Xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq

Azərbaycan - YUNESKO əməkdaşlığı
1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirmişdir. Öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, həmçinin elmi və pedaqoji kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak etmək imkanları verən YUNESKO-ya Azərbaycan Respublikası 1992-ci il iyulun 3-də qəbul olunmuşdur.
YUNESKO – Azərbaycan əlaqələrinin təməlinin qoyulmasında ən mühüm addım Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun Baş Direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər.
YUNESKO çoxtərəfli beynəlxalq təşkilat olduğuna görə onun vasitəsilə müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığı üçün şərait yaranmışdır. Bunun nəticəsidir ki, gənc Azərbaycan Respublikası təhsil, elm və mədəniyyət sahələrində müxtəlif ölkələrlə YUNESKO vasitəsilə və birbaşa onun özü ilə geniş təcrübə mübadiləsi apara bilmiş, qədim və zəngin Azərbaycan mədəniyyəti isə milli çərçivədən beynəlxalq səviyyəyə çıxıb, ümumdünya mədəniyyətinin bir parçası kimi təsdiqini tapmışdır.
Azərbaycan-YUNESKO münasibətlərinin inkişafında, canlanmasında və güclənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın olduqca mühüm rolu var. 2004-cü ilin sentyabrında Mehriban Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülmüşdür.

Avropa İttifaqı ilə əməkdaşlıq
Aİ-Azərbaycan əlaqələri 199-cu ildən qüvvədə olan və əməkdaşlıq üçün siyasi və hüquqi baza rolunu oynayan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) və 2007-ci illər üçün iki tərəfli əməkdaşlığın strateji məqsədlərini təyin edən 2006-cı il Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində qəbul edilmiş Fəaliyyət Planı (FP) ilə tənzimlənir. FP-nın razılaşdırılmasında Aİ və Azərbaycan aşağıdakı sahələr də daxil olmaqla iqtisadi inteqrasiyanın daha dərinləşdirilməsi və ikitərəfli əməkdaşlığın gücləndirilməsi sahəsində öhdəliklər götürülmüşdür: Xarici və təhlükəsizlik siyasəti; Ədliyyə; Enerji; Nəqliyyat; Yoxsulluğun azadılması; Azadlıq və Təhlükəsizlik, xüsusilə də sərhəd idarəçiliyi, gömrük və miqrasiya sahəsində; Ətraf mühit.
2009-cu ilin may ayında Şərq tərəfdaşlığı təşəbbüsünün başlanması ilə Aİ, Azərbaycan və digər beş Şərq Tərəfdaşı daha irəli getməyi, İttifaqla cari əlaqələrin genişlənməsi və dərinləşməsi ilə siyasi ittifaqlarını və iqtisadi inteqrasiyanı sürətləndirilməyi öhdəlik olaraq götürmüşlər.

TÜRKSOY haqqında arayış
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan mədəniyyət nazirləri 1992-ci ildə İstanbul və Bakıda bir araya gələrək mədəniyyət sahəsində əməkdaşlıq etmək qərarına gəlmişlər. 1993-cü il 12 İyul tarixində Almatıda təşkil edilmiş iclasda Türk Mədəniyyəti və Sənəti Birgə Təşkilatı (TÜRKSOY) yaradılmışdır.
2009-cu il 16-17 oktyabr Bakı şəhərində təşkil edilmiş TÜKSOY-un 26-cı Dönəm Toplantısında təşkilatın adının açılışı Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olaraq dəyişdirilmişdir.
Azərbaycan Respublikası ilə TÜRKSOY təşkilatı arasında mədəniyyət sahəsində sıx əməkdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlərin əsasında Azərbaycan xalqının Türk dünyasına və Ümumtürk mədəniyyətinə bəxş etdiyi mədəni irs nümunələri durur.
Təşkilat yarandığı gündən etibarən ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə türk dövlətlərində və Azərbaycanda bir çox tədbirlər təşkil edilmiş və qarşılıqlı iştirak təmin edilmişdir. (http://www.turksoy.org/tr)

Müstəqil Dövlətlər Birliyi
Müstəqil Dövlətlər Birliyinin əsası 1991-ci il 8 dekabr tarixdə təşkilatın yaradılması haqqında Sazişi imzalayan Belarus, Rusiya Federasiyası və Ukraynanın rəhbərləri tərəfindən qoyulmuşdur. 1991-ci il 21 dekabr tarixdə Alma-ata şəhərində 11 suveren ölkənin rəhbərləri sözügedən Sazişin Protokolunu imzalayaraq qeyd etdilər ki, Azərbaycan Respublikası, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Tacikistan Respublikaları, Rusiya Federasiyası, Türkmənistan və Ukrayna bərabərhüquqlu əsasda Müstəqil Dövlətlər Birliyini yaradırlar. Görüşün iştirakçıları yekdilliklə Alma-Ata Bəyannaməsini qəbul etdilər. 1993-cü ilin dekabrında Gürcüstan Birliyin üzvü olmuş, 2009-cu ildən etibarən rəsmi olaraq öz istəyi əsasında üzvlükdən çıxmışdır.
1993-cü il 22 yanvar tarixində Minskdə MDB-nin Sammitində Birliyin Nizamnaməsi qəbul olunmuşdur. Ukrayna və Türkmənistan həmin Nizamnaməni imzalamamışlar. Məhz buna görə də de-yure olaraq həmin ölkələr MDB-nin üzvü deyil, yalnız iştirakçısı və təsisçisi hesab olunurlar.
Ölkəmiz MDB-nin Mədəni Əməkdaşlıq üzrə, Humanitar Əməkdaşlıq üzrə, Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə, Turizm və aidiyyəti üzrə bir sıra Şuralarının üzvüdür. Sözügedən Şuraların müvafiq illər üzrə fəaliyyət planlarının hazırlanması, Planlardakı tədbirlərin ölkə daxilində və xaricdə yüksək səviyyədə həyata keçirilməsi, eyni zamanda Şuraların iclaslarında fəal şəkildə iştirak edir.
Bununla yanaşı, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MDB tərəfindən təşkil olunmuş hər bir tədbirdə və ya müvafiq sənədlərin imzalanmasında ayrıca olaraq qərar qəbul edir.

BMTSA-Azərbaycan əməkdaşlığı
Hazırda BMTSA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycan BMTSA-nın “Dostlar Qrupu”-nun üzvüdür. Bu əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə irəli sürdüyü “Bakı Prosesi” və 2011-ci ildən Bakıda ölkə başçısının himayəsi ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları mühüm rol oynamışdır. BMTSA adıçəkilən forumun beynəlxalq tərəfdaşlarından biridir və Mədəniyyət və Turizm Nazirliyi ilə bu istiqamətdə əməkdaşlıq edir.
2008-ci ildə Bakıda keçirilən Avropa Şurasının mədəniyyət nazirlərinin görüşündə BMTSA ilə UNESCO arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2008-2011-ci illər arasında gənclər sahəsində Alyans ilə Azərbaycan hökuməti arasında sıx əməkdaşlıq qurulmuşdur. BMTSA ilə 2011-ci ildə Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda rəsmi tərəfdaş kimi birgə tədbirlər həyata keçirilmişdir. Bu əməkdaşlığın davamı kimi 2013-cü ildə 2-ci və 2015-ci ildə 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında da Alyans ilə əlaqələr daha da genişləndirilmişdir. Sonuncu Bakı Forumunun BMT-nin Nyu-York şəhərində yerləşən baş qərargahında baş tutmuş təqdimatın təşkilində də Alyans yaxından iştirak etmişdir. Hazırda BMTSA ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”-nin BMT səviyyəsində ən fəal dəstəkləyən təşkilatlardan biridir.

Azərbaycan və Avropa Şurası
Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlamışdır, belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir. 1994-cü il noyabrın 10-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 (1994) saylı qətnamə qəbul etmişdir. Bir neçə ay sonra, 3 fevral 1995-ci ildə AŞPA Bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın «xüsusi dəvət edilmiş qonaq» statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
17- 18 mart 1996-cı ildə keçirilən Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir.
28 iyun 1996-cı il tarixində AŞPA Bürosu Azərbaycana «xüsusi dəvət edilmiş qonaq» statusunun verilməsi barədə qərar qəbul etmişdir. 13 iyul 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti H. Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirmişdir. 11 sentyabr 1996-cı ildə Avropa Şurası Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan (96) 32 saylı qətnamə qəbul edilmişdir.
22 aprel 1997-ci ildə keçirilən AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu 1119 (1997) saylı qətnamə qəbul edilmişdir.
10-11 oktyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti H. Əliyev Avropa Şurası üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Strasburqda keçirilən 2-ci zirvə toplantısında iştirak etmiş, Avropa Şurasının rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparmış, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini açıqlamışdır.
20 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında» sərəncam imzalamışdır.
3 fevral 1998-ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisi Respublika Prezidentinin qanunvericilik təşəbbüsü əsasında ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul etmişdir (1993-cü ildən etibarən ölüm hökmünün icrasına faktiki surətdə moratorium qoyulmuşdur.) 16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.
21 oktyabr 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti «Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında» sərəncam vermişdir.
2000-ci il martın 23-25-də AŞPA Siyasi Komitəsi Azərbaycan Respublikası Milli Məclisinə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edildikdən sonra yerinə yetirilməli olacağı öhdəliklərin siyahısını göndərmiş və bu sənəd Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanmışdır. Bir neçə gün sonra, martın 27-28-də Azərbaycan Respublikasının Xarici İşlər Naziri V. Quliyev Strasburqa səfər edərək Milli Məclisdə təmsil olunmuş siyasi partiyalar tərəfindən imzalanmış öhdəliklərin siyahısını və Azərbaycanın 8 Avropa Şurası konvensiyasına qoşulması barədə ratifikasiya sənədlərini Avropa Şurasının Baş Katibinə təqdim etmişdir.
26 – 28 iyun 2000-ci ildə AŞPA-nın növbəti sessiyası keçirilmişdir; 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdir. 6 sentyabr 2000-ci ildə Avropa İttifaqının üzvü olan ölkələr adından Sədrlik (Fransa) tərəfindən Azərbaycan və Ermənistanın Avropa Şurasına üzvlük üçün müraciətləri ilə bağlı bəyanat qəbul edilmişdir. Bu dövlətlərdə mövcud olan siyasi şəraitin müəyyən zaman kəsiyində Avropa Şurası tərəfindən müdafiə olunan dəyər və prinsiplərə uyğun şəkildə inkişaf edəcəyinə ümidin ifadə olunduğu bu bəyanatda bildirilir ki, Katiblik tərəfindən göstərilən məsələ haqqında hazırlanmış təhlillərin bu iki dövlətin qoşulmasının siyasi və maliyyə tərəfləri ilə əlaqədar olaraq, Avropa Şurası Nazirlər Komitəsinin Avropada Demokratik Sabitlik üzrə Məruzəçilər Qrupunun (GR-EDS) 15 sentyabr 2000-ci il tarixində keçiriləcək iclasında nəzərdən keçirilməsi üçün ona ötürülməsi və onun tərəfindən bu məsələyə dair hazırlanmış məruzənin Nazirlər Komitəsində nəzərdən keçirilməsi Avropa İttifaqının üzvü olan dövlətlər tərəfindən məqsədəuyğun hesab edilir.
10 oktyabr 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab V. Quliyev Strasburqa səfər etmiş və bu təşkilatın Nazirlər Komitəsinin iclasında çıxış etmişdir. Nazir V. Quliyev səfər çərçivəsində üzv dövlətlərin Səfirləri, Avropa Şurasının Baş Katibi V. Şvimmer, Avropa Şurası Parlament Assambleyasının Sədri Lord Rassel-Conston, Avropa Şurası Katibliyinin Siyasi məsələlər üzrə Baş Direktoru, Avropa Şurasının Nazirlər Komitəsinin Katibi ilə görüşərək qarşılıqlı maraq doğurun bir sıra məsələləri müzakirə etmişdir.

TDƏŞ haqqında arayış
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti ilə bağlı 2 əsas əməkdaşlıq istiqaməti var:
Mədəniyyət sahəsində:
3 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısında Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması barədə qərar qəbul edilmişdir. Daha sonra 23 avqust 2012-ci il tarixində isə Bişkek şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2012-ci il tarixli 482-İVQ nömrəli Fərmanı ilə Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Daha sonra Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini tənzimləyən sənədlər hazırlanmışdır. Nizamnaməyə əsasən Fondun qərargahı Bakı şəhərində yerləşəcəkdir. Cari ilin 11 sentyabr tarixində Astanada keçirilən Sammit zamanı “Türk Mədəniyyəti və İrsi Fondunun heyəti haqqında Əsasnamə”nin (əlavə olunur) təsdiqlənməsi, həmçinin Günay Əfəndiyevanın Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti təyin olunması nəzərdə tutulur.
TDƏŞ-in II Zirvə Toplantısı çərçivəsində üzv dövlətlərin mədəniyyət nazirlərinin ilk görüşü keçirilmişdir. Görüş zamanı Türk Dövlətlərinin Yazıçılar Birliyinin və Türk Dövlətlərinin Kino Xadimləri Birliyinin yaradılması təşəbbüsünün irəli sürülməsi üçün zəruri addımların atılması qərara alınmışdır.
Turizm sahəsində:
2013-cü il 16 avqust tarixində Qəbələ .şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Dövlət Başçılarının III Zirvə Sammiti zamanı üzv dövlətlərin turizm potensialının inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə birgə fəaliyyət göstərilməsinin əhəmiyyəti vurğulanmış və IV Zirvə Sammitinin əsas mövzusunun “Turizm sahəsində əməkdaşlıq” olması qərara alınmışdır. Qeyd olunan istiqamətdə əməkdaşlıq prosesinin əlaqələndirilməsi məqsədilə TDƏŞ Katibliyi çərçivəsində Turizm üzrə İşçi Qrupun yaradılması məqsədəuyğun hesab olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyini işçi qrupda Vasif Eyvazzadə təmsil edir. Turizm üzrə işçi qrupun ilk görüşü 10 dekabr 2013-cü ildə İstanbulda keçirilmişdir. Görüş zamanı tarixi İpək Yolunun bərpası məqsədilə “Türk Şurası – Müasir İpək Yolu” birgə tur proqramın pilot layihə kimi inkişaf etdirilməsi və üzv dövlətlərin, həmçinin üçüncü dövlətlərin turizm bazarlarında təşviq edilməsi qərara alınmışdır.
3-5 aprel 2014-cü il tarixində Bakıda keçirilmiş 13-cü Beynəlxalq Turizm və Səyahətlər sərgisi çərçivəsində TDƏŞ üzv dövlətlərinin birgə foto-sərgisi nümayiş olunmuşdur.
Üzv dövlətlərin turizm nazirlərinin birinci görüşü 2014-cü il 11 aprel tarixində İstanbulda keçirilmişdir. Görüş zamanı nazirlər Birgə Əməkdaşlıq protokolu imzaladılar. Görüş zamanı turizm sektorunda fəaliyyət göstərən özəl müəssisələri özündə birləşdirən vahid strukturun yaradılması qərara alındı.
TDƏŞ üzv dövlətlərinin Turizm nazirlərinin II Görüşü 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 20 may 2015-ci il tarixində Bakı şəhərində keçirilmişdir. Görüş nəticəsində “Türk Şurası – Müasir İpək Yolu” birgə tur proqramı təsdiq olunmuşdur (görüşün protokolu əlavə olunur).
Yekunda Azərbaycan Turizm Assosiasiyası, Qazaxıstan Turizm Assosiasiyası, Qırğız Tur Operatorları Assosiasiyası və Türk Səyahət Agentlikləri Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır (əlavə olunur).

İSESKO ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər barədə hesabat
(2009-2015)
Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşdiyi üçün onun mədəniyyəti də həm Qərbin, həm də Şərqin elementlərini özünə ehtiva edir. Müxtəlif dövrlərdəki qadağalara baxmayaraq ölkəmizdə İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanmış və bu gün də həmin dəyərlər inkişaf etdirilir, yeni nəsillərə çatdırılır. Qloballaşma dövründə Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə uğurla inteqrasiya olunmasına baxmayaraq, dövlətimiz öz mədəniyyət siyasətində milli mənəvi dəyərlərini qoruyub saxlamaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir.
Bəşər mədəniyyətinə əhəmiyyətli töhfələr bəxş edən İslam mədəniyyəti getdikcə inkişaf edir, təkmilləşir. İSESKO üzvü olan islam dövlətləri bu gün öz mədəniyyətlərinin bir-birinə yaxınlaşması, inkişafı üçün əhəmiyyətli layihələr reallaşdırırlar. Bu inkişafı sürətləndirmək məqsədi ilə hər il islam ölkələrindən birinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması da bu zərurətdən doğmuşdur. Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunması məhz Azərbaycanın islam mədəniyyəti ənənələrinə sadiqliyi ilə izah olunur. Bu qərar İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin 2007-ci il noyabrın 21-dən 23-dək Liviyanın Tripoli şəhərində “İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması” mövzusunda keçirilmiş V konfransında verilmişdir.

Azərbaycan Respublikası ilə BMÜTT arasında əməkdaşlıq
2001-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Koreyanın paytaxtı Seul şəhərində və Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının XIV sessiyasında BMÜTT-nin tam hüquqlu üzvü seçilmişdir.
BMÜTT turizm sahəsində aparıcı hökumətlərarası təşkilatdır və hal-hazırda təşkilatın 154 tamhüquqlu üzvü vardır. BMÜTT-nin əsas məqsədi beynəlxalq sülhün və qarşılıqlı anlaşmanın, iqtisadi inkişafın və dünya ticarətinin təmin edilməsində mühüm faktor kimi turizmin inkişaf etdirilməsindən ibarətdir.
Əməkdaşlıq müddətində BMÜTT-nin yüksək səviyyəli nümayəndə heyətləri mütəmadi olaraq Azərbaycana səfər etmişlər. 2002-ci ildə Ümumdünya Turizm Günü çərçivəsində BMÜTT-nin Baş Katibi cənab F.Franjialli, 2004-ci ildə Bakıda keçirilən III Azərbaycan turizm sərgisi çərçivəsində BMÜTT-nin Avropa üzrə regional nümayəndəsi cənab L.Kabrini Azərbaycana rəsmi səfər etmişlər.
BMÜTT-nin “Böyük İpək Yolu” layihəsini xüsusilə qeyd etmək olar. Bu layihə qədim çoxmillətli mədəni-tarixi marşrut üzrə turizmin inkişafına yönəldilmişdir. Onun məqsədi, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində müasir turizm infrastrukturunun yaradılmasının təşviq edilməsinə və turizm potensialının meydana çıxarılmasına, bu ölkələrin imicinin beynəlxalq turizm bazarına çıxarılmasına və rəqabətədavamlı turizm məhsulunun yaradılmasına kömək etməkdir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsi

 

 

FAYDALI KEÇİDLƏR