Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2533

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov "Xalq qəzeti"nə müsahibə verib

Müsahibənin mətni təqdim olunur:

Anar müəllim, Prezident İlham Əliyev sizi mədəniyyət naziri təyin edərkən nazirlik qarşısında mühüm vəzifələr qoydu. İstərdik, söhbətimizə videoformatda baş tutan həmin görüşdən başlayaq.

– Cənab Prezidentin Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas konturlarını əhatə edən həmin çıxışı, bizim gələcək fəaliyyətimizin proqram sənədi kimi çox əhəmiyyətlidir. Dövlət başçısı mədəni irsimizin qorunması və təbliği, “Nizami Gəncəvi ili”ndə dahi şairin yubileyinin ölkəmizdə və xaricdə geniş şəkildə qeyd edilməsi, işğaldan azad olunmuş torpaqlarımızda tarixi-mədəni, dini abidələrin bərpası, yeni mədəniyyət infrastrukturunun yaradılması, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı kimi dünyada tanıdılması, mədəniyyət sahəsinin inkişafı, bu sahədə zəruri islahatların aparılması barədə müvafiq tapşırıq və tövsiyələrini verdi. Ən əsası isə mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin strateji əhəmiyyətini qeyd edərək bu dəyərlərin gənclərimiz arasında təbliğ edilməsi və milli ruhda tərbiyə məsələsini bir vəzifə kimi Mədəniyyət Nazirliyinə tapşırdı.

Dövlətimizin başçısı, həmçinin Azərbaycan dilinin saflığının qorunması məsələsinə, bu sahədə mövcud problemlərə diqqət çəkdi. Mədəniyyət Nazirliyinin digər qurumlarla birlikdə Azərbaycan dilinin qorunması üçün ciddi işlər görülməsi barədə tapşırıqlar verdi.

Azərbaycanda bütün dinlərə məxsus ibadət məkanlarının, o cümlədən işğal dövründə Qarabağda ermənilər tərəfindən talan edilmiş, mənimsənilmiş qədim alban xristian irsinin bərpa olunması ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Dövlətimizin başçısı bu istiqamətdə görülməli işləri də nəzərə çatdırdı.

Ümumiyyətlə, möhtərəm Prezidentin çıxışı Mədəniyyət Nazirliyinin qarşıdakı fəaliyyətinin əsas istiqamətləri ilə bağlı, müasir dövrün tələbələrinə cavab verən aydın çağırışları ehtiva edirdi. Nazirlik olaraq fəaliyyətimizi də istiqamətlər əsasında qururuq.

– Yeni mədəniyyət strategiyasının hazırlanması hansı zərurətdən irəli gəlir?

– Bu, ilk növbədə, mədəniyyətimizi yeni dövrün tələblərinə uyğunlaşdırmaq istəyi ilə bağlıdır. Çünki sürətlə inkişaf edən dünyada proseslərdən geri qala bilmərik. Mədəniyyət sahəsinin idarə edilməsinə yanaşmalarda da dəyişikliklərə ehtiyac var. Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, iş mexanizmində operativliyin təmin edilməsi, idarəçilik metodologiyasının müasirləşdirilməsi, müəssisələrin iş prinsiplərinin təkmilləşdirilməsi və bütün sistem üzrə koordinasiyanın qurulması məqsədilə “Mədəniyyət Nazirliyinin institusional islahatlarının icrasına dəstək Proqramı” hazırlanıb. Proqram mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan 16 layihədən ibarətdir.

– Milli mədəniyyətin inkişaf prioritetləri müəyyənləşib. Bu istiqamətdəki yeniliklər barədə nələri demək istərdiniz?

– Milli mədəniyyətin inkişafı ilə bağlı prioritetlər müəyyənləşdirilərkən ayrı-ayrı sahələrlə yanaşı konkret vəzifələr nəzərə alınıb. Bunlar mədəniyyətin bütün sahələrini əhatə edir. Sözsüz ki, fəaliyyətimizdə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları, habelə dövlət başçısı tərəfindən təsdiq olunmuş dövlət proqramlarının icrası prioritet təşkil edəcək.

Yeri gəlmişkən, qeyd edim ki, mədəniyyət sahəsində qanunvericilik bazasının da yenilənməsinə ehtiyac var. Bu istiqamətdə də müəyyən addımlar atılır. Bu il kino haqqında yeni qanun layihəsini Milli Məclisə təqdim edib müzakirəsini keçirmək istəyirik. Hazırda bununla bağlı müzakirələr aparırıq. Planımızda ilk sırada olan məsələ isə Azərbaycan Respublikasının Kino Agentliyinin yaradılmasıdır. Agentlik publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək. Əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaq, bu sahəyə ölkəmizdən və xaricdən investisiyalar cəlb etmək, özəl sektorla işləri qurmaq və insan resurslarına diqqəti gücləndirmək, bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır.

Eyni zamanda, kino konsepsiyası çərçivəsində xarici kinostudiyaların Azərbaycanda film çəkilişlərini təşviq edən bir platforma yaradılması da nəzərdə tutulub. Bu bizə imkan verəcək ki, xarici kino şirkətləri öz filmlərini Azərbaycanda çəksinlər. Təbii ki, bu, həm də ölkəmizə sərmayə gətirəcək.

– Qloballaşan dünyamızda milli mədəniyyətlərin qorunub saxlanılması üçün hansı məsələlərə daha çox diqqət yetirmək lazımdır?

– Çağdaş dünyamızın ən aktual problemlərindən birinə toxundunuz. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, beynəlxalq iqtisadi və mədəni əlaqələrin daha intensiv xarakter aldığı bir dövrdə milli mədəniyyətlərin qorunması məsələsi daha aktual şəkildə ortaya çıxır. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, qloballaşma kontekstində mədəni inteqrasiya daha sürətli xarakter alıb. Ölkələr arasında mədəni əlaqələrin genişlənməsi təbliğat imkanlarının intensivliyinin artması ilə əlaqədardır. Sadəcə, yaranmış vəziyyətdə real təsirləri düzgün qiymətləndirməli və qloballaşmanın təzadlarını xeyrimizə çevirməliyik. Qloballaşmanın yaratdığı imkanlardan elə istifadə olunmalıdır ki, ölkəmizin yaradıcılıq potensialı və yaradıcı mədəni sənayelər dünya bazarına çıxmaq fürsəti əldə etsinlər.

Milli mədəniyyətin qorunması qədər onun təbliği də vacib məsələdir. Bu məsələdə dövlət qurumları və ictimai təşkilatlarla yanaşı, sözsüz ki, ayrı-ayrı fərdlərdən, bütövlükdə ictimaiyyətdən asılı olan nüanslar var. Vətəndaşlarımızın milli-mənəvi dəyərlərimiz, mədəni irsimizlə bağlı dolğun məlumatlı olması vacib məqamdır. Möhtərəm Prezidentimizlə görüşdə dövlət başçısı mədəni irsimizin qorunması, saxlanılması, Azərbaycan mədəniyyətinin dünyaya təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılması ilə bağlı göstəriş verdi. Artıq bu göstərişin icrası məqsədilə “Davranış Mədəniyyəti Konsepsiyası”nın hazırlanmasına başlanılıb.

– Azərbaycan mədəni müxtəlifliyin, multikultural dəyərlərin tarixən mövcud olduğu məkandır. Gələcəkdə bu dəyərlərin yaşadılması istiqamətində hansı yeniliklər gözlənilir?

– Azərbaycanın sahib olduğu multikultural dəyərlər, tolerantlıq mühiti dünyada örnək kimi qəbul olunur. Möhtərəm Prezidentimizin dediyi kimi, tolerantlıq Azərbaycanda həyat tərzidir. Dövlət başçısı tərəfindən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili”, 2017-ci ilin "İslam həmrəyliyi ili” elan olunması ölkəmizin mədəni zənginliyini, tolerantlıq mühitini dünyaya bəyan etməklə yanaşı, bu xüsusda yeni mədəni təşəbbüslərə də zəmin yaradır.

Azərbaycan müsəlman ölkəsi olsa da, respublikamızda yaşayan digər inanc sahiblərinin də dini məkanlarının qorunmasına və təmir-bərpasına diqqət yetirilir. Azərbaycan dövləti mənşəyindən asılı olmayaraq, ölkəmizdəki bütün dini miras nümunələrinə eyni dərəcədə qayğı ilə yanaşır. Məlumdur ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həm Azərbaycanda, həm də bir sıra xarici ölkələrdə qədim xristian abidələrinin bərpası ilə bağlı layihələr reallaşdırılır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən vandalizmə, saxtalaşdırma və mənimsəməyə məruz qalmış qədim alban xristian irsinin də bərpa və konservasiyası istiqamətində işlər görülür.

Bu mənada dünyəvi və multikultural ölkə kimi Azərbaycanın mövqeyinin və sadiq olduğu dəyərlərin beynəlxalq miqyasda düzgün təbliğ olunması çox vacibdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” təşəbbüsü irəli sürülmüş və 2010-cu ildə BMT Baş Assambleyasında ölkəmizin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirmək niyyəti bəyan edilmişdir. 2011-ci ildən etibarən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etməklə ölkəmizin “Bakı prosesi”nin ideyalarına sadiqliyini nümayiş etdiririk. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrdə “Bakı prosesi”nin əhəmiyyətini xüsusi vurğulayaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platformalarından biri elan etmişdir. Onu da qeyd edim ki, “Bakı prosesi” və forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, ICESCO və Avropa Şurasının tərəfdaşlıq etdiyi yeganə qlobal layihədir.

Yerli səviyyəyə gəldikdə, Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri də ölkəmizdə yaşayan azsaylı xalqların, etnik qrupların dilinin, dini inanclarının, adət-ənənələrinin qorunub saxlanılmasıdır. Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə müxtəlif layihələr həyata keçirilib. Buna misal olaraq "Azərbaycan – doğma diyar” devizi altında keçirilən milli azlıqların incəsənət festivallarını göstərə bilərəm. Ötən ilin noyabrında başladığımız və birinci mərhələsi başa çatan “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsə və ibadətgahlara aid qısa videoçarxlar hazırlanaraq yayımlanıb. Ramazan ayında isə “İslam irsimizi tanıyaq” layihəsini təqdim etdik. Bu layihə üzrə ölkəmizdəki İslam mədəniyyəti abidələri – məscidlər, türbələr, xanəgahlar, karvansaralar barədə qısa videoçarxlar hazırlanıb, nazirliyin rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim olunur.

Bu yaxınlarda elan etdiyimiz daha bir layihəni diqqətə çatdırmaq istərdim. Bu, “Mədəniyyət naminə sülh” (#Peace4Culture) adlı qlobal kampaniyadır. Layihənin məqsədi sülh vasitəsilə mədəni irsin qorunması, dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması, eləcə də sülhün əldə olunmasında mədəniyyətin və mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsidir.

– Beynəlxalq əlaqələrdə mədəni əməkdaşlıq əhəmiyyətli məsələdir. Bu kontekstdə UNESCO ilə münasibətlərin hazırkı vəziyyətini necə xarakterizə edərdiniz?

– Mədəni irs, incəsənət xalqları, ölkələri tanıdan, insanları birləşdirən əhəmiyyətli vasitələrdən biridir. Azərbaycan dövləti beynəlxalq mədəni əməkdaşlığa xüsusi önəm verir. Xarici ölkələrlə bu sahədə əlaqələri inkişaf etdirmək üçün lazımi addımlar atılır.

Ölkəmiz beynəlxalq mədəniyyət layihələrində yaxından iştirak edir, eyni zamanda BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO kimi təsisatları ilə yüksək səviyyəli əməkdaşlıq əlaqələrimiz var. Ölkəmiz BMT-nin aparıcı qurumlarının bir sıra tədbirlərinə uğurla ev sahibliyi edib. Həmçinin bu qurumlar Azərbaycanın təşkilatçılığı ilə keçirilən mötəbər beynəlxalq tədbirlərin tərəfdaşı və dəstəkçisi kimi çıxış edirlər.

Azərbaycanın UNESCO ilə əlaqələri ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkəmizə rəhbərliyə qayıdışından sonra təşəkkül tapıb və inkişaf etməyə başlayıb. Sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən bu münasibətlərə daim böyük önəm verilib. Xüsusilə 2004-cü ildə Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsi ilə ölkəmizin bu qurumla əlaqələrində yeni səhifə açılıb, əməkdaşlığın miqyası daha da genişlənib. Təsadüfi deyil ki, Mehriban xanımın bilavasitə təşəbbüsü və dəstəyi ilə bu gün ölkəmizin 15 qeyri-maddi mədəni irs nümunəsi UNESCO-nun müvafiq siyahılarında yer alır. Üç tarixi-mədəni irs məkanımız isə təşkilatın digər mötəbər reyestrinə – Dünya İrsi Siyahısına daxil edilib. Onu da qeyd edim ki, Bakı və Şəki şəhərləri UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə salınıb.

Burada bir məqama da toxunmaq istəyirəm. İşğal altında olan torpaqlarımızı azad edəndən sonra erməni diasporunun və onların havadarlarının təsiri ilə UNESCO regiona missiya göndərilməsi məsələsində ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdi və bu bizi məyus etdi. Halbuki tərəfimizdən ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesinin və iqlim vəziyyətinin əlverişli olmadığı bizim tərəfimizdən diqqətə çatdırılsa da, qərəzli yanaşma davam etdi. Artıq işğaldan azad olunmuş ərazilərdə müəyyən təhlükəsizlik tədbirləri həyata keçirilib və ölkəmiz UNESCO missiyasını qəbul etməyə hazırdır. Həmin missiyanı qəbul etməyə hazır olduğumuz haqqında müraciət göndərilib və texniki missiya zamanı işğaldan azad edilmiş ərazilərdə baxış keçiriləcək abidə və mədəniyyət müəssisələrinin siyahısı da təqdim olunub. Onu da qeyd edim ki, Vətən müharibəsindən əvvəlki dövrlərdə də Azərbaycan bölgəyə – işğal edilmiş torpaqlarımıza missiyanın göndərilməsi ilə bağlı UNESCO-ya dəfələrlə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövləti ölkəmizin maraqları çərçivəsində öz həqiqətlərini dünyaya çatdırmaq məqsədilə UNESCO ilə əlaqələrin inkişafı üçün əməkdaşlığı davam etdirəcək.

– Qarabağın mədəni, dini abidələri, mədəniyyət müəssisələri erməni vandalları tərəfindən yerlə-yeksan edilib. Bu abidələrin bərpası və yenidən qurulması istiqamətində nə kimi işlər görülür?

– Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları tarixi yurd yerlərimizdə bütün infrastrukturu, o cümlədən tarixi-mədəni irsimizi məhv ediblər. Qarabağda ermənilərin törətdiyi vandalizm artıq dünya ictimaiyyətinə çatdırılır. Yeri gəlmişkən qeyd edim ki, mədəni irsimizə qarşı törədilən vandalizm aktları ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən UNESCO və ICESCO-ya, BMT-nin Sivilizasiyalar Alyansına və 150 ölkənin Mədəniyyət Nazirliyinə müraciət edilib.

İndiyədək dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib. Həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt aşkar edilib. Baxış keçirilən tarix-mədəniyyət nümunələrinin əksəriyyəti işğalçılar tərəfindən tamamilə məhv edilib. Həmçinin 846 mədəniyyət müəssisəsi monitorinq edilib ki, onlardan 451-i kitabxana, 342-si mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Bu müəssisələrdən 14-ü ilkin monitorinq nəticəsində aşkar edilsə də, nazirliyin şəbəkəsində yoxdur. Müəssisələrin, demək olar ki, hamısı tamamilə dağıdılmış vəziyyətdədir.

Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılıb. Monitorinq davam edir və bu proses yekunlaşandan sonra erməni işğalı dövründə mədəniyyətimizə vurulmuş ziyanın tam mənzərəsini həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq.

Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması qarşıdakı dövrün prioritetlərindəndir. Yaşayış məntəqələrində düşmənin vandalizminə məruz qalmış mədəniyyət abidələrinin bərpası təxirə salınmadan aparılacaq və bütün bu işlər bilavasitə dövlət başçısının diqqət mərkəzindədir.

İlk növbədə Şuşa şəhərində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. İşğal zamanı erməni vandalizminə məruz qalmış tarixi abidələr, məqbərələr, ev-muzeyləri, məscidlər, eləcə də Qazançı kilsəsi bərpa edilir. Əminəm ki, aparılan təmir-bərpa işləri Şuşanın tarixi-mədəni simasını özünə qaytaracaq, qədim şəhərimizi dünya mədəni irs xəritəsində yeni cazibə mərkəzinə çevirəcək.

– Bu günlərdə milli mədəniyyətimizin beşiyi sayılan Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalı keçirildi. Prezident İlham Əliyev bu il, həmçinin Şuşada Vaqif poeziya günlərinin keçirilməsi barədə tapşırıq verib. Dövlət başçısının göstərişi ilə Şuşada mədəniyyət abidələrinin və müəssisələrinin bərpası ilə bağlı işlərə başlanılıb. Şuşanın mədəni həyatında daha hansı yeniliklər gözlənilir?

– Qarabağın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası, insanların doğma yurdlarına qayıdışı deyil, eyni zamanda, bu torpaqlara geniş anlamda mədəniyyətin qayıtması deməkdir. Ona görə də bu yöndə layihə və aksiyalarımızı “Mədəniyyəti Qarabağa qaytarırıq” şüarı ilə həyata keçiririk. Biz bu torpaqlara mədəniyyəti qaytarmaqla, oradakı tarixi-mədəni irsi bərpa etməklə dünyaya da göstərəcəyik ki, Qarabağda 30 ilə yaxın vandalizmlə, talanla məşğul olanlardan fərqli olaraq, bu yerlərin əsl və əzəli sahibi kimlərdir.

Dövlət tərəfindən həyata keçiriləcək “Böyük Qayıdış” proqramında mədəniyyət xadimlərinin, müvafiq sahələr üzrə mütəxəssislərin, yaradıcı təşkilatların iştirakı ilə bu işə verə biləcəyimiz töhfələr barədə fikirləri dinləmək üçün videokonfrans formatında geniş görüşümüz də olub.

Ulu öndər Heydər Əliyevin vaxtilə Şuşa və Qarabağ haqqında dediyi sözlərin tarixi əhəmiyyətini bu günlər yaşadığımız zəfər ruhu ilə bir daha dərindən dərk edirik. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan tam deyildi, ola da bilməzdi. Biz Şuşasız, Qarabağsız illəri bu inamla yaşadıq, bu itki ilə heç vaxt barışmadıq. Ümummilli lider deyirdi ki, Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir, əzizdir. Amma tək Şuşa yox, bütün Qarabağ torpağı bizim üçün əzizdir.

Bu gün əsas vəzifəmiz Şuşamızı, onun tarixi əhəmiyyətini və Azərbaycan mədəniyyətindəki rolunu bərpa etmək, bu qədim şəhərin mədəniyyətimizin, musiqimizin beşiyi olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır. Möhtərəm Prezidentin imzaladığı sərəncamla Şuşa şəhərinin tarixi görkəminin, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği təmin ediləcək.

Mayın 12-13-də dövlət başçısının tapşırığı əsasında Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı da mədəniyyətimizin paytaxtına qayıdışımızın möhtəşəm nümayişi oldu. Prezident İlham Əliyevin festivalın açılışında dediyi kimi, biz bütün dünyaya Şuşadan, qədim torpağımızdan mesaj verdik. Bu, sülh, xalqların birgəyaşayışı, mədəni zənginlik, tolerantlıq, milli həmrəylik mesajıdır. Festivalın ilk günü ölkəmizdə yaşayan müxtəlif xalqların mədəni irsinin təqdimatı – “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda konsert proqramı da bunun parlaq ifadəsi idi. Şuşanın işğaldan azad edilməsindən cəmi altı ay sonra illərdir həsrətində olduğu musiqi, sənət havasına qovuşması bütövlükdə Azərbaycan mədəniyyətinin təntənəsidir.

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə Şuşadan başlamışıq. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilin əvvəlindən artıq üç dəfə Şuşa şəhərində olublar. Bu səfərlər Şuşada aparılacaq mədəni quruculuq işlərinə ölkə rəhbərliyinin həssas münasibətini göstərir. Şəhərdə bir sıra tarix-mədəniyyət abidələrinin bərpası prosesi gedir. Vaqifin məqbərəsinin bərpası yay aylarında başa çatacaq. Onu da əlavə edim ki, bərpa prosesində xarici mütəxəssislərin təcrübəsindən də istifadə ediləcək. Bir sıra ölkələrin bu sahədə fəaliyyət göstərən şirkətlərinin də işlərə cəlb edilməsi nəzərdə tutulur.

Bu il Şuşada Vaqif poeziya günlərinin keçirilməsi də nəzərdə tutulur. Türk dünyası təşkilatları da bu tədbirlərə dəstək vermək, yaxından iştirak etmək istəyirlər. Şuşa ilə bağlı çox əhəmiyyətli bir təklif ICESCO-dan gəldi. Təşkilatın rəhbərinin bu ilin yanvar ayında ölkəmizə səfəri zamanı Şuşanın “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi təklif olundu. Eyni zamanda TÜRKSOY təşkilatı Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini təklif etdi. Bu da Türk-İslam dünyasının qədim Şuşa şəhərinin mədəni zənginliyinə diqqətinin göstəricisidir.

– Türk dünyasından söz düşmüşkən, nazir vəzifəsində ilk rəsmi səfəriniz Türkiyəyə oldu. Bu səfərin nəticələri olaraq qardaş ölkə ilə mədəniyyət sahəsində əməkdaşlıq barədə nə deyərdiniz?

– Qardaş Türkiyə ilə mədəniyyət sahəsində həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində geniş əməkdaşlıq imkanları mövcuddur. Ortaq tarix və dəyərlərimizə əsaslanan bu əməkdaşlıq dövrün tələbi olmaqla bərabər, ölkələrimizin bütün maraqlarını tam şəkildə ehtiva edir. Martın 1-dən 3-dək nazirliyin geniş nümayəndə heyəti ilə Türkiyə səfərimiz gerçəkləşdi. Ankara və İstanbulda çoxsaylı görüşlərimiz oldu. Səfər zamanı iki ölkə arasında mədəniyyət üzrə birgə komissiyanın iclası keçirildi. İncəsənət, muzey, kitabxana işi, kino sənayesi və s. sahələrdə əməkdaşlığa dair faydalı müzakirələr aparıldı. İclasın yekun protokolu da mədəniyyətin bütün spektri üzrə gələcək birgə fəaliyyətimizi əhatə edir.

Məqsədimiz Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirmək, bir çox məsələlər üzrə təcrübə mübadiləsi aparmaqdır. Xüsusilə də kino sahəsi üzrə birgə layihələr həyata keçirməyi planlaşdırırıq. Vətən müharibəsində əldə etdiyimiz zəfərin həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliğində kino layihələri mühüm rol oynaya bilər. Bu məqsədlə ortaq layihələr həyata keçirmək istəyirik. Türkiyə tərəfi də bu sahədə işbirliyinə böyük önəm verir. Türkiyənin film istehsalı ilə məşğul olan aparıcı şirkətləri ilə əlaqə yaratmışıq. Birgə filmlərin çəkilişlərində Azərbaycan tərəfindən həm aktyorlar, həm də rejissorlar iştirak edəcəklər. Məlumdur ki, Türkiyənin kino sənayesi son dövrlərdə çox inkişaf edib. Türk filmləri, serialları dünyada maraqla qarşılanır. Biz də bu təcrübədən yararlanmaq istəyirik.

Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri türkiyəli həmkarları ilə muzey əşyalarının qorunması, elmi tədqiqatı, muzeylərin maarifləndirici xüsusiyyətləri və təhsildə rolu, birgə sərgilərin təşkilini müzakirə etdilər. Görüşlərdə media-kommunikasiya sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, iki ölkənin birgə layihələrinin Türkiyə mətbuatında işıqlandırılması, habelə teatr sənəti sahəsində əməkdaşlıq, müştərək layihələrin həyata keçirilməsi, kitabxanaların rəqəmsallaşdırılması və vahid elektron kitabxana sisteminin qurulması prosesində qardaş ölkənin təcrübəsinin tətbiqi imkanları və s. məsələlərlə bağlı müzakirələr aparıldı. Əminəm ki, bu danışıqlar, görüşlər çox faydalı oldu və gələcək əməkdaşlığımıza töhfə verəcək bir başlanğıcdır.

Müsahibəni apardı: Mehdi MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

XƏBƏRLƏR

24.09.2021 18:28
Tarixi mənbə və nümunələr əsasında hazırlanan milli geyimlərə baxış keçirilib
24.09.2021 16:29
“Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib
24.09.2021 14:01
Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı ilə bağlı Mədəniyyət Nazirliyinin məlumatı
24.09.2021 11:53
Ağdamda konsert təşkil olunub
23.09.2021 16:43
“Üzeyir sənətinin gənclik sədaları” layihəsinin növbəti konserti baş tutub
23.09.2021 14:24
Gəncədə milli-xalq musiqi axşamı keçirilib
23.09.2021 12:57
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası “Baku International Book Fair 2021” keçiriləcək
23.09.2021 11:04
XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində simfonik musiqisi axşamı keçirilib
22.09.2021 15:09
“Üzeyir Hacıbəyli və Müslüm Maqomayev” mövzusunda elmi konfrans keçirilib
22.09.2021 12:05
XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi axşamı keçirilib
21.09.2021 17:19
“Milli musiqi xəzinəmizdən” layihəsinin təqdimatı keçirilib
21.09.2021 11:42
Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının üçüncü günü kamera musiqisinə həsr olundu
21.09.2021 11:32
Mədəniyyət Nazirliyi "İslam irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim edir: Şamaxı Cümə məscidi
20.09.2021 15:29
Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib
20.09.2021 13:46
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Balet, ömrüm mənim” filmi nümayiş olunub
20.09.2021 11:39
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilib
20.09.2021 11:30
“Üzeyir Hacıbəyli ənənələrinə sadiq qalaraq musiqimizi inkişaf etdirməliyik”
20.09.2021 11:24
Milli Konservatoriyada musiqi bayramı qeyd edildi
20.09.2021 10:44
Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin məzarı önündə mərasim keçirildi
17.09.2021 19:12
Anar Kərimov Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
17.09.2021 17:27
Mədəniyyət naziri Anar Kərimov Macarıstanın xarici işlər naziri ilə görüşüb
17.09.2021 14:52
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Gənc teatr prodüserləri üçün laboratoriya”ya qəbul elan edir
17.09.2021 14:05
Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti TÜRKSOY-un Daimi Şurasının 38-ci iclasında iştirak edib
17.09.2021 12:24
Ukraynada Azərbaycan diaspor nümayəndələri ilə görüş keçirildi
16.09.2021 17:25
Mədəniyyət naziri İCCROM-un icraçı direktoru ilə işğaldan azad olunmuş ərazilərdə abidələrin bərpasını müzakirə edib
16.09.2021 16:30
Anar Kərimov Özbəkistanda UNESCO Baş direktorunun müavini ilə görüşdü
16.09.2021 16:17
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatı
16.09.2021 14:43
Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılış mərasimi olub
16.09.2021 12:36
Ukraynanın Xarkov vilayəti Azərbaycanla mədəni əməkdaşlığı genişləndirmək istəyir
16.09.2021 10:49
Mədəniyyət naziri Anar Kərimov Özbəkistanda bir sıra görüşlər keçirib
15.09.2021 19:41
Mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir
15.09.2021 17:14
TİKA-nın Bakı üzrə yeni koordinatoru Fatih Yılmaz ilə görüş keçirilib
14.09.2021 15:20
Mədəniyyət naziri Dinlərarası Dialoq Forumu çərçivəsində “Təhsil və Dini müxtəliflik” mövzusunda keçirilən sessiyada çıxış edib
13.09.2021 17:25
Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı
13.09.2021 15:50
Mədəniyyət naziri Bolonyada İCESCO-nun baş direktoru ilə görüşüb