Görkəmli Azərbaycan şair-dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə Lənkəran Dövlət Dram Teatrında tədbir keçirilib.
Lənkəran Dövlət Dram Teatrı ilə Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkil etdikləri tədbiri giriş sözü ilə açan universitetin prorektoru, dosent Kamran Kazımov Hüseyn Cavidin Azərbaycan ədəbiyyatındakı mövqeyindən, təkrarsız və əbədiyaşar poeziyasından bəhs edərək, ədibin yaradıcılığını ədəbiyyatımızın zəngin söz xəzinəsi kimi dəyərləndirib.
Daha sonra LDU-nun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının dosenti Mirhüseyn Abbas şair-dramaturq Hüseyn Cavidin keşməkeşli həyat və yaradıcılıq yolu, zəngin ədəbi irsi, dahi sənətkarın Azərbaycan ədəbiyytaında yer barədə geniş məruzə ilə çıxış edib. Məruzədə dahi ədibin yaradıcılığı ətraflı təhlil edilib, milli ədəbiyyatımızın inkişafında göstərdiyi xidmətləri yada salınıb.
Rəsmi hissədən sonra teatrın aktyorlarının ifasında Hüseyn Cavidin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Görkəmli şair-dramaturqun əsərlərindən parçaları respublikanın Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sücəddin Mirzəyev, artistlərdən Allahverən Babayev, Miraslan Ağayev, Şəbnəm Hüseynova, Səyad Əliyev, Günel Abbaszadə və digərləri ifa ediblər.
Qeyd edək ki, maraqla qarşılanan yubiley tədbirinə quruluşu Lənkəran teatrının rejissoru, respublikanın Əməkdar artisti Adil Zeynalov verib.