Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbir
Bülbülün Memorial Muzeyində Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Qonaqları salamlayan muzeyin direktoru Fərqanə Cabbarova qeyd etdi ki, 11 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. O, ənənəvi olaraq dahi Bülbülün doğum gününün onun 1937-ci ildən ömrünün sonunadək yaşayıb-yaratdığı evdə keçirildiyini və hər il olduğu kimi bu il də buraya Bülbülsevərlərin, Bülbül ailəsinə dəyər verən şəxslərin toplaşdığını vurğuladı.
Muzeyin direktoru xalq xanəndəsindən professional vokal ustasına kimi böyük yaradıcılıq yolu keçən Bülbülün Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyduğunu, dünya musiqi sənətində parlaq səhifələr yazdığını qeyd etdi.
Tədbir iştirakçıları Bülbül yaradıcılığından, onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən söhbət açdılar.
Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Respublikanın əməkdar artistləri Afaq Abbasova və Fərid Əliyev, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri beynəlxalq və respublika müsabiqələr laureatları Rüstəmbəyli Əli, Rüstəmbəyli Cavanşir, İsgəndərli Sona, xanəndə Hüseynov Kənan Bülbül repertuarından çıxışlar etdilər.