“Azərbaycanın görkəmli rəssamları” sərgisi Azərbaycan Milli İncəsənət Muzeyi ilə “Bakı Metropoliteni” QSC-nin ilk birgə layihəsidir. Sərgidə AMİM kolleksiyasından XVII əsrdən günümüzə qədər olan dövrü əhatə edən 85 boyakarlıq və qrafik əsər bir sərgi çərçivəsində təqdim edilərək, tamaşaçıları Azərbaycan təsviri sənət antalogiyası ilə tanış edir. Sərgi tamaşaçılara Azərbaycan təsviri sənət tarixində önəmli yer tutan Mirzə Qədim İrəvani, Əzim Əzimzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə, Tahir Salahov, Çingiz Fərzəliyev və digər görkəmli rəssamların məşhur əsərləri ilə tanışlıq imkanı yaradır. Hər bir rəssamın əvəzedilməz və özünəməxsus dünyası, milli mədəniyyətimizə töhfəsi olan dərin və təkraredilməz yaradıcılıq aləmi sənətsevərlərdə heyranlıq doğuracaq.
Sərgi 20 dekabr 2018-ci il tarixində, saat 11:00-da “Bakı Metropoliteni” QSC-nin Nəriman Nərimanov metrostansiyasının keçid hissəsində baş tutacaq.