Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 25 fevral 2020-ci il tarixində, saat 19:00-da S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçinin “Akvariuma xüsusi sifariş” əsəri əsasında hazırlanan tamaşanın - birhissəli absurd komediyanın premyerasını təqdim edəcək.
Tamaşanın bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, quruluşcu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.
Rollarda Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, Əməkdar artist Tünzalə Əliyeva, aktyorlar Anar Buludov, Bəhruz Hikmətoğlu, Müdvər Nemətova, Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova, Arzuman Tanrıverdi, Rövşən Cəfərov və Zəki Fətəliyev çıxış edəcəklər.
Bəzən adam elə gəlir ki, bu dünyaya xüsusi sifarişlə gəlib. Əlbəttə hər kəsin bir missiyası var. Lakin bu missiyanı özündə duymaq və icra etmək müşkülə çevrilir. Çünki, biz zaman müstəvisində çarəsizləşirik. Bütün bunlara baxmayaraq biz nə isə etməliyik. Biz yox olduğumuz zaman var olacağımızdan xəbərsiz idik, amma var olduğumuz zaman nə vaxtsa "yox" olduğumuzu anlayırıq. Hətta deyirlər ki, biz bu dünyaya gələrkən mələklər qulağımıza nəsə pıçıldayır. Əfsus ki, biz doğularkən o pıçıltıları unuduruq. Bu mənada biz həyatın mənasını dərk etməyə çalışmalıyıq. Hər şey nisbidir. Nə axtarırıq? Həqiqət? Həqiqət necə olur? Kimə, nəyə bənzəyir? Cavab tapmaq çətindir. Qeyri səlis məntiq nəzəriyyəsi ilə absurd janrında hazırlanan bu mistik hadisədə həqiqəti güdəcəyik. Gəlin bu akvariumda bir az da yoxluğu dadaq. Onsuz da varlığımız bizi çarəsiz buraxıb.