisi 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsini müəyyən düzəliş və təkmilləşdirmələrlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etdi.
      Beləliklə, Dövlət gerbimizin rəngli və ağ-qara təsviri "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə təsdiq edilib.
    Dövlət gerbindən istifadə qaydaları isə "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 23 fevral 1993-cü il tarixli 516 saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə" ilə tənzimlənir. Həmin «Əsasnamə»yə 2 İyul 2002-ci il, 24 Dekabr 2004-cü il və 3 Mart 2006-cı il tarixlərində müəyyən əlavələr və dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikasının Dövlət himni

Azərbaycan, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!


Sözləri: Üzeyir Hacıbəyli
Musiqisi: Əhməd Cavad

Azərbaycan Respublikası Dövlət himninin yaranma tarixi

        1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət himninin qəbul edilməsi təşəbbüsləri

       Azərbaycan Xalq Cümhuriyyəti hökuməti digər dövlətçilik atributları ilə yanaşı, Dövlət himninin yaradılması sahəsində də müəyyən addımlar atmış, qərarlar qəbul etmişdir. Müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919-1920-ci illərdə hazırlansa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin (rusca) 14 Noyabr 1919-cu il tarixli sayında Xalq Maarif Nazirliyi tərəfindən hökumətə milli himnin və dövlət gerbinin hazırlanmasının təşkili məsələsi haqqında rəsmi təkliflərin təqdim edildiyi xəbər verilir. Məlumatda həmçinin o da bildirilir ki, Xalq Maarif Nazirliyi himnin yaradılması üçün müsabiqə elan edilməsini, müsabiqəyə himn layihələrinin 1920-ci il fevralın 1-nə qədər təqdim olunmasını, ən yaxşı himnə görə isə 15 min rubl miqdarında mükafat verilməsini məqsədəuyğun hesab etmişdir.
          Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Maarif Nazirliyinin həmin təklifinə baxaraq 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" qərar qəbul etdi. Hökumət qərarına görə, milli himnin, dövlət gerbi və möhürünün hazırlanması üzrə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə, hərbi ordenlər üzrə isə Hərbi Nazirliyə həvalə edildi. Həmçinin hökumət qərarı ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da Xalq Maarif Nazirliyi "Azərbaycan" (rusca) qəzetində (19 fevral 1920-ci il, № 33) milli himn, dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan etdi. Müsabiqənin şərtlərinə görə müsabiqədə iştirak edən şəxslər milli himnin layihəsini (eləcə də dövlət gerbi və möhürünün) bağlı konvertdə, həmçinin təqdim edilən layihənin əsasını təşkil edən tarixi, milli-mənəvi, siyasi amilləri geniş şərh etməklə Xalq Maarif Nazirliyinin dəftərxanasına 1920-ci il mayın 1-nə qədər təqdim etməli idi. Bu atributların Azərbaycan İstiqlalının ikinci ildönümünədək (28 may 1920-ci il) qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin 1920-ci ilin 27 aprel rus-bolşevik istilası nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi və süqutu bu böyük milli ideyaların həyata keçirilməsinə imkan vermədi.
             "Azərbaycan marşı"nın sözləri ilk dəfə 1919-cu ildə "Vətən marşı" adı ilə hökumət mətbəəsində "Milli nəğmələr" kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələnmişdir. "Azərbaycan marşı" 1989-cu ildə tanınmış bəstəkar Aydın Əzimov tərəfindən böyük xor və simfonik orkestr üçün aranjiman edilərək lentə yazılmış, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə olaraq Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda səsləndirilmişdir.

       Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr sərəncamına əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd edilir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr qəbul etdiyi ilk bayraqla bağlıdır. Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə görə, bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. İlk Dövlət Bayrağı Günü 2010-cu ilin noyabrın 9-da qeyd olunub.

         Dünyanın ən hündür bayraqlarından biri Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. "Ginnes"in Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulan Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Dövlət Bayrağı Meydanının təməli 2007-ci ilin 30 dekabr tarixində Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub.
İnşa olunan dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kv. metr, kütləsi isə təqribən 350 kiloqramdır. Yaş halda bayrağın çəkisi 2 dəfə artır. Üçrəngli bayrağın dalğalandığı dirəyin pyedestalının divarının ərsəyə gəlməsində ölkənin əksər rayonlarından gətirilən 28 milyon ədəd çay daşından istifadə edilib, bayrağın əhatəsində simvolik olaraq qala divarları təəssüratı yaradılıb. Dövlət Bayrağı Meydanı açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu ilin 1 sentyabrında həyata keçirilib.

         Dünyanın ən hündür bayraqlarından biri Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycan bayrağıdır. "Ginnes"in Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulan Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Dövlət Bayrağı Meydanının təməli 2007-ci ilin 30 dekabr tarixində Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub. Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkətinin hazırladığı layihəni Azərbaycanın "Azenko" şirkəti icra edib.
İnşa olunan dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kv. metr, kütləsi isə təqribən 350 kiloqramdır. Yaş halda bayrağın çəkisi 2 dəfə artır. Üçrəngli bayrağın dalğalandığı dirəyin pyedestalının divarının ərsəyə gəlməsində ölkənin əksər rayonlarından gətirilən 28 milyon ədəd çay daşından istifadə edilib, bayrağın əhatəsində simvolik olaraq qala divarları təəssüratı yaradılıb. Dövlət Bayrağı Meydanı açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu ilin 1 sentyabrında həyata keçirilib. Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulan Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayrılıb.

Dövlət gerbindəki simvolların məna və funksiyaları

        Dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edib. Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir. Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir. Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində «əbədi, daimi, sonsuz həyat» mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə «əmin-amanlıq, sülhsevərlik, barış» mənalarını verir. Günəşin mərkəzində alov təsviri "Odlar Yurdu"nu - Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli ("Novruz" bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır.