İyunun 28-də Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən Abidə Menecerləri Forumu öz işini davam etdirdi.
Bildirək ki, iyulun 4-dək davam edəcək forum Azərbaycanın Mədəniyyət Nazirliyi, UNESCO-nun Dünya İrs Mərkəzi, Mədəni mülkiyyətin mühafizəsi və bərpasının öyrənilməsi üzrə beynəlxalq mərkəz (ICCROM), "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə gerçəkləşir.
Forumun ikinci günündə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni mərkəzinin direktoru Cavid Kazımov geniş məruzə ilə çıxış etdi. Onun məruzəsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin irs və dayanıqlı inkişaf üzrə fəaliyyəti” mövzusuna həsr olunmuşdu.
Paytaxtın bu qədim məkanının idarə olunması, abidələrin qorunması, aparılan bərpa və konservasiya işləri barədə məlumat verən məruzəçi dedi ki, "İçərişəhər”lə bağlı təcrübə digər ölkələrdən gələn qonaqların marağına səbəb olub: “Abidə menecerləri bizim təcrübə ilə yaxından maraqlanırlar. Abidələrimizin bərpa və konservasiyası ilə bağlı təcrübəmizi onlarla bölüşməkdən məmnunuq”.
Bildirildi ki, Abidə Menecerləri Forumu UNESCO-nun Mədəni irs siyahısında yer alan abidələrin idarə edilməsi ilə məşğul olan mütəxəssisləri bir araya gətirmək baxımdan böyük əhəmiyyət kəsb edir. Forum abidə menecmenti üçün təcrübə mübadiləsi, ən son yeniliklərlə bağlı məlumat mübadiləsi sarıdan vacib platformadır.
Daha sonra UNESCO-nun Dünya İrs Mərkəzinin nümayəndəsi Jyoti Hosagrahar “Dünya mədəni irsi və dayanıqlı inkişaf”, Abidələrin və Görməli Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) əməkdaşı Regina Duriqhello “Risklərin qiymətləndirilməsi və mədəni irsin idarə olunması” və digər mütəxəssislərin müxtəlif mövzularda məruzələri dinlənildi.
Daha sonra forum iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, iyulun 2-də forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında xüsusi bəyanatla çıxış edəcəklər.