Sentyabrın 21-də Azərbaycan Yazıçılar Birliyində (AYB) qurumun sədri, Xalq yazıçısı Anara Bəstəkarlar İttifaqının “Üzeyir Hacıbəyli” medalının təqdimetmə mərasimi keçirildi.
Tədbirdə çıxış edən ittifaqın sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə bu il Bəstəkarlar İttifaqı tərəfindən Üzeyir Hacıbəyli adına medalın təsis olunduğunu bildirdi. Qeyd etdi ki, medalın Anar müəllimə təqdim olunması xüsusi əhəmiyyətə malikdir: “Çünki biz heç vaxt kinoda Üzeyir bəy obrazını görməmişdik. Dahi bəstəkarın obrazını ilk dəfə kinoya gətirən məhz Anar müəllim oldu. Biz bəstəkarı yalnız portretlərdə görmüşdük. Anar müəllimin “Üzeyir ömrü” filmi bizə böyük musiqiçinin bədii obrazı ilə yaxından tanış olmaq imkanı yaratdı. Bu film Üzeyir bəyin uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Tamaşaçılar görkəmli sənətkar, mübariz ziyalı keyfiyyətlərinin hamısını Üzeyir Hacıbəylidə görür və dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Filmdə, həmçinin bəstəkarın ayrı-ayrı əsərləri, o cümlədən "Leyli və Məcnun", "Koroğlu" operaları və "Arşın mal alan" operettasının səhnə taleyi də öz əksini tapıb”.
Firəngiz Əlizadə bildirdi ki, Anar müəllimin qələmindən dahi bəstəkara həsr edilən çoxsaylı əsərlər meydana gəlib: “Biz bu əsərləri oxuyaraq Üzeyir bəyin yaradıcılığı ilə daha da yaxından tanış olmaq imkanı qazanmışıq. “Üzeyir ömrü” filmində bəstəkarın obrazının yaradıcısı mərhum sənətkarımız Hüseynağa Atakişiyevin bu rola dəvət alması və işinin öhdəsindən məharətlə gəlməsini də xüsusi qeyd etmək yerinə düşər. Biz Anar müəllimə bu fəaliyyətinə görə minnətdarıq. Çox çətin həyat yaşayan Üzeyir bəyin böyük ideyaları daim yaşayacaq”.
Qeyd olundu ki, Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı gedişində medalın təqdimatı Anar yaradıcılığı və Üzeyir bəy ənənələri kontekstində böyük əhəmiyyətə malikdir: “Əminik ki, bu medalın ən layiqli daşıyıcılarından biri də məhz Anar müəllimdir”.
Sonra Bəstəkarlar İttifaqının sədri medalı yazıçıya təqdim etdi.
Xalq yazıçısı bu təltifə layiq görüldüyünə görə Firəngiz xanıma təşəkkürünü bildirdi. Vurğuladı ki, ədəbiyyat və kino sahəsində gördüyü hər bir iş qəlbinin və arzularının istəyi ilə reallaşıb: “Bu gün Üzeyir bəyin adını daşıyan medalın mənə təqdim edilməsindən çox məmnunam. Üzeyir Hacıbəyli böyük bəstəkar olmaqla bərabər, həm də görkəmli yazıçı və ictimai xadim idi. O, Azərbaycan idealları üçün yaşayıb-yaradan əsl vətənpərvər idi”.
Uşaq yaşlarında Üzeyir bəylə görüşlərini xatırladan Xalq yazıçısı təqdim edilən mükafatın onun üçün çox dəyərli olduğunu vurğuladı.
Daha sonra mərasim Azərbaycan musiqisi və ədəbiyyatı mövzusunda müzakirələrlə davam etdi.