Yanvarın 20-də Ağcabədi rayonunda Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanında ümumrayon anım tədbiri keçirilmişdir. Anım tədbirində Ağcabədi rayon İcra Hakimiyyəti başçısı, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəhbər və işçi heyəti, region üzrə mədəniyyət müəssisələrinin əməkdaşları, rayon sakinləri, hərbi hissələrdən dəvət olunmuş bir qrup əsgər və zabit heyəti iştirak etmişdir.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Ağcabədi Mədəniyyət Mərkəzinin işçisi Gündüz Nəcəfov çıxış edərək 1990-cı ilin Yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin, xüsusi təyinatlı dəstələrinin, daxili qoşunlarının iştirakı ilə həyata keçirilmiş təcavüz nəticəsində Bakı şəhərində dinc əhaliyə divan tutulmasından, yüzlərlə həmvətimizin bu terrorun qurbanına çevrilməsindən danışmışdır. “Həmin gecə həlak olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, milli müstəqilliyi üçün işıqlı yol açdılar” – deyə o qeyd etmişdir.
Daha sonra Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun gənc vətənpərvər üzvlərinin ifasında “Zəfər gecəmiz” adlı ədəbi-bədii şeir kompozisiyası təqdim edilib.