Azərbaycanı qarış-qarış gəzən Bakı Uşaq Teatrı bu dəfə yeni teatr mövsümünün açılışını Qusarda, Şahdağ Turizm Mərkəzində edəcək. Mərasimin 26 sentyabr 2017-ci ilə təyin olunması da təsadüfi deyil. Məlum olduğu kimi, sentyabrın 26-ı (1141) dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olduğu gündür. Qardaş Türkiyədə isə, həmin tarix (1932-ci ildən) Türk Dili Bayramı kimi qeyd olunur. Açılışda balaca seyrçilərə türk nağılı əsasında rejissor İlhamə Əhmədovanın quruluş verdiyi “Pəltək Cücə” tamaşası təqdim olunacaq. Mərasim illuzionist Tofiq İsgəndərlinin iştirakı ilə şou-proqramla davam edəcək.
Tamaşaçıların Şahdağ Turizm Mərkəzinin və Bakı Uşaq Teatrının hazırladıqları müxtəlif hədiyyələri, kitab və dərs ləvazimatlarını qazanmaq şansı da olacaq. Sonda Komleks üzrə infotur keçirilməsi nəzərdə tutulur.