“Qalereya 1969”da Heydər Əliyev adına Müasir Təhsil Kompleksi şagirdlərinin uşaq yaradıcılıq sərgisinin açılışı olub.
Sərgini sənətşünaslıq doktoru, professor Telman İbrahimov açıb. O, ilk yaradıcılıq hesabatları olan sərgi iştirakçılarını təbrik edərək, onlara uğurlar arzulayıb.
Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova qeyd edib ki, bu sərgi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərdən birincisidir.
A.Mikayılova şagirdlərin ekspozisiyasını qısa şəkildə təqdim edərək bildirib ki, sərgi böyük alınıb. Buraya müxtəlif texnikalarda – yağlı boya, karandaş, sulu boya, flomaster, strinq-art, tikmə, ağac üzərində yandırma üsulu ilə işlənmiş 150-dək əl işi daxil edilib.
Uşaqlar öz əl işləri vasitəsilə sevimli nağıl və cizgi filmlərindən, ətraf mühitdə onları təəccübləndirən və sevindirən hər şeydən aldıqları təəssüratları çatdırırlar, xeyir və şəri öz xəyallarında canlandırırlar.
A.Mikayılova balaca rəssamların müəllimlərinə - Kamilə Muradovaya, Vüqar Əliyevə, Səadət Əbdülsəlimzadəyə, Söhrab Hüseynova, həmçinin sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Sərgi həm böyüklər, həm də uşaqlar üçün maraqlı olacaq. Uşaqlar özlərindən yaşca böyük dostlarının yaradıcılığı ilə tanış olacaq, böyüklər isə bu sərginin köməyi ilə özlərinin qayğısız, şən uşaqlıq illərini yada salacaq, uşaq fantaziyasının tükənməzliyinə görə bir daha heyrətlənəcəklər.