Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
496

“Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirildi

Mayın 11-də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş “Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı.

“ASAN Radio”nun direktoru Emin Musəvi tədbiri açaraq layihə haqqında məlumat verdi. Bildirdi ki, “Sevdiyim” layihəsi “ASAN Xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə reallaşıb. Layihənin məqsədi tarixi ənənələrin qorunması və təbliği, milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsidir. Layihə çərçivəsində görkəmli şair, dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunmuş “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip ərsəyə gəlib. Əsərin bəstəkarı və ifaçısı Əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.

Üçrəngli bayrağımız nüfuzlu beynəlxalq təşkilatlarda dalğalanır

Mərasimdə çıxış edən Prezidentin köməkçisi Fuad Ələsgərov tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, müstəqil Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi kimi ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918-ci il noyabrın 9-da təsdiq edilib. Lakin Cümhuriyyətin süqut etməsinə baxmayaraq, Azərbaycan xalqı bayrağımızı daim öz qəlbində yaşadıb və 70 il sonra ona bir daha sahib çıxıb. 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Həmin gün dövlət bayrağımız sessiyaya gətirildi və muxtar respublikanın Ali Məclisində ucaldılıb: “Bu, çox cəsarətli və fədakar addım idi. Çünki o zaman Azərbaycan hələ də Sovet İttifaqının tərkib hissəsi idi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim müstəqilliyə gedən yolumuz məhz həmin gündən başlamışdır”.

Fuad Ələsgərov qeyd etdi ki, ümummilli lider Heydər Əliyev üçrəngli bayrağımıza sadəcə dövlət rəmzi kimi yox, dünya azərbaycanlılarını birləşdirən simvol kimi dəyər verirdi. O deyirdi: “Kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını, işğal edilmiş torpaqlarının azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir”.  Qeyd olundu ki, üçrəngli bayrağımızın Azərbaycan dövləti tərəfindən təsdiq edilməsi barədə məsələ Azərbaycanın Ali Soveti qarşısında məhz ümummilli liderimiz tərəfindən qaldırılıb. Yalnız bundan sonra, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib.

Prezidentin köməkçisi bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla hər il 9 noyabr tarixi ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlətimizin başçısı 2007-ci il noyabrın 17-də “Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” sərəncam imzalayıb və 2010-cu il sentyabrın 1-də dünyanın ən hündür bayrağının ucaldığı Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Prezidentinin üçrəngli bayrağımız barədə fəxrlə dediyi sözlər hamımızın yaddaşına həkk olunub. Dövlət başçısı mərasimdə deyib: “Bizim bayrağımız qürur mənbəyimiz, canımız, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Fuad Ələsgərov qeyd etdi ki, artıq 28 ildir üçrəngli bayrağımız enmədən başımız üzərində dalğalanır. Ümummilli liderimizin dəfələrlə dediyi kimi, Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o, bizim dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Qürur hissi ilə deyə bilərik ki, bu gün bu bayraq adi dövlətin deyil, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlər vermiş, dünyaya özünü tanıda bilmiş, güclü iqtisadiyyat qurmuş, regionda aparıcı qüvvəyə çevrilmiş dövlətin bayrağıdır. Prezident İlham Əliyevin söylədiyi kimi, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı görsəydilər, fəxr edərdilər. Bu nailiyyətlərin əldə edilməsinə görə Azərbaycan xalqı, əlbəttə ki, ilk növbədə, müasir dövlətimizin qurucusu olan ulu öndər Heydər Əliyevə borcludur. Bu gün ulu öndərin siyasəti Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderin qoyduğu təməllər üzərində güclü dövlət qurulub. Azərbaycanda siyasi sabitlik hökm sürür, iqtisadiyyat inkişaf edir və müstəqil xarici siyasət aparılır. Üçrəngli bayrağımız BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların üzərində dalğalanır.

Prezidentin köməkçisi diqqətə çatdırdı ki, müasir Azərbaycanın əldə etdiyi əsas uğurlardan biri də güclü ordunun yaradılmasıdır. Hazırda Azərbaycan Ordusu müasir silahlarla təchiz edilmiş, yüksək döyüş hazırlığına malik, Ali Baş Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadir, qüvvətli bir ordudur: “Bu ordu öz gücünü 2016-cı ilin aprel döyüşlərində göstərdi və üçrəngli bayrağımızı düşməndən azad edilmiş torpaqlarda ucaltdı. Əminik ki, çox yaxın zamanlarda, Azərbaycanın dahi dramaturqu Cəfər Cabbarlının sözləri ilə desək, “yaşıl donlu, mavi gözlü, al yanaqlı” bayrağımız Şuşada, bütün Qarabağda dalğalanacaq”.

Fuad Ələsgərov Azərbaycanın dövlət bayrağına həsr edilmiş bu gözəl layihənin ərsəyə gəlməsində xidməti olmuş “ASAN Xidmət”ə, “ASAN Könüllüləri”nə, “ASAN Radio”ya və klipin bütün yaradıcı heyətinə təşəkkürünü bildirdi.

“Heydər Əliyev siyasəti Azərbaycanı parlaq gələcəyə aparır”

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək layihənin əhəmiyyətini yüksək qiymətləndirdi. Bu günlərdə dünya azərbaycanlılarının ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyini geniş şəkildə qeyd etdiyini söyləyən nazir ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etdi. Vurğuladı ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Vətəninə və xalqına əvəzsiz xidmətləri ilə əbədilik qazanmış ümummilli lideri – Heydər Əliyevi var. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq xalqımızın taleyinə təsir göstərən əhəmiyyətli addımlar atıb: “Ümummilli lider Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Onun Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü misilsiz işlər heç vaxt unudulmayacaq. Ulu öndər dövlət rəmzlərini, xüsusən, dövlət bayrağını həmişə diqqət mərkəzində saxlayıb. O, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu. Bu gün Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət, irəli sürdüyü hər bir təşəbbüs ölkəmizi daha da inkişaf etdirir, daha parlaq gələcəyə aparır”.

Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, 2018-ci il ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisələrlə zəngindir. Prezident seçkiləri, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin, ordumuzun, parlamentimizin 100 illik yubileyləri belə mühüm tədbirlərdəndir. Azərbaycan son 100 ildə çox çətin tarixi proseslərdən keçsə də, hazırda öz tarixinin ən şanlı səhifələrini yaşayır: “Ümummilli liderimizin uzaqgörənliyi, müdrikliyi və əzmkarlığı nəticəsində Azərbaycanın müstəqilliyi əbədi və sarsılmaz olub. Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycanın müstəqil olmasına yönəlmişdi. Ulu öndər gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hislərinin aşılanması məsələsini daim diqqətdə saxlayırdı”.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qeyd etdi ki, ulu öndərin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi önəmli hadisələrdir. Bu gün Heydər Əliyev və Xalq Cümhuriyyətini birləşdirən bir çox məqamlar var. Bu məqamlardan ən əsası isə üçrəngli Azərbaycan bayrağıdır. Cümhuriyyətin süqutu ilə üçrəngli bayrağımız endirilsə də, Ulu öndər Heydər Əliyev əsrin sonunda bayrağımızı bir daha enməmək şərti ilə ucaltdı.

Çıxışlardan sonra C.Cabbarlının “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip təqdim olundu.

Əməkdar artist Tünzalə Ağayeva kliplə bağlı təəssüratlarını bölüşdü: “Biz xoşbəxt xalqıq ki, müstəqilliyimizin 100 yaşını qeyd edirik. Bu gün biz həm də ulu öndərimizin 95 illiyini qeyd edirik. Ümummilli liderimizin əziz xatirəsi həmişə qəlbimizdədir və onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri bizə ruh verir”.

Klipin rejissoru Ülviyyə Könül belə mühüm bir layihədə iştirak etməkdən qürur duyduğunu bildirdi.

Tədbir konsert proqramı ilə davam etdi.

XƏBƏRLƏR

27.05.2018 17:08
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
25.05.2018 18:44
“Qızıl Ay” Rəsm Kursunun rəssamlarının “AZAD AZƏRBAYCANIM” adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulmuşdur
25.05.2018 18:43
Siyəzəndə X kitab bayramı keçirildi
25.05.2018 18:41
"Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika " adlı musiqili tədbir və sərgi təşkil edilmişdir
25.05.2018 18:40
“Yeddi Səsdən Doğan Sərvət - ELM və MUSİQİ” layihəsi keçirilib
25.05.2018 18:38
“Azərbaycan ədəbiyyatında Mir Cəlal ədəbi irsi” mövzusunda tədbir
25.05.2018 18:37
“Açıq dərs – Açıq fikir” adlı tədbir keçiriləcək
25.05.2018 18:36
“İncəsənət əsərlərinin bərpası və ekspertizası” ixtisasının III kurs tələbələrinə “Türkləşmək, Müasirləşmək və İslamlaşmaq” uğrunda adlı mühazirə keçirilmişdir
25.05.2018 17:39
Ağdaş rayon Tarix-diyarşünaslıq muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilmişdir
25.05.2018 17:02
Qobustan rayon Mədəniyyət Mərkəzində Aşıq Şəmşirin anadan olmasının 125 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
25.05.2018 15:27
Salyanda Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirildi
25.05.2018 11:33
Mədəniyyət naziri Salyanda vətəndaşlarla görüşüb
25.05.2018 11:30
Azərbaycanın tanınmış idmançısına həsr edilən filmin nümayişi olub
25.05.2018 10:10
"Atəşgah məbədi" Dövlət tarix memarlıq qoruğunda “Cümhuriyyətdən müstəqilliyə gedən yol” adlı tədbir keçirilmişdir
25.05.2018 09:17
Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar Bakıda fotosərgi açılıb
24.05.2018 16:24
Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı
24.05.2018 16:16
Qazax rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi AXC-nin 100 illliyinə həsr olunmuş “Gülüstan, Azad Azərbaycan!” adlı ədəbi-bədii gecə keçirib
24.05.2018 10:34
Özbəkistanda keçirilən “Mexricon” uşaq xeyriyyə Festivalında Azərbaycan tərəfi builki iştirakını Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edib
24.05.2018 10:25
Xalq teatrları və dram dərnəkləri: yeni formatlar axtarışında
24.05.2018 10:24
Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
24.05.2018 10:22
“Parisdən məktublar” filmi Penitensiar Xidmətin Mühafizə alayında nümayiş olundu
23.05.2018 18:34
Salyan rayon Mədəniyyət Mərkəzində "Xalq Cümhuriyyəti və Heydər Əliyev ideyaları" mövzusunda tədbir keçirilmişdir
23.05.2018 15:16
Akademik Milli Dram Teatrının kollektivi Mehdi Məmmədovun məzarını ziyarət edib
23.05.2018 14:25
Osetiya Teatrının rəhbəri Musiqili Teatrın qonağı olub
23.05.2018 14:00
Dahi bəstəkarın 100 illiyinə həsr olunan orqan musiqisi axşamı
23.05.2018 13:58
“Azərbaycanım” müsabiqəsinin yekun sərgisi
22.05.2018 18:22
Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivinin uğurlu çıxışları davam edir