Ölkəmiz 1992-ci ildən UNESCO-nun üzvüdür. 1996-cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən əlaqələrimiz genişlənmiş və bir çox iri layihələrə imza atılmışdır. Bu layihələrdən biri də UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə hazırladığı “Azərbaycanın mədəni sərvəti” layihəsidir.
Bu layihəyə parça, tikmə və milli geyimlərin bərpası proqramı daxildir. Qeyd edək ki, müasir texnologiyanın hegimonluq etdiyi bir dövrdə əl sənəti arxa plana çəkilmişdir. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və həmçinin unudulmaqda olan əl sənəti işlərini qoruyub saxlayıb gələcək nəsillərə çatdırmaqdır.
24 oktyabrdan başlayaraq bu layihəyə start verilmişdir. Layihəhin proqramı çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərslər təşkil olunmuşdur. Bunun üçün xarici mütəxəssislər dəvət olunub.