18 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Nazim Səmədov Expedia şirkətinin nümayəndələrini qəbul edib.
Ölkəmizdə turizm sahəsində yüksək inkişaf dinamikasını və ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlaması, beynəlxalq turizm bazarına inteqrasiya olunmasını və bunun nəticəsində xarici qonaqların xüsusən ərəb turistlərinin ölkəmizə səfərlərini nəzərə alaraq hotel bronlaşması, avia bilet satışı, kruiz gəmilərinin sifarişi, rent a car və s. xidmətləri göstərən Expedia şirkətinin nümayəndələri ölkəmizlə də əməkdaşlıq etmək niyyətində olduqlarını bildirmişdir.
Nazim Səmədov Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan etməsi, ölkəmizə gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi məqsədi ilə yaradılmış Asan Viza Sistemi, eyni zamanda bu sahədə son illərdə ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən ölkə başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” barəsində məlumat vermişdir.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsəlləri geniş şəkildə müzakirə olunmuşdur.