Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi Qrupunun ilk iclası keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq
Azərbaycan Respublikasının Turizm Şurası yanında Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi Qrupu yaradılmışdır. İşçi qrupunun yaradılmasında əsas məqsəd hədəf ölkələrlə gediş-dönüş hava nəqliyyatı xidmətləri üzrə müxtəlif liberallaşdırma mexanizmlərinin təhlil olunması, ölkənin aviasiya qanunvericiliyinin zəruri hallarda Avropanın aviasiya qanunvericiliyinə uyğunlaşdırılması, Bakı şəhərinin marketinq və kommunikasiya planı əsasında hədəf ölkələrdən turistlərin həftəsonu Bakıya daha rahat səfərinin təşkili və gözləntilərinin daha yaxşı qarşılanması üçün mövcud uçuş cədvəllərinin optimallaşdırılması, ölkə və regionların liberallaşdırılmış hava xidməti sazişinə daxil edilməsi məsələsinə dair təkliflərin hazırlanması və bu sahə üzrə digər mühüm məsələlərin həllidir.Bununla əlaqədar olaraq, 19 iyun 2017-ci il tarixində İşçi Qrupunun ilk toplantısı keçirilmiş, baş tutmuş tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin və Azərbaycan Konqreslər Bürosunun Şuraya üzv nümayəndələri iştirak etmişlər.
İclası giriş sözü ilə açan Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirlinin müavini Nazim Səmədov hava nəqliyyatı sahəsində inkişafın ölkəmizə turist axının davamlılığının təmin edilməsindəki vacib rolunu qeyd edərək, bu sahənin inkişafı ilə əlaqədar təşkilatların birgə fəaliyyəti və məlumat mübadiləsinin əhəmiyyətindən söz açmışdır.
Görüşdə ölkəmizdə mövcud hava limanlarına yerli və xarici aviadaşıyıcılar tərəfindən edilən uçuşlar, yaxın gələcəkdə fəaliyyətə başlayacaq yeni hava əlaqələri, Avropa İttifaqı ilə Azərbaycan arasında ortaq hava məkanı sazişinin layihəsinin mövcud vəziyyəti və digər məsələlər müzakirə edilmişdir.