Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
21.07.2018 17:31
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edibAzərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin media təmsilçilərini təbrik edib. Təbrikdə qeyd olunur ki, mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır. Bu gün 143 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi vardır. “Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir. Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq. Nazirin təbrikində daha sonra deyilir: “Milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına hərtərəfli şərait yaratmışdır”. Təbrikdə mədəniyyət mövzusunda yazan jurnalistlərin fəaliyyəti, onların bu sahədə görülən işlərin, eləcə də mövcud problemlərin işıqlandırılmasında rolu xüsusi qeyd edilir. Vurğulanır ki, Mədəniyyət Nazirliyi mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, mədəni irsimizin, incəsənətimizin təbliğində, dünyaya tanıdılmasında kütləvi informasiya vasitələrinin fəaliyyətini yüksək qiymətləndirir. Əbülfəs Qarayev sonda bir daha ölkənin bütün media təmsilçilərini Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi adından təbrik edib, onlara cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıb. ..
21.07.2018 16:24
Nazir müavini Sevda Məmmədəliyeva məşhur Uffitsi Qalereyasının direktoru Ayke Şmit ilə görüşdüGörüşdə nazir müavini Sevda Məmmədəliyeva Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliyada yerləşən Uffitsi Qalereyası arasında əlaqələrin hazırki səviyyəsindən razılığını ifadə etdi, gələcək əməkaşlıq və birgə layihələrin həyata keçirilməsi üçün böyük potensialın olduğunu vurğuladı. Ayke Şmit Nazirlik ilə əməkdaşlığın məhsuldarlığını qeyd etdi, bu əməkdaşlıq sayəsində Azərbaycan xalqının tarixi və zəngin mədəniyyəti barədə məlumatlı olduğunu və ölkəmizə hazırki ilk səfərinin xalqımızın zəngin irsi ilə əyani olaraq tanış olmaq üçün fürsət oluğunu bildirdi. Sevda Məmmədəliyeva qonağa şəhərimizin muzeyləri ilə tanış olmağı təklif etdi, Ayke Şmit bu təklifi sevinclə qəbul etdi. Görüşün sonunda A.Şmit səmimi qəbula və yaradılan imkanlara görə təşəkkür etdi.   Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə keçirilmiş görüşdən sonra dünya şöhrətli Uffitsi Qaleyerasının direktoru Ayke Şmit Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət etdi. Muzeydə Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətini əks etdirən ekspozisiya ilə tanış oldu. Muzeyin müxtəlif salonlarında sərgilənən ekspozisiyalar ilə yanaşı, qonağa müəssisənin infrastrukturu, eksponatların saxlanma şəraiti, dünyanın bir sıra muzeyləri ilə əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulmuş layihələr haqqında məlumat verildi. Bundan əlavə iki muzey arasına əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübailəsi aparıldı. Ziyarətin sonunda Ayke Şmit Muzeyin xatirə dəftərində öz ürək sözlərini yazdı və qonaq tərəfindən çox bəyənilmiş Tahir Salahovun “Sənə, Bəşəriyyət!” adlı rəsmin önündə xatirə şəkili çəkdirildi. ..
20.07.2018 16:41
Nazir Əbülfəs Qarayev Qazax rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olubXəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 20-də Qazax rayonunda vətəndaşları qəbul edib. Qəbuldan sonra jurnalistlərə açıqlama verən nazir ölkə başçısının tapşırığı ilə yerlərdə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırdı: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər ay müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların qaldırdığı məsələlər diqqətdə saxlanılaraq həll edilir. Bu gün Qazax rayonunda keçirilən görüşdə də maraqlı təkliflər, müraciətlər oldu. Musiqi məktəblərinin fəaliyyəti, onların işinin daha da təkmilləşdirilməsi, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması, bu məkanların fəaliyyətinin müasir tələblər səviyyəsində təmin olunması və digər məsələlərə dair bir sıra təkliflər səsləndirildi”. Əbülfəs Qarayev bildirdi ki, mədəniyyət sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, yeni formatda çalışacaq mədəniyyət müəssisələrinin istiqamətləri ilə bağlı məsələlər də diqqətə çatdırıldı. Bu təklifləri də nəzərdə saxlayacağıq. Nazir Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması məsələsinə toxunaraq bu günlərdə Ukraynanın paytaxtı Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev adına parkın və sənətkarın abidəsinin açıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, təntənəli mərasimdə Kiyev şəhərinin əhalisi də böyük maraqla iştirak etdi. Əbülfəs Qarayev nazirlik tərəfindən Cümhuriyyətin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalından danışaraq qeyd etdi ki, bu layihə bölgələrarası mədəniyyət mübadiləsinə əlavə təkan verəcək. Festivalın ölkəmizin bütün bölgələrində təşkil olunacağı diqqətə çatdırıldı. * * * Vətəndaşlarla görüşdən sonra nazir Qazax rayonunda yerləşən bir sıra mədəniyyət obyektlərinə baş çəkdi, vəziyyətlə tanış oldu. Rayon Mədəniyyət mərkəzində nazirə mədəni xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətində görülən işlər haqqında məlumat verildi. Nazir Mədəniyyət mərkəzinin qarşısında təşkil olunan səyyar kitabxanaya da baxdı. Daha sonra Əbülfəs Qarayev rayon Tarix-Diyarşünaslıq muzeyinə gəldi. Məlumat verildi ki, muzeyin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Muzeydə rayonun tarixini, mədəni irsini əks etdirən 2450 eksponat mühafizə olunur. İkimərtəbəli binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti, rayona səfərləri ilə bağlı fotolardan ibarət guşələr yaradılıb. Həmçinin burada muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, tarixi dövrlər və s. tematik bölmələr var. İkinci mərtəbədə “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “Müasir dövr” və s. bölmələri yaradılıb. Nazir Qazax Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə də tanış oldu. Məlumat verildi ki, qalereyanın fondunda ümumilikdə 549 əsər var ki, bunlar əsasən boyakarlıq və rəngkarlıq nümunələridir. Müasir tələblər səviyyəsində qurulan qalereyada mütəmadi olaraq tədbirlər, sərgilər təşkil olunur. Əbülfəs Qarayev daha sonra Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinə, Qazax rayon 1 nömrəli Uşaq musiqi məktəbinə, rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsinə baş çəkdi. Nazir bütün mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, mədəni xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətində tapşırıq və tövsiyələrini verdi. ..
20.07.2018 15:26
Milli Kitabxanada 22 iyul – Milli Mətbuat Günü kitab sərgisi ilə qeyd edilibİyulun 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “22 iyul – Milli Mətbuat və Jurnalistika günü” adlı kitab sərgisi açılıb. Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycan və xarici dillərdə mövzuya uyğun olan kitablar sərgilənib. Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq. ..
20.07.2018 11:27
Nazir Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşübPrezident İlham Əliyevin tapşırığı ilə mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü iyulun 20-də Qazax rayonunda gerçəkləşdi. Nazir Qazax şəhərində Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərini qəbul etdi. Qəbuldan öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi. Nazir sonra Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış oldu. Əbülfəs Qarayev daha sonra rayon mərkəzindəki Şəhidlər xiyabanını, Mütəfəkkirlər parkını ziyarət etdi, Cümə məscidi, İsrafil ağa hamamı, vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin (Qazax Müəllimlər Seminariyası) fəaliyyət göstərdiyi bina və Ədəbiyyat muzeyi ilə tanış oldu. Ədəbiyyat muzeyində keçirilən qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səsləndi. Ağstafa sakinləri Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğunun saytında “Virtual Keşikçidağ” adlı turun yaradılması, rayon Mədəniyyət mərkəzinin tərkibində yaradılmış Xalq teatrına geyim və rekvizitlərin verilməsi, şəhər Uşaq Musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, rayon Dövlət Rəsm Qalereyasına nazirlik tərəfindən verilmiş əsərlər və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar. Qazax sakinlərinin müraciətləri Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən kitabxananın fondunun zənginləşdirilməsi, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılması, Uşaq musiqi məktəbində nağara şöbəsinin açılması, Qazax Dövlət Rəsm Qalereyasında görkəmli rəssamların əsərlərindən ibarət sərgilərin təşkili barədə idi. Tovuzdan qəbula yazılan vətəndaşlar tərəfindən rayon Dövlət Rəsm Qalereyasındakı bir neçə əsərin bərpası, Uşaq musiqi məktəbinin binasının nazirliyin balansına verilməsi, Xalq teatrının repertuarının zənginləşdirilməsinə köməklik göstərilməsi barədə müraciətlər oldu. Şəmkir sakinləri Moskva Dövlət Rəssamlıq və Sənaye Akademiyasında bədii şüşə ixtisası üzrə magistr təhsilinin davam etdirilməsinə köməklik göstərilməsi, Orta əsrlər Şəmkir qalasında arxeoloji işlərin davam etdirilməsi, qalaya qoruq statusunun verilməsi və digər məsələlərlə bağlı xahişlərini bildirdilər. Göygöl sakinləri şəhər Uşaq musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, fəxri adın verilməsinə köməklik göstərilməsi barədə müraciət etdilər. Gədəbəy rayonunda Simenslər muzeyinin yaradılması, Daşkəsən rayonu ərazisindəki kurqanlarda aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən tapıntıların yerli Tarix-diyarşünaslıq muzeyinin fonduna verilməsi barədə xahişlər də sakinlər tərəfindən diqqətə çatdırıldı. Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapdı, digər məsələlər araşdırılması üçün nəzarətə götürüldü və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verildi. ..
20.07.2018 10:26
Nazir “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntılarla tanış olubİyulun 19-da Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Qazax rayonundakı “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji işlərlə tanış oldu. Naziri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov, həmçinin aidiyyəti qurumların nümayəndələri müşayiət edirdi. Qoruqda aparılan arxeoloji işlər haqqında Əbülfəs Qarayevə məlumat verildi. Bildirildi ki, 2015-ci ildə nazirliyin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin Daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarışlar aparmaq üçün dəvət olunub. Yaponiyalı mütəxəssislər tərəfindən əraziyə baxışdan və müvafiq axtarışlardan sonra Avey dağında, Damcılı mağara düşərgəsinin ətrafında, Damcılı mağarası da daxil olmaqla, dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün üçtərəfli beynəlxalq memorandum imzalanıb. Memorandum Mədəniyyət Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Tokio Universiteti Muzeyi arasında bağlanıb. Beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olmasını təsdiqləmək, bundan başqa, Neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. 2016-cı ilin avqustunda “Avey” qoruğu ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanılıb. 10-a yaxın müxtəlif istiqamətdə kəşfiyyat xarakterli qazıntı işləri aparılıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 metr dərinliyində qazıntı aparılarkən Orta əsrlərə, Tunc dövrünün sonuna aid daha dərində isə Neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə Orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunub. Damcılıda tapılan maddi mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşdirilməsi üçün onların üzərində Yaponiya laboratoriyalarında araşdırmalar aparılıb. Nazir Əbülfəs Qarayev aparılan arxeoloji qazıntılarla tanış olan qoruğun gələcək fəaliyyətinin daha da gücləndirilməsi, araşdırmaların davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verdi. ..
19.07.2018 17:08
Yuğ teatrının yeni direktoru kollektivə təqdim edilibAzərbaycan Respublikası mədəniyyət nazirinin əmri ilə İslam Həsənov Yuğ Dövlət Teatrına direktor təyin edilib. İslam Həsənov yaradıcı kollektivə təqdim olunub. Teatrdan verilən məlumata görə, Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov yeni direktoru kollektivə təqdim edərək onun teatr sahəsində fəaliyyəti barədə qısa məlumat verib. Şöbə müdiri Yuğ teatrının teatr sənətimizdə özünəməxsus yerə malik olduğunu qeyd edib, yeni direktora və yaradıcı heyətə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edək ki, İslam Həsənov bu təyinata qədər Sumqayıt Dövlət Dram Teatrının direktoru olub. O, 1988-ci ildə Dövlət İncəsənət İnstitutunu bitirib. Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində, Azərbaycan Teatr Xadimləri İttifaqında çalışıb. 2007-ci ildə Lənkəran Dövlət Dram Teatrına direktor təyin edilib. 2014-cü ildən 2018-ci ilədək  Sumqayıt teatrına rəhbərlik edib. ..
19.07.2018 11:20
Bakıda “Dostluq körpüsü” II Beynəlxalq folklor rəqs festivalı başa çatıb“Dostluq körpüsü” II Beynəlxalq Folklor-Rəqs Festivalına Mərdəkan Mədəniyyət Sarayında qala-konsertlə yekun vurulub. Festival Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə reallaşdırılıb. Festivala Azərbaycan ilə yanaşı, Rusiya Federasiyası, İran İslam Respublikası, İsrail, Moldova, Latviya və Gürcüstanın rəqs qrupları, ümumilikdə, 400-dən çox iştirakçı qatılıb. Festivalın təşkil olunmasında əsas məqsəd uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir. Mərdəkan Mədəniyyət Sarayında qala-konsert zamanı Şimali Osetiya və Vladiqafqazı təmsil edən “Sarmat”, Rusiyanı təmsil edən “Slavyanski lik”, Çeçenistanı təmsil edən “Zamankho”, Azərbaycanı təmsil edən “Azad” və “Lalələr” rəqs qrupları çıxış ediblər. Tədbir tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. ..
19.07.2018 11:13
Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olubUkraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub.  Açılış mərasimində Azərbaycan və Ukraynanın mədəniyyət nazirləri Əbülfəs Qarayev və Yevgeni Nişuk, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko, xarici ölkələrin Ukraynadakı səfirləri, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, aparıcı KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə Əbülfəs Qarayev, Yevgeni Nişuk, Aleksandr Spasibko və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev parkın rəmzi açılışını bildirən lenti kəsiblər. Qonaqları salamlayan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı və tövsiyəsi əsasında şəhərin mənzərəli yerində belə bir park salınıb. “Səfirlik Ukrayna ərazisində bir neçə bu cür istirahət parklarının salınması üçün işlərini davam etdirəcək. Azərbaycan mədəniyyətini, tarixini dünyada tanıdan nüfuzlu şəxslərin adlarını daşıyan parkların yaradılması xalqımızın milli, mənəvi dəyərlərinin necə zəngin olduğunun göstəricisidir”,- deyə səfir əlavə edib. Kiyevin mərkəzində belə bir parkın açılmasının tarixi hadisə olduğunu qeyd edən nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə parkın açılışı ilə bağlı ölkəmizdən böyük nümayəndə heyəti iştirak edir. “Bu park kiyevlilər və şəhərin qonaqları üçün gözəl istirahət məskəni olacaq. Parkda Müslüm Maqomayevin heykəli şəhərə xüsusi gözəllik verir. Müslüm Maqomayev dünya xalqlarının sevimlisi olub”, - deyə nazir bildirib. M.Maqomayevin Azərbaycanın dünya şöhrətli musiqiçisi, ecazkar vokal ifaçılığı ilə milyonların qəlbini fəth etdiyini vurğulayan Ukraynanın mədəniyyət naziri çıxışında deyib ki, o bir çox xalqların sarsılmaz mədəni əlaqələrinin təcəssümüdür. Y.Nişuk bildirib ki, M.Maqomayev bütün dünya mədəniyyətinə məxsus ifaçıdır. Kiyev şəhər Dövlət Administrasiyasının rəhbərinin müavini Aleksandr Spasibko çıxışında bu cür ecazkar parkın kiyevlilərin əsl istirahət yerinə çevriləcəyinə inandığını bildirib. O qeyd edib ki, Kiyev şəhər Dövlət Administrasiyası Azərbaycan səfirliyinin irəli sürdüyü bu cür layihələrə həmişə dəstək olmağa hazırdır. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanov Müslüm Maqomayev kimi dahi şəxsiyyətin heykəlinin müəllifi olduğu üçün özünü xoşbəxt saydığını bildirib. Çıxışlardan sonra parkda məşhur müğənninin heykəlin üzərindəki örtüyü götürülüb. Tədbir Azərbaycan, Özbəkistan, Ukrayna və digər ölkələrin incəsənət xadimlərinin çıxışları ilə davam etdirilib. Daha sonra Kiyevin Milli Musiqi Akademiyasında Müslüm Maqomayevin xatirəsinə həsr olunan “Sən mənim nəğməmsən!” adlı konsert keçirilib. Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi parkın salınması ölkəmizin “ALTE” İnşaat, sənaye və ticarət” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilib. Park Azərbaycan Prezidenti İlham Əliyevin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələrək salınıb. ..