22 oktyabr 2018-ci il tarixində Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində növbəti tədbir İsmayıllı rayonunda baş tutdu.
Tədbirdə "Kitab Karvanı”nında uşaq yazarlarından Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Reyhan Yusifqızı və Solmaz Amanova iştirak etmişlər.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova tədbiri açaraq layihənin məqsədləri haqqında geniş məlumat verdi. Direktor bildirdi ki, “tədbirin keçirilməsində əsas məqsəd, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir”.
Qeyd edək ki, “Nağıl otağı”nda tədbirə qatılan uşaqlar arasında müxtəlif viktorinalar keçirilmiş, qaliblər kitab və jurnallarla mükafatlandırılmışdır. Azyaşlı oxucuların uşaq yazarlarına ünvanladığı maraqlı suallar cavablandırılmış və onların istəklərinə uyğun uşaq əsərlərində yeni personajların yer alması nəzərə alınmışdır.
***
Layihə çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi münasibətilə nəşr olunmuş yeni kitabların, uşaq ədəbiyyatlarının nümayişi və uşaq yazarları ilə imza saatı keçirildi. İsmayıllı Uşaq kitabxanasına F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən son illər nəşr olunan 500-ə yaxın uşaq kitabı, 14 adda metodik vəsait, “Göy Qurşağı” və “Qaranquş” uşaq jurnalları hədiyyə olunmuşdur.
2011-ci ildən bu günə qədər layihə çərçivəsində bölgələrdə keçirilən səyyar kitab sərgiləri azyaşlı və yeniyetmələr üçün geniş marağa səbəb olmuş, ümumilikdə 26 rayonda uşaq kitabxanalarına 23 minə yaxın ədəbiyyat hədiyyə edilmişdir.