Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə təşkilatçılığı ilə Xidmətin Cəzaçəkmə müəssisələrində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan filmlərinin təqdimatları həyata keçirilmişdir.
Dekabrın 22-də Qadın İslah Müəssisəsində “Həddən artıq uyğunluq”, 16 saylı Cəzaçəkmə müəssisəsində “Vəkil hanı?”, dekabrın 27-də isə 11 saylı Cəzaçəkmə Müəssisəsində “Xeyirlə şərin rəqsi” bədii filmləri nümayiş etdirilmişdir.
Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndələri, filmlərin yaradıcı heyətlərinin üzvləri iştirak etmişlər.
Qeyd edək ki, “Həddən artıq uyğunluq” və “Vəkil hanı?” filmlərinin quruluşçu rejissoru Ülviyyə Könül, “Xeyirlə şərin rəqsi” filminin quruluşçu rejissoru isə Yavər Rzayevdir.
Hər üç film dövlət sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmişdir.