Dinlər arasında təfriqəni dindarlar deyil, onların etiqadı və hissləri ilə oynayanlar yayırlar. Bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışında söyləyib. BMT-nin rəsmi saytında Bakı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş məqalə də bu sözlərlə başlayır.
Məqalədə bildirilir ki, mayın 2-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb. Migel Anxel Moratinos bəyan edib ki, bu görüş hər zaman olduğundan daha aktualdır. O, ABŞ-da bu yaxınlarda sinaqoqa, Yeni Zelandiyada məscidlərə, Şri-Lankadakı katolik kilsələrinə və Burkina-Fasoda protestant kilsəsinə edilən terrorçu hücumları xatırladıb.
“Mən bu gün ürəyimdə böyük ağrı hissi ilə sizə müraciət edirəm”, - deyə ali nümayəndə izah edib ki, o, elə dünən Pasxa bazar günündə katolik kilsələrində və paytaxt Kolombonun dörd otelində partlayışların baş verdiyi Şri-Lankadan qayıdıb. Onları terrorçu kamikadzelər törədiblər. Bu terror aktları çoxlu insanın, o cümlədən uşaqların ölümünə səbəb olub.
Dünyanın digər ölkələrində analoji aktlardan bəhs edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi vurğulayıb ki, baş verən son faciəli hadisələr heç kimin zorakılıqdan və ekstremizmdən sığorta olunmadığını aydın şəkildə göstərdi. O əlavə edib ki, bütün bu hücumlar kriminal aləmin nümayəndələri tərəfindən dini icmaları bir-biri ilə qarşı-qarşıya gətirərək nifrət zəminində törədilir.
Problem insanların müxtəlif dini etiqadları olmasında deyil, ondadır ki, digərləri dindarları manipulyasiya edir, onları bir-birinə qarşı “müqəddəs mətnlərin təhrif olunmuş izahları ilə” qızışdırırlar. Son zamanlar radikallar və ultrasağ ideyaların nümayəndələri də vəziyyəti gərginləşdirərək sosial şəbəkələrdən və “gizli internet”dən öz zərərli ideyalarını yaymaq üçün fəal istifadə edirlər.
Ali nümayəndə uzun sürən münaqişələr, terrorçuluq və ekstremizm arasında əlaqələri də xatırladıb. Onun sözlərinə görə, məhz təcavüzkar ekstremistlər cəmiyyətdə nifaq toxumları səpməyə və qeyri-sabitlik yaratmağa çalışırlar.
Migel Anxel Moratinos bəyan edib ki, din təfriqə deyil, qarşılıqlı anlaşma vasitəsi olmalıdır. O, mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsinin və bu proseslərə gənclərin cəlb olunmasının zəruriliyini vurğulayıb.
Forumun açılışında çıxış edən Azərbaycan Prezidenti vurğulayıb ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib: “Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur. Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda uğura nail ola bilərik”.
Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan Prezidentinin himayəsi, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə hökumət başçıları, nazirlər, müxtəlif beynəlxalq təşkilatların rəhbərləri, ekspertlər və jurnalistlər iştirak edirlər.
İlham Əliyev vurğulayıb: “Forumun bütün iştirakçılarını salamlayır, bu gün bizimlə birlikdə olduqlarına görə qonaqlarımıza təşəkkürümü bildirirəm. Burada 100-dən artıq ölkədən 500-dən çox qonağımız var. Bu, onu göstərir ki, bu Forum nisbətən qısa zaman ərzində cari gündəlikdə duran mövzulardan biri olan mədəniyyətlərarası dialoqun müzakirəsi baxımından qlobal platformaya çevrilib”.