Noyabrın 8-də metronun “İçərişəhər”, “Elmlər Akademiyası” stansiyalarının giriş və çıxışlarında “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsi yerli sakinlərə və şəhərimizin qonaqlarına paylanılıb.
Layihə Mədəniyyət Nazirliyi və “ASAN Könüllüləri" təşkilatının dəstəyi ilə həyata keçirilib.
Paytaxtın mədəni həyatını özündə təcəssüm etdirən nəşr maraqla qarşılanıb. Sakinlər onları maraqlandıran suallarla Mədəniyyət Nazirliyinin nümayəndələrinə və “ASAN Könüllüləri”nə müraciət ediblər.
Qeyd edək ki, günün birinci yarısında “Mədəniyyət+Afişa” 1 saylı “ASAN Xidmət” mərkəzində pulsuz olaraq paylanılıb.
Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanaraq nəşr olunan “Afişa” əlavəsində Bakı şəhərindəki teatr və konsert müəssisələrinin aylıq repertuarı, sərgi salonlarının, kino nümayişi mərkəzlərinin afişası ətraflı şəkildə oxuculara təqdim olunur. Nəşrin səhifələrində hər kəs öz zövqünə, maraq dairəsinə, ən əsası isə, istədiyi günə, saata uyğun tamaşa, film, sərgi, konsert və s. tapa, vaxtını mənalı və səmərəli dəyərləndirə bilər.