Respublika Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayaraq, geniş istifadəçi auditoriyasına təqdim edib.
Biblioqrafik icmalda istifadəçilərə Antarktida haqqında geniş, dolğun informasiya verə biləcək bütün mənbələrə müraciət edilib və bu mənbələr icmalda öz əksini tapıb. Bunlara ensiklopediyalar, dərsliklər, bədii ədəbiyyat və s. aiddir. İcmalda təqdim olunan ədəbiyyat Azərbaycan və rus dillərində verilib. Ədəbiyyatın annotasiyasında kitabın məzmunu ilə yanaşı, onun əsas məziyyətləri, ünvanlandığı oxucu auditoriyası və s. göstərilir. Oxuculara, həmçinin sözügedən mövzunu əks etdirən elektron resurslar haqqında da məlumat verilir.
Qeyd edilir ki, 200 il bundan qabaq 1819-cu ildə altıncı materik-Antarktidanın mövcudluğunu təsdiq etmək üçün ekspedisiya təşkil olunub. Ekspedisiya 751 gün olmaqla, 92 min kilometrdən çox məsafəni qət edib.1820-ci ildə eyni vaxtda 3 ölkə ekspedisiyası ayrı-ayrılıqda Antarktidanı kəşf edib. Nəhayət 1959-cu il dekabrın 1-də Antarktida haqqında konvensiya imzalanıb. 23 iyun 1961-ci ildə ilk 12 dövlətin ratifikasiyasından sonra bu konvensiya qüvvəyə minib. Bu müqavilənin məqsədi Antarktidadan bütün bəşəriyyətin istifadəsi üçün imkan yaratmaqdan və həmçinin də elmi tədqiqatlar və beynəlxalq əməkdaşlıq üçün azad mühit təşkil etməkdən ibarət idi. Hazırda müqaviləni imzalayan dövlətlərin sayı 50-dir. Bu möcüzəli Antarktida həm qitə, həm materikdir və bütün bəşəriyyətin maraqlarına xidmət edir.
İstifadəçilər biblioqrafik icmalla https://ryl.az/sened/antarktida.pdf linkı vasitəsilə tanış ola bilərlər.