Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.
Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövgü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verəcəkdi. Əbəs yerə olmayaraq indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.
Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir. Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik.

Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.
Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.

Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalq sənətinin bir qolu olan xalça sənətinin də nə qədər qədim tarixə malik olduğunu göstərir.
Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palas və xalça qalıqları aşkar edilmişdir.
Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər.
Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.

Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.
Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.

Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur. Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsldən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.
Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.
Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü BMT-nin ixtisaslaşmış olan təşkilatı YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.

Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Füzuli, Nəsimi kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli formalarıdır.
Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.P.Vaqifin, M.V.Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir. Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır.
Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının reperturı bu gün daha genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür. Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.
Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri milli mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində daim səy göstəriblər və qismən də olsa buna nail olublar. Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, görkəmli kino ustası, kinodramaturq və kinorejiisor R.İbrahimbəyovun "Oskar" mükafatına layiq görülməsi və ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması buna əyani sübutdur.

Musiqi sənətinin inkişafı tarixi
Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi - Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.
İlk yazılı ədəbi abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi müsiqimizin qədimliyinə əyani sübutdur.

Mir Möhsun Nəvvab Qarabaği
İlk yazılı musiqi risalələrimiz isə XIII əsrə aiddir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Urməvi (1217-1294) və Əbdulqadir Marağainin (1353-1435) adları ilə bağlıdır. Urməvinin yazdığı "Kitab əl-Ədvar" və "Şərəfiyyə" risalələri Azərbaycanda musiqi elminin əsasını qoymuş və onun gələcək inkişafı üçün zəmin yaratmışdır. O, musiqi elminə "Sistemçilik" məktəbinin yaradıcısı kimi, tabulaturanın banisi kimi daxil olmuşdur. Urməvinin yaratdığı musiqi sistemi, not cədvəli o dövrün ən kamil not sistemi və tabulaturası idi.
Marağaidən sonra yaranmış risalələrdə Şərq musiqi nəzəriyyəsinin əsasını təşkil edən bir çox mürəkkəb nəzəri problemlər artıq qoyulmamış və qismən qoyulmuşsa da müxtəlif variantlarda əvvəlkilərin təkrarı olmuşdur. Bu risalələrin əsas dəyəri isə onların təcrübi əhəmiyyətində idi. Bu dövrün risalələrindən Marağainin kiçik oğlu Əbdüləziz Çələbinin "Nəqavətil Ədvar" risaləsini və onun oğlu Mahmud Çələbinin "Məqasid əl-Ədvar" əsərini göstərmək olar.
XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaranmış maraqlı risalələrdən biri də Mirzə bəyin "Musiqi haqda" risaləsidir.

Mirzə Sadıq (Sadıqcan)
XIX yüzilin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunur (Şamaxıda Mahmud Ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Bakıda Məşədi Məlik Mənsurovun). XIX yüzilin 80-ci illərində M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə yaratdığı "Musiqiçilər məclisi"ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Sadıxcan və b. daxil idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamları yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur. Məşədi Zeynal Məşədi cəmil Əmirov, Şirin Axundov, Qurban Primov bu məktəbin davamçılarıdır.

Məşədi Cəmil Əmirov
Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam var ki, "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar".
Şuşa Qafqazının konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.

Cabbar Qaryağdı oğlu
Şuşa - Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil.
XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq aə Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin "Leyli və Məcnun" poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.

Üzeyir Hacıbəyov
Ü.Hacıbəyov Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan", 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun "Arşın mal alan" musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstambul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında). Baş rolun ifaçısı müğənni Rəşid Behbudova (1915-1989) bu əsər dünya şöhrəti gətirmişdir. SSRİ-nin xalq artisti R.Behbudov xalq və bəstəkar mahnılarının, F.Əmirovun "Sevil" operasından Balaş rolunun əvəzsiz ifaçısı idi. O, həm də "Mahnı" teatrının yaradıcısı və rəhbəri olmuşdur.
Hacıbəyovun digər məşhur operettası "O olmasın bu olsun" 1919-cu ildə Yaltada, ikinci dəfə 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmışdır.

XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920, hazırda Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Simfonik Orkestri), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (1931), rəqs ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı evi (1939), Azərbaycan Dövlət Konservatoriyası yanında Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.

Müslüm Maqomayev
20-ci illərdə R.M.Qlier Azərbaycan musiqi folklorundan geniş istifadə edərək "Aşıq Qərib" dastanı əsasında "Şahsənəm" (tamaşası 1927) operasını yazdı. Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.
Ü.Hacıbəyov monumental xalq qəhrəmanlıq epopeyası olan "Koroğlu"nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyov "Koroğlu" operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin bəstəkar xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. "Koroğlu" operasında xalqın obrazını əks etdirən monumental xalq səhnələri, əsas qəhrəmanların çoxcəhətli xasiyyətnamələri üzvi şəkildə əsərin dramturji xəttinə hörülmüşdür. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül yaratmışdır. O, bu rolu 400 dəfədən artıq ifa etmişdir.

Bülbül (Murtuza Məmmədov)
20-40-cı illərdə yeni bəstəkarlar nəsli yaradıcılıq yoluna qədəm qoydu.
30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyov "Təntənəli marş", M.Maqomayev "Azərbaycan çöllərində", "Azad qadının rəqsi", "Azərbaycan radio marşı RV-8"), xalq çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyov 1-ci və 2-ci fantaziyalar) əsərlər yazılır.

1941-1945 illər müharibəsində doğan qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış əsərlərdə (Ü.Hacıbəyov, S.Rüstəmov), Q.Qarayev və C.Hacıyevin "Vətən" (1945; SSRİ Dövlət mükafatı, 1946) operasında, Q.Qarayev, C.Hacıyev və S.Hacıbəyovun Birinci simfoniyalarında (Azərbaycan musiqisiqisində simfonik janrın ilk örnəkləridir) öz əksini tapmışdır. Niyazinin "Xosrov və Şirin" (1942) operası, Ü.Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyov bu əsərlərdə nitqi, şeriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir.
Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.
Q.Qarayevin "Yeddi gözəl" baleti (1952, Nizaminin eyni adlı poeması üzrə, baletmeyster P.A.Qusev; Azərbaycan Opera və Balet Teatrı) Azərbaycan musiqisində yeni mərhələ oldu. "Yeddi gözəl" ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuş, əsər balet janrının təkamülündə önəmli rol oynamışdır. Qara Qarayev 1958 ildə Q.Qarayevin "İldırımlı yollarla" (Lenin mükafatı, 1967; P.Abrahamsın eyniadlı romanı üzrə; baletmeyster K.M.Sergeyev) baleti Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək mövzu etibarilə çağdaş, musiqi həllinə görə özgün tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Güney Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə fərqlənir.
S.Hacıbəyov müasirlərimizin həyatından bəhs edən "Gülşən" (1950, SSRİ Dövlət mükafatı, 1952) baletini yazdı. F.Əmirovun "Gözün aydın" (1946), S.Rüstəmovun "Durna" (1947), S.Ələsgərovun "Ulduz" (1948) operettaları bu janrın örnəkləridir.

50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf qeyd edilir. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. 
F.Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz ifadəsini tapır.

Fikrət Əmirov
C.Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığında (2-ci simfoniya; 1946) Böyük Vətən müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır.
C.Cahangirov vokal-simfonik əsərlər bəstələyir ("Arazın o tayında" 1949 poeması, SSRİ Dövlət mükafatı, 1950; "Füzuli" kantatası). "Arazın o tayında" vokal-simfonik poeması özündə həm simfonik, həm də kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Mahnı janrının yüksəlişi S.Rüstəmov, T.Quliyev, R.Hacıyev, C.Cahangirov, Q.Hüseynli, A.Rzayevanın yaradıcılığı ilə sıx bağlıdır. Bu dövrdə bir sıra kinofilmlərə və dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti geniş vüsət almışdı. 1957-ci ildə ilk Dövlət simli kvarteti [A.Əliyev, M.Tağıyev, R.Seyidzadə, S.Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı] yaradılır. SSRİ xalq artistləri F.Əhmədova (müğənni), L.Vəkilova (balerina), əməkdar incəsənət xadimi Ç.Hacıbəyov (dirijor) və b. ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir. 1956 ildə Azərbaycan Bəstəkarlar İttifaqının (1990 ildən Azərbaycan Bəstəkarlar və Musiqişünaslar İttifaqı) 1-ci qurultayı keçirilir. 

Soltan Hacıbəyov
60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir.
Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun "Məhəbbət əfsanəsi" (1961), F.Əmirovun "Nəsimi haqqında dastan" (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), "Min bir gecə" (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazanır.

Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi xaricdə geniş ifa edilməyə başlamışdır. F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəyovun simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev, C.Quliyev və başqalarının əsərləri Avropa, Amerika, Asiya şəhərlərində uğurla ifa edilmişdir. Azərbaycan ifaçıları tez-tez xarici ölkələrdə qastrollarda olurlar.

Rəşid Behbudov
Xalq artistləri R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatlarıdır. Bəstəkarlarımızın əsərlərini dinləyiciyə, tamaşaçıya çatdırmaqda, onları təbliğ etməkdə hal-hazırda fəaliyyətdə olan dirijorlarımızın - R.Abdullayevin, C.Cəfərovun, Y.Adıgözəlovun, T.Göyçayevin, G.İmanovanın, R.Mustafayevin, N.Əzimovun və b. əməyi göstərilməlidir.
Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanənədələrdən xalq artistləri X.Şuşuinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, əməkdar artistlər Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən xalq artistləri Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, əməkdar artistlər Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamançaçalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan əməkdar artist Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b.-nın xidməti xüsusi qeyd olunmalıdır.

Tofiq Quliyev
Azərbaycan estrada və caz musiqisi də uğurla inkişaf edir. T.Quliyev, R.Hacıyev 1941-ci ildə yaranmış Azərbaycan Dövlət caz Orkestri (bədii rəhbəri Niyazi, musiqi rəhbəri T.Quliyev) üçün əsərlər bəstələyirdilər. P.Rüstəmbəyov (saksafon), A.Bünyadzadə, D.Bağırbəyova və b. orkestrin ilk ifaçıları olmuşlar. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (bədii rəhbəri R.Hacıyev), 1957-ci ildə "Biz Bakıdanıq" estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri (bədii rəhbəri və dirijoru T.Əhmədov), 60-cı illərdə "Qaya" kvarteti (sonralar vokal-instrumental ansamlı, bədii rəhbəri əməkdar artisti T.Mirzəyev), 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (bədii rəhbər və solist R.Behbudov), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (solisti və bədii rəhbəri M.Maqomayev) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (R.Atakişiyev, L.İmanov) təsiri olmuşdur. R.Behbudov və M.Maqomayevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.
Xalq artistləri Ş.Ələkbərova, G.Məmmədov, M.Babayev, F.Kərimova, E.Rəhimova, Y.Rzazadə, O.Ağayev, İ.Quliyeva, əməkdar artist A.Qəniyev, eləcə də H.Hadıyev, A.İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər.

Vagif Mustafazadə
Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi "Sevil" və "Muğam" ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür. R.Babayev, V.Sadıqov, A.Hüseynov, C.Zeynallı, Ə.Mustafazadə və başqa caz ifaçıları da tanınmışlar. Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni müdafiəyə çağıran Qarabağ müharibəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir.

Bunların sırasında V.Adıgözəlovun "Qarabağ şikəstəsi" və "Qəm karvanı" (1999) oratoriyaları, T.Bakıxanovun "Qarabağ harayı" (2001) simfoniyası, A.Əlizadənin "Ana torpaq" (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin "Haqq səninlədir, Azərbaycan" (1992) kantatası, H.Xanməmmədovun "Əlimdə sazım ağlar" xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın "Vətən şəhidləri" (1990) kantatası, tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999) və b. xüsusi yer tutur.

2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında "Qafqaza səyahət" baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun "Xeyir və şər" (1990) birpərdəli baleti (1990), H.Məmmədovun "Şeyx Sənan", O.Zülfüqarovun "Əlibaba və 40 quldur" (1990) baleti yazılmışdır.

Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan müsiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənir.

A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun, əsərləri Türkiyədə, Norvecdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşlar. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun ("Çanaqqala" oratoriyası), Kiprdə T.Bakıxanovun ("Güzey Kipr fəsilləri", "Güzey Kipr süitası") və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin ("Xütbə, Muğam, Surə", "Babil qiyaməti" 2000), F.Əlizadənin ("İlğım"), R.Həsənovanın ("Səma") əsərləri ifa edilmişdir. "İpək yolu" layihəsində F.Əlizadə ("Dərviş"), və C.Quliyevin ("Karvan") iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov YUNESKO və Yaponiyanın keçirdiyi müsabiqənin ("Zamana səyahət" simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına ("Qoy dünyada sülh olsun" oratoriyası) layiq görülmüşdür.

1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyov, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada "Ekspo - 2000" Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.

2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş "Xan qızı Natəvan" (2003, dekabr) operasının premyerası oldu. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.
Zəngin Azərbaycan musiqisi bu gün özünün yeni dövrünü yaşayır. Biz ondan yeni böyük qələbələr, gözəl əsərlər və parlaq istedadlar gözləyirik.

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s.kinoteatrlar da var idi. 1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər. Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər. AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına "Azərdaycanfilm" kinostudiyası adlanır. Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), "Vulkan üzərində ev" (1929, rejissor A.İ.Bek-Nazarov, "Ermənikino" ilə birqə), "Hacı Qara" (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir. XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü" (1923), "Suraxanı neft mədənlərində yanğın" (1923) "Nəriman Nərimanovun dəfni" (1925), "M.Frunzenin Bakıya gəlməsi" (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı. 1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir. 30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: "Lətif", "İsmət" (1930, 1934, rejissor M.Mikayılov), "Almaz" və "Yeni horizont" (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), "Bakılılar" (1938, rejissor V.V.Turin), "Kəndlilər" (1940, rejissor S.Mərdanov) və s.

Teatr sənətinin yaranması və inkişafı
Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.
Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Uzaq zamanlardan bəri xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. Azərbaycanda xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. Bu tamaşa biçimlərindən bir qismi sabit süjet üzərində qurulduğundan oyun xarakteri daşıdığı halda, başqa qismi xırda məzhəkələrdən ibarət repertuara malik olub, Azərbaycan xalq teatrının daha yetkin mərhələsini təşkil edirdi.

Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. "Kosa-gəlin", "Tapdıq çoban", "Tənbəl qardaş" (üçpərdəli komediya) və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşib, acı kinayə, satiraya çevrilərək, adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.

Şiəliyi rəsmi dini təriqət kimi müdafiə edən Səfəvilər dövründə (XVI yüzil) xalqın şüuruna təsir göstərmək üçün müxtəlif vasitələrə əl atmışdır. Bu dövrdən "Şəbih" dini tamaşası geniş yayılmışdı. "Şəbih"lər Azərbaycanda professional teatrın yaranmasına səmərəli təsir göstərməklə yanaşı bir çox sənətçilərin səhnəyə gəlməsinə müəyyən imkan yaratmışdır.

Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.
Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.

Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar.

M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır (Azərbaycan dilində). Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, Muxtar Muradov, İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70-80-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888 ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.

1890-cı illərdən başlayaraq, N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. N.Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı.1896-cı ildə H.Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundov, N.Vəzirov, H.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N.V.Qoqol, İ.S.Turqenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M.F.Axundovun komediyaları ilə yanaşı, N.Vəzirovun "Müsibəti Fəxrədin", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadanlıq", "Nadir şah" pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.

1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti yaradıldı. "Şirkət"ə məşhur teatr xadimi C.Zeynalov rəhbərlik edirdi. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, "Şirkət" arası kəsilmədən tamaşalar verir, repertuarını genişləndirirdi. Bu illərdə Bakının fəhlə rayonlarında tamaşalar göstərən dram dərnəkləri və teatr trppaları ("Balaxanı dram dərnəyi", "Həmiyyət") təşkil edildi. "Təkamül" qəzeti yanında yaradılmış "Həmiyyət" truppasının heyətində onun bilavasitə təşkilatçısı M.A.Əliyevdən başqa Ə.Rzayev, C.Hacınski və b. var idi. Truppanın üzvləri həm tamaşa hazırlayır, həm də tamaşaçı yığırdılar. Yaxşı bina tutmağa vəsait olmadığından, tamaşalar ticarət passajının "Qranvio" adlı salonunda verilirdi. 1906-cı ildə burada N.Nərimanovun "Nadanlıq" pyesi oynanmışdı. 1905 il inqilabından sonra Bakıda bir sıra "cəmiyyətlər" yaradılmasına icazə verilir, qabaqlar gizli fəaliyyət göstərən cəmiyyətlər açığa çıxırdı. Bunlardan biri də "Nicat" mədəni-maarif cəmiyyəti idi. 1907 ildə bu cəmiyyətin yanında teatr truppasının təşkil edilməsi həmin dövr teatr həyatında mühüm rol oynadı. 1908-ci ildə "Nicat" cəmiyyəti yanında H.Ərəblinski, S.Ruhulla, Ə.Vəli kimi professional aktyorları birləşdirən vahid dram truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var idi. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamşalar verirdi. Ə.Haqverdiyevin "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadir şah", N.Vəzirovun "Pəhləvanani-zamanə", Ş.Saminin "Qaveyi ahəngar", F.Şillerin "Qaçaqlar", N.Neynenin "Əlmənsur", V.Şekspirin "Otello", J.B.Molyerin "Zorən təbib", N.V.Qoqolun "Müfəttiş", "Evlənmə", L.N.Tolstoyun "Əvvəlinci şərabçı" kimi pyesləri məhz bu dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu.

1910-cu ildə "Səfa" adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi. Ancaq "Nicat"ın aktyorları tədricən "Səfa"ya keçirdilər. Cəmiyyətin işində D.Bunyadzadə, şair Səməd Mənsur, aktyorlardan C.Zeynalov, A.M.Şərifzadə fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan H.Ərəblinski, M.A.Əliyev, S.Ruhulla, H.Sarabski və b. vaxtaşırı dəvət olunurdular. "Səfa" cəmiyyətinin truppası tamaşa verməkdən başqa, teatın həyatı ilə bağlı mədəni-maarif işləri ilə də məşğul olurdu. 191-cu ildə truppa C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M.F.Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. "Şəfa" truppasının işində nəzəri cəlb edən cəhətlərdən biri də onun istər Azərbaycanın şəhər və kəndlərində, istərsə də daha geniş dairədə (Güney Qafqaz, Orta Asiya, Quzey Qafqaz, İran şəhərlərində, Həştərxanda, Kazanda və s.) qastrol tamaşaları təşkil etməsi idi. Ümumiyyətlə istər "Nicat", istərsə də "Səfa" cəmiyyətləri Azərbaycan teatrının təşkilat və yaradıcılıq baxımından möhkəmləndirilməsində müəyyən rol oynadılar. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z.Hacıbəyov ("Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay" musiqi komediyaları), M.Maqomayev ("Şah İsmayıl"), M.M.Kazımovski ("Vurhavur" musiqili komediyası), M.C.Əmirov ("Seyfəlmülk" operası) və başqalarının əsərləri ilə zənginləşdi. Ancaq özünün ayrıca repertuarı olmasına baxmayaraq, musiqili teatrda peşəkar ifaçılara böyük ehtiyac duyulurdu. Musiqili tamaşalarda H.Sarabski, M.Məmmədov (Bülbül), H.Hacıbababəyov, H.Terequlov, M.Bağırov, Ə.Ağdamski kimi opera müğənniləri ilə yanaşı, əsasən dram aktyorları H.Ərəblinski (rej. kimi) Ə.Hüseynzadə, H.Abbasov, A. və Y.Olenskayalar, R.Darablı, Ə.Anaplı və b. çıxış edirdilər. Musiqili teatr və dram teatrları arasında dəqiq bölgü aparılmamış, truppaların repertuarına həm dram, həm də musiqili əsərlər daxil edilmişdi (1910 illərdə musiqili tamaşalar üstünlük təşkil edirdi).

1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda "Müsəlmən artistləri ittifaqı" yaradıldı. A.M.Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Aktyorların çoxu qastrol səfərlərində idi. Yalnız Ü. və Z.Hacıbəyov qardaşlarının truppası nisbətən müntəzəm fəaliyyət göstərirdi.

Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq, eyni zamanda, bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.

Azərbaycanda cizgi filmlərinin yaranmasının qısa tarixi
Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə "Azərbaycanfilm" studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il "Lökbatan" və "Neft simfoniyası" (rej. B.Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. "Cat" təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir.

Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A.Papov yazdı. "Abbasın bədbəxtliyi" adlanan bu ssenariyə gənc rejissor E.Dikaryov quruluş verdi. Rəsmləri rəssamlardan Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyev çəkmişlər. Filmin operatoru Q.Yegiazarov idi.

Bundan başqa Böyük Vətən müharibəsi başlamamışdan bir qədər əvvəl studiyada ikinci cizgi filminin çəkilişlərinə hazırlıq görülmüşdür. Filmin adı belə idi: "Sindbad dəniz səyyahıdır". Bu, səsli film olmalı idi. Lakin təəssüf ki, müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı.

Qeyd etmək lazımdır ki, bundan sonra da kinostudiyada yüzlərlə elmi-kütləvi və sənədli filmlərin çəkilişində cizgi rəsmlərindən istifadə edilmişdir. Bu filmlərin yaradılmasında rəssamlardan C.Zeynalov, M.Rəfiyev, A.Axundov, N.Məmmədov, B.Əliyev, quraşdırma çəkilişləri operatoru A.Milov iştirak etmişlər.

60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Multfilmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılmışdır. Multfilm sənətinin sirrlərini öyrənmək üçün studiyada xüsusi kurslar açılmışdır.

1968-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexi bərpa olunandan sonra direktor Ə.İsgəndərov sexin istifadəyə verilməsinə və cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə diqqət yetirirdi.

Nəhayət, 1969-cu il fevralın 28-də "Cırtdan" adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmin istehsalı başa çatdırıldı. "Cırtdan" kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film oldu. Film 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət kinoteatrlarımızın ekranlarından düşmədi. Beləliklə, "Cırtdan"ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.

70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdur. 1970-ci ildə multiplikatorlar kinonun bu növündə üç filmə ekran həyatı vermişdilər. Bunlardan ikisi "Ayı və siçan" (rej. N.Məmmədov) və "Şir və öküz" (rej. A.Axundov) mikrofilmlərdir. İkinci film o vaxt "Kaleydoskop-71" Ümumittifaq kinoalmanaxına daxil edilmişdir. Üçüncü - "Fitnə" (rej. A.Axundov) rəngli applikasiya filmidir. Bu film isə dahi Azərbaycan şairi N.Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmiş, təsvirin işlənməsi (rəssam E.Rzaquliyev) orta əsr Azərbaycan miniatür sənəti üslubunda həll olunmuşdur.

"Pıspısa xanım və Siçan bəy" (1974) və "Cücələrim" (1980) cizgi filmlərində (rej. A.Axundov) orijinal plastik həllin axtarışları aydın nəzərə çarpır. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş "Tülkü həccə gedir" (rej. N.Məmədov, B. Əliyev) cizgi filmi istər üslub, istərsə də sənətkarlığa görə ən maraqlı işlərdəndir. "Çaqqal oğlu çaqqal" kukla filmi (1972, rej. M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.

Filmlərin yaradılması üzərində rəssam - multiplikatorların böyük qrupu işləmişdir. A.Axundov, N.Məmmədov və M.Rəfiyevdən başqa M.Pənahi, B.Əliyev, H.Əkbərov, F.Quliyeva, Ə.Məmmədov da kinostudiyada cizgi filmləri yaratmışlar.

"Bulud niyə ağlayır" (1973, rej. M.Pənahi) filminin mövzusu milli folklorumuzdan götürülmüşdür. Təsvirin həlli klassik şərq miniatürünə əsaslanır. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında animasiya filminə I mükafat verilmişdir.

"Cırtdanın yeni sərgüzəşti" filmi (1973, rej. N.Məmmədov və B.Əliyev) kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik üzvi şəkildə bir-birinə bağlanmışdır. "Şahzadə - qara qızıl" film-nağılı (1974, rej. N.Məmmədov və B.Əliyev) poetik formada insanın yerin altından, dənizin dibindən qara qızıl çıxarmasından söhbət açır.

"Günlərin bir günündə" (1975), "Dınqıl sazım, dınqıl" (1976), "Pəncə...Qulaq...Palaz...Tikan" (1976) cizgi filmlərində (rej. M.Pənahi) ibrətamiz məsələlərə toxunulur.

"Şah və xidmətçi" filminin də (1976, rej. N.Məmmədov) əsasını N.Gəncəvinin əsərinin motivləri təşkil edir. Burada Azərbaycan oxucusuna çox yaxşı məlum olan sədaqətli nökər və amansız, qəddar şahın əhvalatı ekranda canlandırılmışdır.

Qarışıq texnikada işlənilmiş "Arzunu yarat" filmində (1977, rej. F.Qurbanova) eksperiment aparılmış, burada aktyor və animasiyadan istifadə edilmişdir. Bunu film-klip də adlandırmaq olar.

Bu illərdə müstəqil olaraq iki film - "Daş" və "Kirpi balası və alma" cizgi filmləri (1977, rej. H.Əkbərov) yaradılmışdır. Böyüklər üçün nəzərdə tutulmuş birinci film dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağırır. İkinci film bizi canlı təbiəti qorumağa səsləyir.

"Toplan və kölgəsi" (1977), "Sonrakı peşmançılıq" (1978) və "Sehrlənmiş küpə" (1979) cizgi və applikasiya filmlərində də (rej. N.Məmmədov) xeyirxah, nəcib olmağın vacibliyindən, əməksevərlikdən, böyüklərə hörmətdən və digər insani keyfiyyətlərdən danışılır.

"Qız qalası əfsanəsi" cizgi filmi (1978) adından göründüyü kimi Azərbaycan xalq əfsanəsinin motivləri əsasında yaradılmışdır.

80-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. Bunlardan "Cücələrim", "Meşəyə insan gəlir", "Sehrli ağac", "Taya", "Dəcəl dovşan", "Sandıq", "Sən belə cumbulusan", "Sehrli ləçək ", "Uçan zürafə", "Qəribə əjdaha", "Təqib", "Yatmaq vaxtıdır", "Balaca çoban", "Humayın yuxusu", "Sakit Yonun macəraları", "Ana ağaca qonub" və s. cizgi, "Xeyir və Şər", "Cırtdan-Pəhləvan", "Uşaq və külək", "Akvarium", "Cırtdan və div", "Yeni il əhvalatı", "Sehrli naxışlar" applikasiya üsulu ilə çəkilmişdir.

80-ci illərin əvvəllərində çəkilmiş "Cücələrim" adlı cizgi filmi (rej. A.Axundov) tez bir zamanda populyar olmuşdur.

N.Gəncəvinin "Xeyir və Şər" əsərinin motivləri əsasında çəkilmiş eyniadlı applikasiya filmi (rej. N.Məmmədov) böyüklər üçün nəzərdə tutulmuşdur. Kinolentdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin göstərdiyi bədxah əməllərdən danışılır. "Akvarium" applikasiya filmi (rəssam-rejissor F.Qurbanova) poetik filmdir. Burada quraşdırma çəkilişlərindən istifadə edilmişdir. Applikasiya personajları ilə yanaşı filmdə canlı oğlan da fəaliyyət göstərir.

1984-cü ildə Murmansk şəhərində (Rusiya) təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində cizgi filminə münsiflər heyətinin diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri fərmanı verilmişdir.

Kinostudiyada yarıqabarıq kukladan ilk dəfə "Münəccimin şagirdi" filmində (rej. A.Məhərrəmov) istifadə olunmuşdur. Xalq nağılları əsasında yaradılmış bu filmdə asan yolla varlanmaq istəyən, acgözlük nəticəsində gülünc vəziyyətlərə düşən bir yeniyetmədən danışılır.

"Bir axşam..." (rej. və rəssam F.Qurbanova) filmi - cizgi, qarışıq, ekler filmidir. Özünəməxsus üslub həlli, müvəffəqiyyətli musiqi sərxoşluq və alkoqolizm əleyhinə olan bu filmin ictimai pafosunu bir az da qüvvətləndirir. Burada aktyor oyunu və rəsmlərlə qurulmuş səhnələr vardır. Filmdəki hadisələr adi bir otaqda, səkkiz yaşlı qız uşağının gözləri önündə baş verir. 1986-cı ildə Alma-Atada XIX Ümumittifaq kinofestivalında film aktual mövzunun orijinal həllinə görə münsiflər heyətinin xüsusi prizini almışdır. Adlarını çəkdiyimiz kinolentlərdən başqa 80-ci illərdə daha bir neçə cizgi filmi, o cümlədən "Yaz oyunları", "Nar ağacının nağılı", "Qaravəlli", "Gəldi kosa", "Xrizantema yarpağı", "Çətin məsələ", "Arzular...arzular...", "Lovğa fil balası", "Talada ev" və s. yaradılmışdır.


Bütün bunlarla bərabər ümumilikdə götürdükdə Azərbaycan cizgi filmlərinin bədii keyfiyyəti heç də eyni səviyyədə deyildi. Bunun bir neçə səbəbi var idi: birincisi kadrların hazırlığı, peşəkarlığı, ikincisi isə texniki avadanlığın, xüsusilə boyaların kasadlığı ilə əlaqədardır.

80-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün səhələrə, o cümlədən yaradıcı təşkilatlara təsiri, "Azərbaycanfilm"in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, "Azanfilm" Yaradıcılıq-İstehsalat Birliyi oldu. "Azanfilm" - Azərbaycan animasiya filmləri deməkdir. Nə üçün multiplikasiya yox, məhz animasiya? Ona görə ki, bütün dünyada multiplikasiya (çoxalma) kimi kinematoqraf növü animasiya (canlandırma) adlandırılmışdır.

90-cı illərdə "Azanfilm" markası altında 19 cizgi filmi çəkilmişdir. Bunların arasında "Bir dəfə haradasa..." (rej. V.Talıbov), "İthaf" (rej. Ş. Nəcəfzadə), "Oda" (rej. V.Talıbov, R.İsmayılov), "Sərkəyin dastanı" (rej. A.Məhərrəmov), "Göyçək Fatma", "Karvan" (rej. N.Məmmədov), "Güzgü", "Dəniz gəzintisi", "Ümid" (hamısı rej. E.Axundov), "Söhbətül-əsmar " (rej. E.Hami), "Şüəla" (T.Piriyev) maraqlı və baxımlı ekran əsərləridir.

"Bir dəfə haradasa..." cizgi filmi bizim günlərdə baş verən hadisələr haqqında siyasi satiradır. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsində ən yaxşı cizgi filminə görə rejissor V.Talıbova priz və diplom verilmişdir.

"İthaf" applikasiya filmi Stalin repressiyasının qurbanlarına həsr edilmişdir. 1991-ci ildə Oberhauzen Beynəlxalq kinofestivalında animasiya filmi diplomla təltif olunmuşdur. 1991-ci ildə Kiyevdə "KROK-91" Beynəlxalq animasiya filmləri federasiyasının (ASİFA) festivalında ən uğurlu debüt üçün mükafata layiq görülmüşdür. 1991-ci ildə Bakıda "Şərqdən baxış" Beynəlxalq kinofestivalında ən yaxşı animasiya filminə görə mükafat almışdır.

"Oda" cizgi filmində dahi bəstəkar Bethovenin 9-cu simfoniyasından sevinc odası səslənir. Kinolent həyatın mənası, yaradıcılıq haqqında fəlsəfi düşüncələrdir.

S.S.Axundovun "Qorxulu nağıllar"ının motivləri əsasında çəkilmiş "Ümid" cizgi filmi "Bizim naməlum kino-2" festivalında rejissora pul mükafatı və priz qazandırmışdır.

"Söhbətül-əsmar" applikasiya filmi dahi Azərbaycan şairi M.Füzulinin anadan olmasının 500-illik yubileyinə həsr olunmuşdur. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar. 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsində ən yaxşı cizgi filminə görə rejissor diplom və prizlə təltif olunmuşdur.

Bəstəkar Soltan Hacıbəyovun məşhur "Karvan" əsəri əsasında çəkilmiş "Karvan" cizgi filmi üç novelladan ibarətdir: birincisi qədim insan məskəni Qobustandan söhbət açır. İkinci novellada Şərq və qadın mövzusuna toxunulmuşdur. Üçüncü novella 20 Yanvar və Xocalı faciələri barədə danışır.

Qədim dövrlərdə və orta əsrlərdə təsviri sənətin inkişafı


Öz kökləri ilə ta qədim dövrlərə gedib çıxan Azərbaycan təsviri sənət ənənələri özündə neçə-neçə nəsillərin bədii təcrübəsini yığıb saxlamışdır.
Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uz. 215-220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.
Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Orbdubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər də təsviri sənətin qədim nümunələri arasında mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Mil, Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII-VII əsrlər). Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.

Həkkaklıq və heykəltəraşlıq nümunələri Albaniya (Qafqaz) dövrü sənətində geniş yayılmışdır. Mingəçevir məbədinin (5-6 əsrlər) daş kapitelinin səthində müqəddəs dirilik ağacının sol və sağında üz-üzə dayanmış iki tovuz quşunun qabartma təsviri Albaniya (Qafqaz) dövrü heykəltəraşlığının ən kamil nümunələrindəndir.
Bədii metal məmulatlarının (torevtika) tərtibində də plastik formalara tez-tez təsadüf olunur. Mingəçevir, Torpaqqala və s. yerlərdən tapılmış gümüş camların, tuncdan hazırlanmış su qablarının üzərində maral, şir, tovuz quşu, buta təsvirləri verilmişdir. Bu dövrün dairəvi və qabartma heykəltəraşlıq nümunələrindən (tuncdan və daşdan) insan və heyvan təsvirləri, məişət, ov və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur. VII əsrdən başlayaraq islam dininin yayılması ilə bağlı Azərbaycanın qədim tarixi şəhərlərində - Qəbələ, Naxçıvan, Şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Təbriz, Marağa və Ərdəbildə memarlıq kompleksləri, saray, qəsr, məscid və türbələr inşa edilirdi. Həmin binaların dekorativ tərtibatında kalliqrafiya - kitabə, ornament, kaşı və qabartma elementlərindən geniş istifadə olunmuşdur. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan binalarda daş üzərində oyma sənəti nümunələri, həndəsi və nəbati naxışlar, Naxçıvan memarlıq məktəbini təmsil edən binaların dekorativ bəzəklərində isə şirli kərpicdən və kaşı bəzəklərindən ibarət ornament motivləri başlıca yer tutur.

Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə vəhdət təşkil etmiş, Gəncə, Beyləqan və digər şəhərlərdən tapılmış keramika nümunələri üzərində nəbati və həndəsi ornamentlərlə yanaşı, iti caynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər təsvir edilmişdir. Bu dövr Azərbaycan İntibah mədəniyyəti Nizami Gəncəvinin yaradıcılığı ilə sıx bağlı olmuş, o, poemalarında memar, heykəltəraş, nəqqaş və rəssam obrazları yaratmışdır (Fərhad, Şapur, Simnar).

İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.

Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir. Lakin XIII əsrin əvvəllərində Əbdülmömin Məhəmməd əl-Xoyinin "Vərqa və Gülşa" əlyazmasına çəkdiyi miniatürlərin (Topqapı muzeyi, İstanbul) üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha qədimdən mövcud olduğunu göstərir. "Vərqa və Gülşa"ya çəkilmiş miniatürlər yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.

XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi. Bu əsrlərdə Çin-uyğur sənətindən faydalanan rəssamlar Uzaq Şərq xalqlarından gələn təsvir forması və ifadə vasitələrini yerli ənənələrlə - səthi-dekorativ forma ilə uyğunlaşdırmağa çalışırlar.

XIV əsrin ortalarından Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340-50 illərə aid edilən "Böyük Təbriz Şahnaməsi", yaxud "Demott Şahnaməsi" adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır. Əksəriyyəti dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və kitabxanalarında saxlanılır. Bu əlyazmanın miniatürlərindən hələlik 58-i məlumdur. Tədqiqatçılar Təbriz miniatür məktəbinin bu dövrdəki inkişafını, xüsusilə "Demott Şahnaməsi"nin illüstrasiyalarını yüksək qiymətləndirmişlər. Fransız sənətşünası Östaş dö Lorey yazır: "miniatür sənəti heç vaxt bu qədər əzəmətli, akademizmdən uzaq və belə orijinal olmamışdır".

Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması (1405-10, Frir qalereyası, Vaşinqton), sonuncu Cəlair hakimi Sultan Əhmədin şeirlər "Divanı"na çəkilmiş dahi rəssam Əbd-əl-Xayyinin rəsmləri (1405-10, Frir qaleryası, Vaşinqton) və Əssar Təbrizinin "Mehr və Müştəri" əsərinə (1419) çəkilmiş illüstrasiyalardakı xəttat (Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri Təbriz məktəbinin kamilləşməsini göstərir.

XV əsrin əvvəllərindən başlayaraq Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini qabil sənətkarlarla təmin edən qüdrətli sənət mərkəzi olmuşdur. Məşhur alman sənətşünası F.Şults Təbriz məktəbini qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş "ana məktəb" ("Mutter Schule") adlandırmışdır.

XV əsrdə Təbriz məktəbinin təsirilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlayır. Bu dövrdə "Şərq poeziyası antologiyası", yaxud "Şamaxı antologiyası" (1468, Britaniya muzeyi, London) və b. əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər ("Mehtər", "İki əmir"; Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir. XV əsrin axırlarında Təbriz miniatür məktəbi yeni yüksəliş dövrünü keçirir. 1481-ci ildə Sultan Yaqub üçün hazırlanan və I Şah İsmayıl dövründə tamamlanan İstanbul "Xəmsə"sinə XVI əsrin əvvəllərində çəkilmiş 9 miniatür obrazlı ifadə vasitələrinə, kompozisiyanın mürəkkəbliyi və təmtəraqlı dekorotivliyinə, kolorit zənginliyinə görə ("Şirin çimərkən Xosrovun ona tamaşa etməsi", "İsgəndər və Dara", "İsgəndər və çoban", "İsgəndər Nüşabənin sarayında" və s.) XVI əsrə aid eyni məzmunlu miniatürlərdən əsaslı surətdə fərqlənir, bədii sənətkarlıq baxımından daha qiymətli hesab edilir. Bu əsərlərin XVI əsrdə Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd, onun müasirləri və tələbələri tərəfindən çəkilməsi şübhəsizdir. Təsadüfi deyil ki, bu dövrdə və daha sonralar Təbrizdə işlənmiş, lakin müəllifləri bəlli olmayan ən dəyərli miniatürlər adətən Sultan Məhəmməd məktəbinə, yaxud onun üslubuna aid edilir.

Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması ilə bağlı Azərbaycanın paytaxtı Təbriz şəhəri yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın, əsas mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlarla yanaşı, Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri, Dust Məhəmməd kimi şərqin görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər.

XVI əsrin əvvəllərindən başlayaraq Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla əlaqəsi daha da genişlənir. Firdovsi, Nizami, Sədi, Hafiz, Cami, Nəvai, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərləri, poetik süjet və obrazları Təbriz rəssamlarının yaradıcılığında əsas yer tutur. Təsviri sənətdə ən çox və ən dəyərli miniatürlər bu iki əsərə - "Şahnamə" və "Xəmsə"yə çəkilirdi. XVI əsrin əvvəllərində Təbriz məktəbinin bədii üslub xüsusiyyətlərini özündə cəmləşdirən miniatürlərdən 1524 il tarixli "Xəmsə" (Metropoliten-muzey, Nyu-York), "Şahnamə" (Şərqşünaslıq in-tu, Sankt-Peterburq), "Quy və çovkan", 1528 il tarixli "Cami ət-təvarix" (hər ikisi M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş illüstrasiyalar diqqəti cəlb edir. Bəsit kompozisiya quruluşu, koloriti, obrazların həlli və mənzərə motivlərinin təsvir baxımından nisbətən sadə və yığcam olan bu əsərlər 15 əsr miniatürlərinin lakonik üslub xüysusiyyətlərindən təmtəraqlı dekorativ xarakter daşıyan yeni üsluba keçid mərhələsini təşkil edir.

Təbriz məktəbi simasında 1530-40-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatır. Bu dövrdə bədii-estetik və sənətkarlıq baxımından ən dəyərli miniatürlərlə bəzədilmiş bir çox qiymətli əlyazmalar hazırlanır.

Son dərəcə zərif işlənmiş 3 kiçik miniatürlü "Şah və Dərviş" (M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq), 258 miniatürlə bəzədilmiş "Şahnamə" (1537; miniatürlərin bir qismi Nyu-Yorkdakı Metropoliten-muzeydə, qalan hissəsi Nyu-Yorkda, Haufton kolleksiyasındadır) və 14 ədəd nadir miniatürü ilə dünya şöhrəti qazanmış "Xəmsə" (1539-43, Britaniya muzeyi, London) əlyazmaları zəngin bədii tərtibatı, nəfis dekorativ bəzəyinə görə Şərqdə kitab sənətinin və miniatür boyakarlığının şah əsərləri hesab edilir. "Şahnamə"yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin "Keyumərzin məclisi", "Zöhhakın edam edilməsi", Mirzə Əli Təbrizinin "Hindistan elçilərinin qəbulu", Müzəffər Əlinin ov və döyüş səhnələri, Mir Seyid Əlinin saray məclisləri təsvir olunan əsərləri, "Xəmsə"yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin "Sultan Səncər və qarı", "Şirin çimərkən Xosrovun ona tamaşa etməsi", "Məhəmməd Peyğəmbərin meracı". Mir Müsəvvirin "Ənuşirəvan və bayquşların söhbəti", Mirzə Əli Təbrizinin "Xosrov Bərbədin musiqisini dinləyir", "Şapur Xosrovun portretini Şirinə göstərir", Mir Seyid Əlinin "Dilənçi qarının Məcnunu Leylinin yanına gətirməsi" və s. əsərlər Şərq miniatür sənətinin zirvəsini təşkil edir. Şərq rəssamlarının ən çox sevdiyi "Şahnamə" və "Xəmsə" süjetləri parlaq, klassik ifadəsini məhz bu iki əlyazmada - Sultan Məhəmməd və onun müasirlərinin əsərlərində tapmışdır. Belə süjet və obrazlarla yanaşı, Azərbaycan rəssamları digər poetik əsərlərə də orijinal miniatürlər çəkmişlər. Bunlardan Sultan Məhəmmədin 1530 illərdə Hafizin "Divan"ına çəkdiyi "Şam Mirzənin kef-musiqi məclisi", "Meyxanada", naməlum rəssamların Ə.Cami, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərlərinin əlyazmalarına, Sədinin külliyatına (hamısı M.Y.Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) və b. əlyazmalarına çəkdikləri miniatürləri göstərmək olar. Sultan Məhəmmədin "Meyxanada" əsərində təsvir olunan surətlər daxili psixoloji ifadəliliyi və obrazların bir qədər qroteskvarı, satirik planda işlənməsi baxımından şərq miniatür sənətində nadir əsərlərdən hesab edilir.

Miniatür sənətində XVI əsrədək tək-tək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf edərək tezliklə xüsusi janr səviyyəsinə yüksəlir. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil miniatürlərdə əsasən adi həyat hadisələri - ov və döyüş səhnələri, kef və musiqi məclisləri, saray əyləncələri, şah və əsilzadələrin portretləri, nadir hallarda isə klassik ədəbiyyatdan alınmış poetik süjetlər təsvir edilirdi. Rusiya (Sankt-Peterburq), Türkiyə (İstanbul), eləcə də Avropa və ABŞ-ın bir çox muzey və kitabxanalarında saxlanılan xüsusi albomlarda (mürəkkələrdə) toplanmış, bəzən də sırf dekorativ bəzək məqsədilə müxtəlif əlyazma kitablarına sonralar daxil edilmiş belə miniatürlərdən Mirzə Əli Təbrizinin "Sarayda musiqi məclisi", Sultan Məhəmmədin "Ov səhnəsi" triptixləri, Mir Seyid Əlinin "Kənd həyatı" və "Şəhər həyatı" tabloları şərq miniatür sənətində müstəsna yer tutur.

XVI əsrin ortalarında Sultan Məhəmməd, Mir Müsəvvir, Dust Məhəmməd və b. rəssamlar bir sıra portret miniatürləri yaratmışlar. Tipikliyi, obrazların həlli və etnoqrafik cəhətdən bir-birindən fərqlənməyən, bəzən də çox az fərqlənən, yalnız müxtəlif vəziyyət və hərəkətdə verilmiş bu portretlərdə rəssamlar dövrün və özlərinin gözəllik ideallarına uyğun olaraq şah və saray əyanlarının obrazlarını idealizə edilmiş halda əks etdirirdilər. Müəyyən kanonlar (qayda, üsul) əsasında yaradılan bu portretlərdə əsas məqsəd hökmdarın zahiri gözəlliyini tərənnüm etmək olmuşdur.

XVI əsrin 2-ci yarısında Səfəvilər dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi ilə bağlı saray kitabxanasında fəaliyyət göstərən rəssamlardan bir qrupu yeni mərkəzə toplaşır. Azərbaycan rəssamlarının Qəzvində 1575-ci ilə qədər çəkdikləri miniatürlər bədii üslub xüsusiyyətlərinə görə Təbriz dövrü miniatürlərindən əsla seçilmir və Təbriz üslubunun məntiqi davamını təşkil edir.

XVI əsrin 2-ci yarısı və sonlarında Azərbaycan miniatür sənətinin inkişafı və Qəzvində yeni üslubun yaranıb formalaşması Sultan Məhəmməd ənənələrinin davamçıları Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi, Əli Rza Abbasi Təbrizi, xüsusilə dövrün ən görkəmli ustad rəssamları Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə bağlıdır. Bu dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilmişdir. XVI əsrin 2-ci yarısında Azərbaycan kitab tərtibatı və miniatür sənətində müəyyən durğunluq əmələ gəldi. Bunun əsas səbəblərindən biri paytaxtın köçürülməsi ilə bağlı Təbrizin sənət mərkəzi kimi öz rolunu getdikcə itirməsi idisə, digər səbəbi XVI əsrin son rübündə Təbriz rəssamlarının Türkiyə və İranın sənət mərkəzlərində fəaliyyət göstərməsi, eləcə də bu dövrdə Sultan Məhəmməd və onun məktəbinə mənsub olan rəssamlar kimi hərtərəfli inkişaf etmiş, geniş yaradıcılıq imkanına malik ustad sənətkarların az olması idi.

Təbriz məktəbi qonşu ölkələrlə yaradıcılıq əlaqəsi saxlamış, məktəbin nümayəndələri müxtəlif vaxtlarda bir çox Şərq ölkələrində fəaliyyət göstərmişlər. Məşhur rəssam Mir Seyid Əli atası Mir Müsəvvirlə birlikdə uzun müddət Hindistanda Moğol hökmdarları Hümayun (1530-39, 1555-59) və Əkbərin (1556-1605) sarayında baş rəssam işləmiş, yeni sənətkarların hazırlanmasında, Moğol miniatür məktəbi adlanan hind boyakarlıq məktəbinin yaranması və inkişafında onların mühüm rolu olmuşdur. Türkiyə miniatür sənətinin inkişafına Azərbaycan rəssamları əhəmiyyətli təsir göstərmişlər. Şahqulu Nəqqaş, Vəlican Təbrizi, Kamal Təbrizi və bir sıra digər Təbriz rəssamları müxtəlif dövrlərdə İstanbulda fəaltyyət göstərmiş, Şahqulu ıə Vəlican saray emalatxanasına rəhbərlik etmişlər. Xalçaçılıq, bədii parça, bədii metalişləmə və keramika sahəsində məzmunu, bədii forması, obrazlı ifadə vasitələrinə görə miniatür üslubunu xatırladan bir çox dəyərli əsərlər yaradılmışdır.

 

Memarlıq  -  insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.

Memarlığın tarixi

Memarlıq tarixinin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misaldır.

Azərbaycanda Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri - kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilib.

Azərbaycan ərazisində e.ə. IX-VII əsrlərdə şəhərlər əmələ gəlib, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Həsənli rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, Azərbaycanda VII əsrdən eyvanlı mənzil tipi təşəkkül tapmışdır. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları dövrümüzə kimi gəlib çatmışdır. 

VII əsrdən Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişmişdir. Memarlıqda yeni tipli binaların - məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt olmuşdur. Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilmişdir. Bunlardan indiki İsmayıllı rayonu ərazisində Cavanşir qalası (təqribən VII əsr), Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII əsrlər), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII əsrlər) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunda alban kilsəsi (I əsr) və s. diqqəti cəlb edir. 

Heykəltəraşlıq haqqında

Heykəltəraşlıq - təsviri sənətin növlərindən biridir. Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur.
Heykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər.
Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır.
Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltəraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var.
Ümumilikdə, heykəltəraşlıq sənətinin 3 sahəsi məlumdur.
1. Monumental
2. Dekorativ
3. Dəzgah heykəltaraşlığı

Heykəltəraşlığın ən ibtidai forması - daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. 
Naxçıvanın Оrdubad bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677-1678 illər) vəfat etmiş Səfərəlinin xatirəsinə hazırlanmış daş qоç fiquru var. Abidə üzərində qоyulan imzadan belə məlum оlur ki, qоç heykəlini Abid hazırlayıb. İndiyədək kənddəki qəbristanlıqda qalan və XVII yüzilliyə aid оlan çоxsaylı daş qоç fiquru tipli qəbirüstü xatirə abidələrinin bir hissəsini də həmin yüzillikdə yaşamış bu heykəltəraş - Abid hazırlayıb. 
Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsini göstərmək olar. Bu abidələr üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynayıb. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənilib. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib.

Azərbaycanda heykəltəraşlığın inkişaf tarixi

Heykəltəraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb. 
Azərbaycan heykəltəraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi Sovet dövrünün payına düşüb. Lakin bundan qabaq da Azərbaycanda plastika sənətinin biliciləri olmuşdur. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltəraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltəraşlar, sənətşünaslar tərəfindən hazırlanıb.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də hələlik adları məlum olmayan heykəltəraşlar fəaliyyət göstəriblər. Qısa müddətdə fəaliyyət göstərmiş AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib. Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltəraş Zeynal Əlizadənin fəal iştirakı olub.
Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdir. 1920-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İbrahim Quliyev, eləcə də Azərbaycanda yaşayan Yelizaveta Tripolskaya, Pinxos Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda heykəllər qoyulmağa başladı.

Heykəltəraşlıq təhsili

Əvvəllər Azərbaycan Dövlət İncəsənət Universitetinin nəzdində olan heykəltəraşlıq bölməsi adıçəkilən təhsil ocağından ayrılıb və Azərbaycan Rəssamlıq Akademiyası yaradılıb. Hazırda akademik Ömər Eldarovun rektorluq etdiyi həmin ali məktəbdə istedadlı heykəltaraşlar yetişdirilir. 
Rəssamlar İttifaqının 100-120 nəfər heykəltəraş üzvü arasında həm peşəkar, həm də xalq yaradıcılığı bölməsində təmsil olunan heykəltəraşlar da var. Sonuncular qranit, mərmər və digər vasitələr üzərində təsvirlər yaratmaq və başqa işlər görməklə məşğuldurlar. Rəssamlar İttifaqına üzv olmaq istəyən heykəltəraşın azı 5-6 fərdi sərgisi keçirilməlidir.

Opera haqqında
Opera - (italyanca - inşa, iş, əmək, məşğuliyyət deməkdir) -teatr sənətinin ən mürəkkəb növlərindən biridir.
Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin "Müqəddəs Pavelin qayıdışı" (1480) dini komediyasında musiqiyə-operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.
XVI əsrin ortalarında musiqili tamaşalara birsəsli ifalar (monodiya) daxil etmək cəhdləri operanın sürətli inkişafına təkan verdi. Adı çəkilən cəhdlərin müəllifləri öz musiqili-dramatik əsərlərini drama in musica və ya drama per musica adlandırırdılar: "opera" adından XVII əsrin ortalarından istifadə olunmağa başlanılıb. Hərçənd sonralar bəzi opera bəstəkarları (Rixard Vaqner) "musiqili dram" adına qayıtdılar.

Kütləvi tamaşaçı üçün ilk opera teatrı 1637-ci ildə Venesiyada açılıb. Buna qədər opera yalnız saray əyləncəsi hesab olunurdu. Cakopo Perinin 1597-ci ildə yazdığı "Dəfnə" əsəri ilk böyük opera sayılır. İtaliyadan sonra opera janrı digər Avropa ölkələrinə də yayılmağa başlayıb. Almaniyada Henrix Şyüts ("Dəfnə" 1627), Fransada Kamber ("La pastorale" 1647), İngiltərədə Pyörsell opera sənətinin pionerləri sayılırlar.
Operada teatral dramaturgiya orkestr musiqisi və vokalla vəhdət təşkil edir. İncəsənətin bu növü müxtəlif bədii vasitələri özündə birləşdirir: solo və xor ifalar, fərqli ansambllar, simfonik orkestr, təsviri sənətin elementləri (kostyumlar, dekorasiyalar və sair), balet.
Tərkibində balet səhnələrinin də vacib yer tutduğu operalar opera-balet adlanır. Operanın bu növü XVII-XVIII əsrlərdə Fransada geniş yayılmış (Ramonun "Zərif Hindistan" əsəri) və sonrakı dövrlərdə də bəzən rast gəlinir (məsələn, Rimski-Korsakovun "Mlada" əsəri).
Operanın heyətinə - solist, xor, orkestr, hərbi orkestr və orqan daxildir. Operada səslər əsasən iki yerə- kişi və qadın səslərinə bölünür. Öz növbəsində onların da növləri var. Soprano, metso-soprano, kontralto - qadın səslərinin, kontrtenor, tenor, bariton və bas isə kişi səslərinin növləridir.
Opera- aktlar, şəkillər, səhnələr və çıxışlardan ibarətdir. Aktlar proloqla başlayıb, epiloqla bitir.
Reçitativ, ariozo, mahnılar, ariyalar, duetlər, trio, kvartetlər, ansambllar opera əsərinin hissələri, üvertüra, introduksiya, antraktlar, patomima, melodrama, yürüşlər, balet musiqisi isə simfonik formalarıdır.

Azərbaycanda opera
Azərbaycanda opera sənəti keçən əsrin əvvəllərində təşəkkül tapmağa başlayıb.
Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) dahi Üzeyir Hacıbəylinin H.Z.Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulmuşdur.
Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmiş və Dövlət Opera Teatrının yaranma tarixi bu vaxtdan başlayır.
Uzun müddət, yəni Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli operamız, məhz, Ü.Hacıbəyovun əsərləri sayəsində - "Şeyx Sənan" (1909, opera), "Ər-arvad" (1909, operetta), "Rüstəm və Söhrab" (1910, opera), "O olmasın, bu olsun" (1911, operetta), "Fərhad və Şirin" (1911, opera) və s. - yaşayıb və inkişaf edib. Sonrakı illərdə Zülfüqar Hacıbəyov ("Aşıq Qərib" 1916), Müslüm Maqomayev ("Şah İsmayıl" 1919), Əfrasiyab Bədəlbəyli ("Nizami" 1948), Fikrət Əmirov ("Sevil" 1955) və digər görkəmli bəstəkarlarımız da milli opera sənətinə öz töhfələrini vermişlər. Adları çəkilən müəlliflərin, xüsusilə də Ü.Hacıbəyovun əsərləri hazırda da Milli Opera və Balet teatrının repertuarındadır.

Teatr 1959-cu ildən Akademik Teatr statusu almışdır.
Müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar - Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və b. çıxış etmiş və bu gün də çıxış etməkdədir.

Balet haqqında
Balet Tarixi
Balet - (fransız sözü "balleto"dan götürülüb, mənası - "rəqs edirəm" deməkdir) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir.
Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var. Baletdə əsasən, klassik və xarakterik rəsqlərdən istifadə olunur. Ancaq bu sənət növündə pantomima da mühüm rol oynayır. Aktyorlar qəhrəmanların hisslərini, səhnədə baş verənlərin mahiyyətini pantomimanın köməyilə çatdırırlar. Həmçinin,müasir baletdə gimnastika və akrobatika elementlərindən də geniş istifadə olunur.
Balet İntibah dövründə İtaliyada musiqili tamaşaların - operaların tərkib hissəsi kimi - kiçik rəqs epizodları qismində meydana çıxıb (XVI əsr). Musiqi, söz, rəqs və pantomimanı birləşdirən ilk balet tamaşası "Çirçeya" və ya "Kraliçanın gülməli baleti" italiyalı baletmeystr Baltazarini di Belcoyozo tərəfindən 1581-ci ildə Yekaterina Mediçinin sarayında səhnələşdirilib. O vaxtdan da Fransada saray baleti janrı inkişaf etməyə başlayıb. (maskaradlar, pastorallar, rəqs divertismentləri və intermediyaları). XIV Lüdovikin zamanında saray baletinin tamaşaları son dərəcə möhtəşəm səviyyəyə çatmış, tamaşalara əfsanəvi xarakter verən səhnə effektlərindən istifadə olunurdu.
XVII əsrin ikinci yarısında komediya-balet, opera-balet kimi teatral janrlar yaranır ki, onlarda baletə daha çox yer ayrılır və onun dramatikləşdirilməsinə cəhd olunur.
Balet, yalnız XVIII əsrin ikinci yarısında Fransız baletmeysteri J.J.Noverin həyata keçirdiyi islahatlar sayəsində səhnə sənətinin müstəqil növünə çevrilir. Fransız maarifçilərinin estetikasından ilhamlanan Nover, məzmunu bədii plastik obrazlar vasiləsilə açılan tamaşalar yaradaraq, musiqini "rəqqasın hərəkətlərini yönləndirən proqram" adlandırır.
Baletin sonrakı inkişaf və çiçəklənmə dövrü romantizm dövrünə təsadüf edir. XVIII əsrin 30-cu illərində fransız balerinası Kamarqo yubkasını qısaldaraq dikdaban ayaqqabılardan imtina edir və rəqsə öz yeniliklərini gətirir. XVIII əsrin sonlarında balet kostyumu daha da yüngülləşir ki, bu da rəqs texnikasının inkişafına xeyli yardım edir. Rəqslərini daha havalı etməyə çalışan rəqqassələr barmaqlarının ucuna qalxmağa çalışırlar. Nəticədə puant ixtira olunur. İlk dəfə rəqsdə puantdan ifadə vasitəsi kimi rəqqasə Mariya Talyoni istifadə edib. Baletin müxtəlif növləri var: klassik, çoxaktlı təhkiyə baleti, drambalet, süjetsiz balet - balet -simfoniya, əhval-ruhiyyə baleti - miniatür. Janrına görə balet komik, folklor və qəhrəmanlıq baletlərinə bölünür. XX əsr isə baletə yeni formalar - cazz-balet və modern baleti gətirib.

Azərbaycanda balet
Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən - Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 20-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. 
1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır.
Sonralar teatrın repertuarı "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov),Qaraca qız"(1965,E.Abbasov), "Min bir gecə" (1979, Fikrət Əmirov), "Babək" (1986, Aqşin Əlizadə), "Ağ və qara" (2000, Xəyyam Mirzəzadə), "Eşq və ölüm" (2005, P. Bülbüloğlu) və s. əsərlərlə zənginləşmişdi.