Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev 2019-cu il dekabrın 10-da ömrünün 82-ci ilində vəfat etmişdir.
Yalçın Əfəndiyev 1937-ci il iyul ayının 24-də Bakı şəhərində anadan olmuşdur. Bakıdakı 6 nömrəli məktəbdə orta təhsil alan sənətkar 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsini, 1966-cı ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (indiki Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) Rejissorluq fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1960-cı ildə başlayan Y.Əfəndiyev 1966-cı ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışmış, 1983-1986-cı illərdə kinostudiyada sənədli filmlər birliyinin direktoru, 1991-1994-cü illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin bədii rəhbəri vəzifələrində işləmişdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər dərs deyən professor Y.Əfəndiyev gənc kinematoqrafçılar nəslinin yetişməsində və yüksək ixtisaslı peşəkar kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmişdir.
Azərbaycan kinorejissorluq məktəbinin görkəmli nümayəndəsi Yalçın Əfəndiyev milli kinematoqrafiyamızın inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır.
Onun özünəməxsus yaradıcılığı Azərbaycanın zəngin kino sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir. Dünya kino irsinin nailiyyətlərindən uğurla bəhrələnərək ayrı-ayrı illərdə yaratdığı qiymətli ekran əsərləri Y.Əfəndiyevə şöhrət qazandırmışdır. Y.Əfəndiyevin Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən filmləri öz kinematoqrafik zənginliyi, ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə tamaşaçıların zövqünün formalaşdırılmasına xidmət etmiş, milli kinematoqrafiyanın təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilmişdir.
Rejissorun Azərbaycan kinematoqrafiyasının inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş, o, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, “Azərbaycan Komsomolu mükafatı” ilə təltif olunmuşdur.
Görkəmli kinorejissor, gözəl pedaqoq və səmimi insan Yalçın Heydər oğlu Əfəndiyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!