Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
12.05.2017 18:09
"Skype"da IV İslam Həmrəyliyi Oyunlarının xüsusi emotikonu yaradılıb“Bakı 2017“ IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olan “Microsoft“ korporasiyası “Skype“ istifadəçiləri üçün sözügedən yarışlara həsr olunmuş yeni emotikonu təqdim edib. “Microsoft“un bu misilsiz təşəbbüsünün məqsədi insanların bütün dünyaya Oyunlar haqqında danışa bilmələri üçün möhtəşəm idman hadisəsinə dəstək olmaqdır. Bu il “Microsoft“ korporasiyası “Bakı-2017“ IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə yarışların keçiriləcəyi şəhərdən – Azərbaycan paytaxtından ilhamlanaraq yeni emotikon yaratmaq üçün güclərini birləşdirib. Emotikonda Qobustan və “Alov güllələri“nin (“Flame Towers“) simvolları istifadə olunub. Yenilikdən yararlanmaq üçün mətn sətirində (baku2017) yazmaq və ya paneldə Qobustan simvollu emotikonu seçmək lazımdır ki, daha sonra bu simvolu “Flame Towers“ əvəz edir. “Skype“ proqramının təklif etdiyi bütün imkanlardan daim faydalana bilmək üçün “Microsoft“ korporasiyası “Windows“, “Mac“, “iPhone“, “iPad“, və “Android“ ilə işləyən kompüterlərə tətbiqin ən son versiyasından yararlanmağı tövsiyə edir. Qeyd edək ki, “Bakı-2017“ IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi ilə imzalanan tərəfdaşlıq sazişi çərçivəsində “Microsoft“ korporasiyası “Bakı 2017 Skype Zonası“ təşəbbüsünü həyata keçirmək məqsədilə texniki proqram təminatı, avadanlıq və brendinqin təminatına cavabdeh olacaq. Bu maraqlı və yenilikçi təşəbbüs İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 57 üzv ölkəsindən olan medal qazanmış idmançıların öz uğurlarını dostları və ailələri ilə video-əlaqə yaradaraq qeyd etmələrinə imkan verəcək. “Bakı 2017 Skype Zonası“ idmançıların hər bir reaksiyasını üç kamera ilə qeydə alaraq tamaşaçılara Oyunların ən maraqlı həyat hekayələrini yaxından izləmək imkanı yaradacaq. Söhbətlər veb-kamera, eləcə də laptop ekranının və idmançının kürəyinin arxasındakı kameralar vasitəsilə lentə alınacaq. Əvvəlcə 10 dəqiqə sürən videolar 90 saniyəlik kliplər şəklində montaj olunacaq və “Bakı 2017“nin sosial media kanalları (Facebook.com/baku2017; Twitter.com/Baku2017isg; Youtube.com/Baku2017) vasitəsilə onlayn rejimdə yayımlanacaq. ..
12.05.2017 16:05
İslam dünyasının musiqi alətləri sərgilənibMayın 12-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “İslam dünyasının musiqi alətləri” sərgisi açılıb. IV İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş sərgidə Azərbaycanın, eləcə də İslam dünyasının xalq musiqi alətləri nümayiş olunur. Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək sərgi barədə məlumat verib. Bildirib ki, sərgidə muzeyin zəngin kolleksiyasından olan Azərbaycan və dünya xalqlarının milli musiqi alətləri nümayiş olunur. A.Bayramova İslam ölkələrinin səfirliklərinə müraciət etdiklərini və İndoneziya, Tacikistan, Misir, Qırğızıstanın Azərbaycandakı səfirliklərinin sərgidə nümayiş olunmaq üçün milli musiqi alətləri, audio və videomateriallar, kitablar, rəsm əsərləri təqdim etdiklərini vurğulayıb. Sərgidə ümumilikdə 70 musiqi aləti nümayiş olunub. İslam ölkələrinin Azərbaycandakı səfirliklərinin əməkdaşlarının iştirak etdiyi tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Dövlət Ansamblı və iranlı musiqiçilərin ifasında rəngarəng musiqilər təqdim olunub. ..
12.05.2017 09:17
Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcəkBu gün Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası tərəfindən keçirilən çoxmillətli və çoxnövlü idman tədbiridir. İlk Oyunlara 2005-ci ildə Səudiyyə Ərəbistanı ev sahibliyi edib. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən VIII Baş Assambleyasında qəbul olunub. Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edəcək. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Yarışlar Bakının ən müasir 16 idman meydançasında 24 növ üzrə keçiriləcək (atletika və paratletika, su idmanında suya tullanma, üzgüçülük, su polosu, basketbol 3x3, boks, futbol, idman gimnastikası, bədii gimnastika, həndbol, cüdo və para cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvando, tennis, voleybol, ağır atletika, yunan-Roma, sərbəst və qadın güləşi, uşu və zorxana). Atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Ən çox medal dəsti atıcılıq və atletika yarışlarındadır. Azərbaycanı bu Oyunlarda 325 atlet təmsil edir. Ən çox idmançı ilə Türkiyə təmsil olunur – 345 nəfər. İdmançıların sayına görə üçüncü yerdə 300 atletlə İran qərarlaşıb. Qaliblərə 1600 medal təqdim ediləcək. Yarışlar 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə, ümumilikdə, 1 milyarddan çox tamaşaçı izləyəcək. “Bakı-2017”nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. ..
11.05.2017 20:28
IV İslam Həmrəyliyi Oyunlarının Atletlər kəndində Azərbaycanın dövlət bayrağı qaldırılıbMayın 11-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Atletlər kəndində Azərbaycanın dövlət bayrağının qaldırılması və idmançıların salamlama mərasimi təşkil olunub. Azərbaycan Respublikasının bayrağı dövlət himninin müşayiəti ilə qaldırılıb. Atletlər kəndində idmançıları salamlamaqdan məmnunluğunu vurğulayan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov atletləri idman tarixinin bir parçasına çevrildikləri üçün təbrik edərək deyib: “İslam ölkələrinin güclü idmançılarını salamlamaqdan çox məmnunam. Əllidən artıq ölkədən üç minədək idmançı IV İslam Həmrəyliyi Oyunlarının medalları uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda layiqli olan qalib gələcək”. İdmançılara qarşıdakı yarışlarda uğurlar arzulayan IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib: “Adından da göründüyü kimi, Bakı “Küləklər şəhəri”dir. Buna baxmayaraq, paytaxtımız öz gözəlliyi, insanlarının qonaqpərvərliyi və gülərüzlüyü ilə sizin xatirənizdə xoş izlər buraxacaq”. Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib. ..
09.05.2017 11:00
İranın Mehr agentliyi IV İslam Həmrəyliyi Oyunlarından yazırİranın Mehr informasiya agentliyi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları haqqında məqalə yayıb. Məqalədə bildirilir ki, Azərbaycanın paytaxtı Bakı şəhəri beynəlxalq idman yarışlarını keçirmək təcrübəsinə malikdir. Şəhərdə böyük və müasir idman kompleksləri tikilib. Qeyd olunur ki, yarışlara qatılacaq 159 iranlı idmançı 20 idman növü üzrə mübarizə aparacaq. Yarışlarda 31 iranlı qadın idmançı da iştirak edəcək. Onlar taekvando, tennis, karate, atıcılıq və atletika idman növlərində İranın idman şərəfini qoruyacaqlar. ..
08.05.2017 22:38
“Bakı-2017” Əməliyyat Komitəsi əlil insanların arenalara rahat giriş-çıxışının təmin olunmasına diqqət yetirir“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi yarışlar zamanı əlilliyi olan insanların idman obyektlərinə rahat giriş-çıxışının təmin edilməsi məqsədilə tədbirlər görür. Sağlamlıq imkanları məhdud insanların yarışları rahat izləmələri üçün “Bakı-2017” sərnişinlərin nəqliyyatdan düşürülmələri üçün nəzərdə tutulan konkret zonalardan başlamış mobilliyin artırılmasına dəstək istiqamətində xüsusi təlim keçmiş komandalaradək hər bir məsələdə müvafiq beynəlxalq standartlara cavab verəcək. Hər kəs üçün bərabər imkanların yaradılması və hamıya bərabər istifadə hüququnun verilməsi məqsədilə “Bakı-2017” fiziki imkanları məhdud tamaşaçılar və onların yoldaşları üçün bütün idman sessiyalarına pulsuz biletlər təqdim edir. Açılış və bağlanış mərasimlərinin məhdud imkanlı tamaşaçılar üçün nəzərdə tutulan biletləri mayın 1-dən etibarən satış məntəqələrinə çıxarılıb. Onları Bakıda yerləşən bütün bilet satışı məntəqələrindən əldə etmək mümkündür. Bilet alışı zamanı məhdud imkanlı olduğunu bildirən tamaşaçılar əlilliyi olan şəxslər üçün ayrılmış oturacaq sahəsi və ya əlil arabaları üçün ayrılmış zona ilə təmin ediləcəklər. Bilet satışı üzrə direktor Miryam Boqatay bildirib ki, fiziki imkanları məhdud tamaşaçıların biletlərə tələbatını nəzərə alaraq, obyektlərimizin bütün tamaşaçılar üçün tamamilə əlçatan olmasını təmin etmək naminə səylə çalışmışıq. Bunun nəticəsi olaraq, “Bakı-2015” ilk Avropa Oyunları ilə müqayisədə sözügedən biletlərin paylanmasında nəzərəçarpacaq dərəcədə artımın müşahidə edilməsi bizi son dərəcə məmnun edir. Əlil arabasından istifadə edən tamaşaçıların açılış və bağlanış mərasimlərində Bakı Olimpiya Stadionuna gəlib çatmasını təmin etmək üçün metronun “Qara Qarayev”, “Gənclik” və “20 Yanvar” stansiyalarında ekspress avtobuslar xidmət göstərəcək. Mərasim bitdikdən sonra tamaşaçılar həmin marşrut xətti üzrə ekspress avtobuslarla geri qayıda bilərlər. Əlil arabaları ilə yarışlara gələn tamaşaçılar mərasim biletlərini təqdim etməklə nəqliyyatdan pulsuz istifadə edə biləcəklər. Ekspress avtobuslar tamaşaçıları açılış mərasiminə çatdırmaq üçün saat 18:00-dan 21:00-dək və mərasim bitdikdən sonra gecə saat 02:00-dək fəaliyyət göstərəcək. Tamaşaçılar üçün qapılar saat 18:30-da açılacaq. Açılış mərasiminə saat 21:00-da start veriləcək. Avtobuslar bağlanış mərasimi günü saat 17:00-dan 20:00-dək və mərasim bitəndən sonra gecə saat 02:00-dək fəaliyyət göstərəcək. Tamaşaçılar üçün qapılar saat 17:30-da açılacaq, bağlanış mərasiminə saat 20:00-da start veriləcək. Əməliyyat Komitəsi Bakı Olimpiya Stadionunun ərazisinə daxil olarkən şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Stadionun daxilində və ya ətrafında tamaşaçıların istifadəsi üçün parklama sahələri nəzərdə tutulmayacaq, taksilərin arenaya yaxınlaşmasına icazə verilməyəcək. Atatürk prospektində dayanacaq sahələri metronun “Gənclik” stansiyasındakı ən yaxın avtobus xəttindən istifadə etmək istəyən əlil arabalı tamaşaçılar üçün nəzərə tutulacaq. Əlil arabalı tamaşaçılar parklama sahələrindən istifadə edə bilmək üçün mərasim biletlərini təqdim etməli olacaqlar. ..
07.05.2017 17:40
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən komandalar artıq Bakıya gəlirlərMayın 12-də təntənəli açılış mərasimi ilə start veriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının mayın 8-də və 9-da başlayacaq futbol və həndbol yarışlarında iştirak edəcək atletlər Azərbaycana gəlirlər. Futbol yarışının ilk günündə “B” qrupunda yer alan Səudiyyə Ərəbistanı yığması “Azal Arena”da Mərakeş millisi ilə qarşılaşacaq. Azərbaycan milli komandası isə Kamerun yığması ilə üz-üzə gələcək. Atletlər Kəndində Mərakeş, Kamerun, Birləşmiş Ərəb Əmirlikləri və Fələstinin bayraqlarının dalğalanması Oyunların artıq başlamaq üzrə olduğunu göstərir. On səkkiz ölkənin ilk nümayəndə heyətləri 57 ölkənin 3,5 min idmançısının məskunlaşdığı kompleksdə məskunlaşıb və bəzi komandalar parkda təlim keçir. İki il əvvəl birinci Avropa Oyunları üçün tikilmiş Atletlər Kəndində təhlükəsizlik yüksək səviyyədə təmin edilib. Bundan əlavə, idmanın 20 növü üçün 16 görüş yerindən istifadə edilməsi nəzərdə tutulur. Doğma vətənlərindən uzaqda olan idmançıların istirahətinin səmərəli təşkili üçün əyləncə tədbirləri də təşkil edilir. Canlı musiqi üçün böyük səhnə quraşdırılıb. İdmançılar iyunun 23-25-də Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar quraşdırılan simulyatordan da istifadə edə bilərlər. “Hər kəs mehribandır. Qidaya asanlıqla öyrəşirik. Biz burada ən azı bir medal qazanmaq niyyətindəyik. Burada adrenalin çox yüksəkdir”, - deyə Kamerun milli futbol komandasının mətbuat katibi Filip Boney bildirib. Oyunlarda Azərbaycan 335 idmançıdan ibarət komanda ilə mübarizə aparacaq. Komandamız idmançıların sayına görə yalnız Türkiyədən geridə qalır. ..
06.05.2017 19:37
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları 58 ölkədə yayımlanacaq“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi mayın 6-da mötəbər yarışın yayım hüququna dair əlavə müqavilələr imzalayıb. Bununla da IV İslam Həmrəyliyi Oyunlarının dörd qitəni əhatə edən 58 ölkədə yayımlanması təmin olunacaq. Asiya-Sakit Okean Ölkələri Yayım Birliyi (ABU) ilə əldə olunan razılaşma İran, Banqladeş, Pakistan, İndoneziya, Malayziya, Əfqanıstan, Maldiv adaları və Bruney tamaşaçılarına IV İslam Həmrəyliyi Oyunlarını izləmək imkanı verəcək. “Bakı-2017”, həmçinin Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Özbəkistanda da yayımlanacaq. “Radio Televizionit Shqiptar” (RTSH) şirkəti ilə imzalanan müqavilə Albaniya tamaşaçılarına Oyunları izləmək imkanı verəcək. Bu müqavilələr çərçivəsində yayım hüququna malik bütün şirkətlər mayın 12-də və 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış və bağlanış mərasimlərinin canlı yayımını, Oyunlar zamanı nümayiş etdirilən ən yaxşı idman göstəriciləri və medal uğrunda mübarizə məqamlarını xarakterizə edən bir saatlıq gündəlik icmal proqramı, futbol üzrə Türkiyə, Kamerun, Mərakeş, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandalarının mübarizə aparacağı bütün 16 yarışın canlı yayımı və Oyunlara dair iki saatlıq icmal proqramı nümayiş etdirə biləcəklər. Müqavilələr bundan əvvəl Yaxın Şərq və Şimali Afrika, Böyük Səhradan cənubda yerləşən Afrika ölkələri, Türkiyə, Karib adaları və Oyunlara ev sahibliyi edən Azərbaycan ərazisində “Bakı-2017”ni yayımlamaq barədə Ərəb Dövlətlərinin Yayım Birliyi (ASBU), TV Media Sport (TVMS), TRT, Milli Rabitə Şəbəkəsi (NCN), ATV və AzTV ilə artıq mövcud olan müqavilələrin fonunda yer alır. Yayım hüququna dair müqavilələr barədə danışan “Bakı-2017”nin əməliyyatlar üzrə rəhbəri Mayk Loynd deyib: “Biz “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bu qədər böyük beynəlxalq auditoriyaya yayımlanacağından məmnunuq. Müqavilə dörd qitəni əhatə edən 58 ölkədə 1,3 milyard tamaşaçıya Oyunları seyr etmək imkanı verəcək. IV İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyasına (İHİF) üzv 57 ölkənin idmançılarını bir araya gətirərək, onlara bu möhtəşəm beynəlxalq idman tədbirinin bir parçasına çevrilmək şansını verəcək. ..
04.05.2017 09:46
Pakistanın jurnalında “İslam Həmrəyliyi Oyunları – Bakı 2017” sərlövhəli məqalə dərc edilibPakistanın “Pakistan in the World” jurnalı və portalında “İslam Həmrəyliyi Oyunları – Bakı 2017” sərlövhəli məqalə verilib. Məqalədə IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bu idman bayramının təşkilatçıları ilə “İçərişəhər” Qoruğu İdarəsinin birgə təşkil etdiyi fləşmobla bağlı məlumat verilir. Qeyd edilir ki, 200-ə yaxın könüllünün iştirak etdiyi bu aksiyanın məqsədi Oyunlarla bağlı ictimai ab-havanı gücləndirmək olub. Təşkilatçıların da dediyi kimi, fləşmobun İçərişəhərdə keçirilməsi təsadüf deyil. Bakının məhz bu ecazkar guşəsi Azərbaycanın memarlıq və mədəni incilərindəndir. Yazıda bildirilir ki, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) verdiyi məlumata görə, 12-22 may tarixləri arasında keçiriləcək Oyunlarda Federasiyanın üzvü olan 57 ölkədən idmançılar iştirak edəcəklər. İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Feysəl Əbdüləziz əl-Nəssar Bakıda keçiriləcək Oyunlar haqqında bunları deyib: “İslam Həmrəyliyi Oyunları birlik və həmrəylik ruhunda keçiriləcək çoxmillətli, multikultural idman oyunlarıdır. Biz inanırıq ki, İslam dünyasının müxtəlif ölkələrindən olan idmançıların bir araya gəlməsi müsəlman ölkələrinin gəncləri arasında dostluq və qarşılıqlı anlaşma mühitinin formalaşmasına öz töhfəsini verəcək”. Məqalədə qeyd olunur ki, ilk dəfə İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Bu il Bakıda keçiriləcək Oyunlar isə artıq sayca dördüncüdür. Bu il baş tutacaq Oyunların əsas dəyərləri isə birlik, sülh, hörmət və mükəmməllikdir. ..