Bu il məşhur rus bəstəkarı və pianoçu S.V.Raxmaninovun 145 illiyini bütün dünya qeyd edir. Yubiley ili çərçivəsində L. və M.Rostropoviçlərin ev muzeyi də konsert proqramı ilə, fortepiano və violonçel əsərlərindən ibarət musiqi gecəsi keçirdi.
Gecəni Əməkdar Mədəniyyət işçisi, ev-muzeyinin direktoru Şeyla Heydərova açdı.
Konsertdə Respublikanın Əməkdar Artisti, violonçel ifaçısı A.Miltıx, Beynəlxalq Müsabiqələr Laureatı S.Tağızadə və Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak etdilər. Konsert proqramında S.V.Raxmaninovun “Vokaliz”, “Violonçel üçün Sonata”, “Elegiya”, “Musiqili an”, “Etüd-Lövhə op.39”, “3 Prelüd” əsərləri ifa olundu.
Tədbirdə həmçinin S.V.Raxmaninovun həyat və yaradıcılığına həsr olunmuş sənədli filmlərdən fraqmentlər, mövzu ilə əlaqədar nadir şəkillər əsasında hazırlanmış slayd-şou təqdim olundu. Qeyd etmək istərdik ki, muzeyin fondunda S.Raxmaninova aid unikal materiallar: XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid notlar, “ERATO”, “SONY”, “GALLERİA”, firmasına aid unikal CD-lər, kitab və foto materiallar yer alır.
Gecədə Rusiya Federasiyasının Azərbaycandakı Səfiri M.N.Boçarnikov, Ü. Hacıbəyli adına BMA-nın Nəzəriyyə Kafedrasının Müdiri, professor K.Nəsirova, “Vestnik Kavkaza” Federal İnformasiya Agentliyinin, Azərbaycan nümayəndəliyinin rəhbəri O.Yolçuyev, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndəsi, memorial muzeylərin və musiqi məktəblərinin direktor və əməkdaşları qonaqlar qismində iştirak etdilər.
Tədbir, M.Rostropoviçin müşayiəti ilə görkəmli opera ifaçısı Qalina Vişnevskayanın ifasında S.Raxmaninovun “Vokaliz” əsərinin sədaları altında yekunlaşdı.