Beynəlxalq Muğam Mərkəzində fevralın 28-də başlayan “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika müşavirəsi fevralın 29-da işini davam etdirdi.
Günün birinci yarısında Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioninin moderatorluğu ilə keçirilən panel iclasda “Mədəniyyət müəssisələrinin mədəni marşrutların inkişafında və təbliğatında rolu” mövzusunda müzakirələr aparıldı.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” və “Dəyirmi masa” layihələrinin koordinatoru Gülhüseyn Kazımlı, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Hafiz Mirzə, Saatlı rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev mövzu üzrə məruzələrlə çıxış etdilər.
Asif Usubəliyev “Mədəniyyət müəssisələri mədəni marşrutların subyekti kimi” məruzəsində diqqətə çatdırdı ki, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi həmişə müxtəlif ənənəvi mədəniyyət sahələrinin hərtərəfli tənzimlənməsində əlaqələndirici rolu oynayıb. Mərkəz xalq yaradıcılığının müxtəlif janrlarının inkişafını stimullaşdırır, ənənəvi incəsənətin mövcud vəziyyətinin bütöv mənzərəsini yaratmağa imkan verir.
Gülhüseyn Kazımlı “Azərbaycan muğam marşrutları – Qarabağ, Şirvan, Bakı, Gəncə, Tiflis” mövzulu məruzəsində ölkəmizdə muğam ifaçılıq məktəblərinin formalaşması və inkişafından söz açdı.
Panel iclasda aşıq sənətinin tarixi, bölgələrin mədəni marşrutların fəaliyyətində rolu və yeni təşəbbüslərlə bağlı fikirlər səsləndirildi.
Daha sonra müşavirə çərçivəsində təlim sessiyası təşkil edildi. Təlimçilər Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun layihə rəhbəri Karolina Klark və “Avropa Tarixi Termal Şəhərlər” marşrutunun koordinatoru Katerina Lloyd “Mədəni marşrutların inkişafı, idarəçilik və davamlı idarəetmə”, “Yerli və davamlı inkişaf üçün mədəni marşrutlar: sistemli yanaşma”, “Mədəni marşrutlar üçün brendləşdirmə, marketinq və kommunikasiya”, “Tematik tədqiqatlar və ən yaxşı təcrübələr” mövzularında müzakirə apardılar.
Günün ikinci yarısı təlim sessiyası “Mədəni marşrutlar – ən yaxşı təcrübələr” mövzusunda işini davam etdirdi.