Mayın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr edilmiş orqan musiqisi axşamı keçirildi.
Əvvəlcə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Həcər Babayeva çıxış edərək dahi bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrindən danışdı. O, həmçinin Əməkdar artist Rəna İsmayılovanın ifaçılıq fəaliyyəti haqqında məlumat verdi.
Bildirdi ki, R.İsmayılova Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) istedadlı orqançalan, professor Zara Cəfərovanın sinfi üzrə bitirdikdən sonra təhsilini Moskva Dövlət Konservatoriyasının aspiranturasında professor Leonid Royzmanın sinfində davam etdirib.
Avropanın bir çox şəhərlərində konsert səfərlərində olub, konservatoriyanın orqan musiqisi sinfində dərs deyib. Hazırda R.İsmayılova Almaniyanın Köln şəhərində yaşayır və Almaniya şəhərlərində konsert verməyə davam edir. Rəna xanım Azərbaycan bəstəkarları tərəfindən orqan üçün yazılmış bir çox əsərlərin ilk ifaçısıdır.
Sonra Rəna İsmayılovanın ifasında konsert proqramı təqdim olundu.
Proqramda Qara Qarayevin "Zamanın bayraqdarı", "Don Kixot" simfonik qravürlərindən iki fraqment, Vasif Adıgözəlovun "Muğam-fantaziya", Aqşin Əlizadənin "Muğam sədaları", Fərhəng Hüseynovun "Mərasimlər" (I hissə) əsərləri səsləndirildi. Eləcə də Elnarə Dadaşovanın "Süsən sünbül" mövzusunda variasiyalar, İlyas Mirzəyevin "Der Sonnenaufgang", Cəlal Abbasovun "Qara Qarayevin xatirəsinə postlüdiya" və Firəngiz Əlizadənin "Fantaziya" əsəri ifa olundu.