Gənc Tamaşaçılar Teatrıda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şou-proqram təqdim olunacaq
Mart ayının 8-də saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şou-proqram təqdim olunacaq.
Teatrın istedadlı aktyoru, Rusiya Federasiyası Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədovun teatrın bütün xanım əməkdaşlarının şərəfinə verdiyi konsert proqramı artıq ənənə halını alıb. 8 Mart ərəfəsində baş tutan konsertin əsas məqsədi xanımların zövqlərini oxşayacaq musiqi nömrələri təqdim etmək, onlara yadda qalan bayram yaşatmaqla məişət problemlərindən uzaqlaşdırmaqdır. Şou gecədə bayramın səbəbkarlarına İlham Əsədovun ifasında Azərbaycan xalq və müasir musiqiləri ilə yanaşı dünya xalqlarının dillərində mahnılar, teatrın kişi aktyorları tərəfindən hazırlanmış maraqlı səhnəciklər təqdim ediləcək. 8-ci ildir ki təqdim edilən konsert proqramında tamaşaçıları sürpriz qonaqlarla görüş də gözləyir.
Biletləri mərkəzləşdirilmiş kassalardan və "Asan xidmət" filiallarından əldə edə bilərsiniz.