Oktyabrın 1-də Qara Qarayevin ev-muzeyinin bir ilinin tamam olması münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Qara Qarayevin həyat və yaradıcılığı haqqında məlumat verilib, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova muzeyin bir ildə gördüyü işlərdən danışıb: “Toplaşdığımız bu muzey artıq görkəmli incəsənət xadimlərinin sevdiyi bir məkana çevrilib. Mütəmadi olaraq burada tanınmış musiqiçilərin ifasında konsertlər təşkil olunur, kitabların təqdimatları və elmi konfranslar keçirilir. Tədbirlər zamanı muzeyə yeni-yeni eksponatlar, hədiyyələr verilir ki, bu da muzeyin fondunu daha da zənginləşdirir”.
Tədbir zamanı Xalq artisti Tofiq Bakıxanov görkəmli bəstəkarla bağlı xatirələrini bölüşüb, onun təvazökar bir insan olduğunu vurğulayıb.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib ki, Qara Qarayevin musiqisi, pedaqoji fəaliyyəti zəngin olduğu üçün onun haqqında kitablar yazılıb, araşdırmalar aparılıb, dissertasiyalar müdafiə olunub. Ancaq bütün bunlar onun yaradıcılığının son notunu öyrənməyə kifayət etməyib. Q.Qarayevin melodiyasında o qədər mükəmməllik var ki, yalnız virtuozlar bu zirvənin ucalığını görə bilərlər.
Sonra F.Əlizadə “Qara Qarayevin yaradıcılığının bədii-estetik xüsusiyyətləri” və bəstəkarın həyat və yaradıcılığını əks etdirən ingilis dilinə tərcümə olunmuş kitabları muzeyin fonduna hədiyyə edib.